Pulsuz namizədlər nə edəcək?

  07 Avqust 2013    Oxunub : 2712
Pulsuz namizədlər nə edəcək?
Bu il oktyabrın 9-da keçiriləcək prezident seçkisində iştirak edəcək namizədlərə dövlət tərəfindən kampaniya üçün vəsait ayrılmayacaq. Mərkəzi Seçki Komisisyasından verilən açıqlamaya görə, Milli Məclisdə qanunvericiliyə dəyişiklik olunub və bu müddəa çıxarılıb. Bu ildən namizədlər yalnız ianələr və öz hesablarına kampaniya təşkil edəcəklər. Bəs prezidentliyə namizəd olacaqlarını açıqlayan partiya sədrəri bu barədə nə düşünür? Pul tapacaqlarmı?
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, dövlətin namizədlərə vəsait ayırmaması onlar üçün çətinlik yaradacaq: “Çünki bu vəsait namizədlərə plakatların hazırlanmasında və digər məsələlərdə xeyli kömək edirdi. Təəssüf ki, ləğv olundu. Əslində seçkinin demokratik olması baxımından ləğv olunmamalı idi. Bunun ortadan qaldırılması namizədlər arasnda bərabərlik prinsipinin posuzlmasına gətirib çıxaracaq məqamlar doğura bilər. Hər halda, münasibətim müsbət deyil”.

Partiya sədri vurğulayıb ki, o, seçkiqabağı təbliğat və təşviqat kampaniyasını ianələr hesabına təşkil edəcək: “Yalnız tərəfdarların ianəsi hesabına seçki kampaniyamızı təşkil edə bilərik. Bundan başqa yol qalmır”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bu fikirdədir ki, bu qərarın həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət cəhəti odur ki, dövlətin maliyyə ayırması belə fikir formalaşdırırdı ki, namizədlər seçkiyə maliyyə üçün qatılıb. Yaxud da onları yalançı müxalifət kimi qiymətləndirirdilər. İndi bu hal aradan qalxacaq. Mənfi tərəfi odur ki, hakimiyyətdə təmsil olunan partiyanın kifayət qədər maliyyə imkanı olduğu halda müxalifət partiyalarında bu imkan olmayacaq”.

Ə.Oruc vurğulayıb ki, o, seçkidə iştirakını elan etməzdən qabaq bu barədə düşünüb: “Biz prezident seçkilərində iştirak barədə qərar qəbul etmədən öncə də bunu bilirdik. Ona görə də, öz resurslarımız hesabına, bər-bəzəkli yox, sadə seçki kampaniyası aparacağıq. İmza toplanma mərhələsində öz üzvlərimiz və tərəfdarlarımızın fəaliyyəti əsasında bu problemi həll etmək istəyirik. Bu işdə maliyyə ehtiyacımız yoxdur. İkinci mərhələdə isə bukletlərin çapı və s. işlərə maliyyə ehtiyacı olacaq, bu zaman da imkan daxilində bu işə vəsait xərcləyəcəyik”.

Klassik xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəloğlu deyib ki, bu qərar psixoloji uyuşmazlıq yaradacaq: “Dövlətin namizədlərə maliyyə ayırmaması bizim üçün seçici, namizəd, təbliğat və s. məsələlərə psixoloji uyuşmazlıq yaradacaq. Seçici öyrəşib ki, onun namizədi realdır. Namizədin arxasında sosial bazası və dövlət tərəfindən təminat olsun. İndi isə bütün namizədlər məcburdur ki, təbliğatı öz hesabına qursun. Bu da Azərbaycan cəmiyyətində birmənalı qarşılana bilməz. Bundan başqa, namizədlərin ciddi gəlirləri yoxdur. Böyük çətinliklər yaradacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadənin isə bu qərara münasibəti belə oldu: “Vəsait olsaydı yaxşı olardı, amma yoxdursa, nə edə bilərik? Bizim onsuz da gözlədiyimiz bir şey yoxdur. Guya hakimiyyət siyasi partiyalara böyük maliyyə ayırırdı? Kiçik maliyyə idi”.

Fatimə KƏRİMLİ

Teqlər: