İlham Əliyev açılış mərasimində

İlham Əliyev açılış mərasimində
  07 Avqust 2013    Oxunub:1025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Kürdəmirlilər adından çıxış edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov respublikamızın, o cümlədən Kürdəmirin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə ən xoş arzularını çatdırdı.

Sonra dövlətimizin başçısı "Kürdəmir şəhərinin su təchizatının planı"nı, "Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin planı"nı və Külüllüsu mənbəyində görülən işləri əks etdirən stendlərə baxdı.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov "Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi və Külüllü su mənbəyi haqqında Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan "Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinə uyğun olaraq əhalini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyindən istifadə olunur. Bu məqsədlə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Külüllü mənbəyindən Kürdəmir şəhərinə saniyədə 120 litr təmiz və keyfiyyətli içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Kürdəmir şəhərində 22,3 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, həmçinin Kürdəmir rayonunun 14, Ağsu rayonunun 13 kəndində 48 min nəfərin su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır.
Qeyd olundu ki, Külüllüdən Kürdəmir şəhərinə və ətraf kəndlərə suyun özaxımlı rejimdə verilməsi məqsədi ilə 27 kilometr uzunluğunda magistral xətt çəkilmiş, tutumu 7,5 min kubmetr olan anbar tikilmişdir. Layihə çərçivəsində tikintisi nəzərdə tutulan 131,5 kilometrlik su şəbəkəsinin 110 kilometrlik hissəsində işlər yekunlaşıb.

Diqqətə çatdırıldı ki, 6 min abunəçinin 1550-si xəttə qoşulub, smartkart tipli ön ödənişli sayğac quraşdırılıb.
Kürdəmir şəhərində inşası nəzərdə tutulan 114,6 kilometrlik kanalizasiya şəbəkəsinin 22 kilometrlik hissəsi tikilib.

Eyni zamanda, şəhərdə toplanacaq tullantı sularının çirkab sutəmizləyici qurğuya özaxımlı rejimdə ötürülməsini təmin etmək üçün 6,3 kilometr uzunluğunda mikrotunel tipli kollektorun inşası və sutkalıq məhsuldarlığı 30 min kubmetr olacaq çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihənin icrasının 2014-cü ildə başa çatdırılması planlaşdırılır.


Sxemlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasim iştirakçıları ilə söhbət etdi.

Sonra dövlətimizin başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.

Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlarını verdi. Sonda xatirə şəkilləri çəkdirildi.

AzVision.az


Teqlər:  





Xəbər lenti