İbrahimbəyov müxalifəti yandırdı – TƏHLİL

  08 Avqust 2013    Oxunub : 1338
İbrahimbəyov müxalifəti yandırdı – TƏHLİL
Rüstəm İbrahimbəyov ölkəyə qayıtmayacaq. Biz bunu Eldar Namazov bu nəhəng maliyyə layihəsini - “əhlikef inqilab” proyektini ələ keçirməyə başlayan gündən yazırıq. “İnqilabın dahi rəhbəri” iyulun 31-də elan etdi ki, Moskva JEK-lərinin birindən hansısa arayışı alandan dərhal sonra öz əzabkeş xalqının yanına qayıdacaq. Amma rəhbər bu arayışı heç cür ala bilmir.

Görünən budur ki, İbrahimbəyov o arayışı Vladimir Vladimiroviç Putinin sehrli çubuğunun bircə hərəkəti sayəsində heç ala da bilməyəcək. Kremlin rəsmi sözçüsü Dmitri Peskov bəyan elədi ki, İbrahimbəyov hələ düz bir il gözləməlidir. Kremlin bu açıqlamasından dərhal sonra isə İbrahimbəyov özü də nəhayət dilə gəlib dedi ki, onun Azərbaycanda görəcəyi heç bir iş yoxdur və o, daha ölkəyə qayıtmayacaq.

Ola bilər ki, İbrahimbəyov Putin hakimiyyətinin xeyirxahlığı sayəsində həmin arayışı hər halda alsın. Amma bu, haradasa sentyabrın axırlarında, əzabkeş xalqın öz siyasi iradəsini bildirmək üçün seçkiyə, səsvermə məntəqələrinə getməyinə sayılı günlər qalanda baş verəcək. İbrahimbəyov da başa düşdü ki, bakıdakılar ondan əllərini üzüb. Başa düşdü ki, onun namizədliyindən heç nə çıxmayacaq. Ölmək və ya həbsxanaya düşüb cinayətkarlarla, narkoman və oğrularla eyni barakda yatmaq dahi dramaturqun ürəyincə deyil. Məhbəsə hətta öz xalqının xilası naminə düşmək lazım gəlsə belə bu, onun ürəyincə deyil. Bu - dəqiqdir: o, Kürdəxanı istintaq təcridxanasından akrtisa Duxovnayaya məktub yazmayacaq...

İbrahimbəyov Azərbaycana bir daha qayıtmayacaq. Bu, “Azərbaycan müxalifətinin babası”nın dünənki etiraf və tövbəsindən sonra gəldiyimiz birinci qənaətdir. İkinci və ən əsas nəticə isə budur. Əvvəllər müxalifətin seçkidə vahid namizədlə iştirak etməsi modeli üzərində israr edən kinorejissor indi bu yeni formulun özünün düzgünlüyünü şübhə altına salır. “Biz İsa Qəmbəri nəyə görə dəstəkləməyək ki?!” deməklə... O, daha sonra bir neçə adamın - Lalə Şövkətin, Mehman Əliyevin... və nəyə görəsə əaylətdən olan saqqallı dindar cəbhəçi Mirmahmud Fəttayevin adını çəkib. Diqqətli oxucular xatırlamamış olmaz, prezidentin bir vaxtlar çox qüdrətli olan əmisi bu personaj barədə haqlı olaraq belə demişdi: “Siz axı əvvəllər şor-pendir satırdınız, qəbiristanlıqlarda çörəkpulu qazanırdınız. Siz də hakimiyyətə gəlmək istəyirsiniz?”

Bəs siz necə, seyid Mirmahmud ağanı İlham Əliyevin siyasi rəqibi kimi təsəvvür edirsinizmi? Bəs İbrahimbəyov özü bunu necə təsəvvür edir? Bəs İbrahimbəyov bir neçə ay əvvəl müxalifətin vahid namizədi kimi sırımaq istədiyi həmkarı Eldar Namazovun adını bu dəfə niyə o siyahıda çəkmir? Bu, nə kələfdir? Burada bəs məntiq hanı?

İbrahimbəyovun dünənki açıqlamasından sonra bir daha aydın oldu ki, müxalifətin hakimiyyətlə mübarizəyə girmək üçün nə strategiyası, nə də taktikası var. Müxalifət Əliyevlə mübarizə meydanına yalnız sırf coşmuş ehtiraslarla çıxır. Bunu dünən sosial şəbəkələrdəki qızğın və əsəbi diskussiyalardan da bir daha gördük. İbrahimbəyovun Qəmbərə güzəştə getməyə hazır olduğunu deməsi İsa Qəmbərin və Əli Kərimlinin tərəfdarları arasında yeni müharibəyə səbəb oldu. Onlar dünən yenə də virtual bir “Varfolomey gecəsi” yaratmışdılar. Yenə də qarşılıqlı ittihamlar, bir-birini yenə də satqınlıqda, opportunizmdə, bir neçə yerə oynamaqda və işləməkdə suçlamaq...

İbrahimbəyov müxalifəti özünün ilkin vəziyyətinə, ilkin düzülüş və konfiqurasiyasına qaytardı. Milli Şura parçalanma həddinə gətirilib çatdırıldı. Bu parçalanma İsa Qəmbərin partiyasının öz namizədini qeydə aldırmaq üçün MSK-ya müraciət edəcəyi gün rəsmiləşəcək. Digər müxalifət liderləri də bu addımı atacaqlar.

Buyurun, rejissorun təntənəli iflasının başlıca günahkarı olan Eldar Namazov (müxalifətin yeni koalisiyasının əsas siyasi texnoloqu Namazov idi axı) da prezident seçkilərində özünün iştirak edə biləcəyinə eyham vurub. Ən qəribəsi budur ki, E.Namazovun elə cənab Namazova bənzəyən və cəmi üç nəfərdən (keçmiş bozqurd Köçəri Nağıbəyli, politoloq Zəfər Quliyev və ziyalı islamçı Eldəniz Quliyevdən - həkim İlham Hüseyn qapını çoxdan çırpıb gedib) ibarət olan partiyası - El Hərəkatı da qüdrətli və nəhəng Əliyev hakimiyyətinə rəqib olmağa çalışır. Hansı resurslarla? Hansı mübarizə metodları ilə?

Beləliklə, İbrahimbəyovun dünənki müsahibəsindən sonra ölkədə yeni siyasi vəziyyət yaranıb. İbrahimbəyov ölkəyə qayıtmır və seçkilərdə iştirak etmir. Milli Şura isə İ.Qəmbərin və ya sistemdənkənar (qeyri-ənənəvi) müxalifətin digər lider(lər)inin namizədliyini heç bir halda dəstəkləmir. Milli Şura bu halda dağılacaq və hər bir partiya seçkilərdə təkbaşına iştirak etməyə çalışacaq.

Ənənəvi və qeyri-ənənəvi (sistemdənkənar) müxalifətin namizədlərinin heç biri MSK-ya təqdim etmək üçün tələb olunan imzaların 10 faizini də yığa bilməyəcək. Çünki Müsavat və AXCP də daxil olmaqla müxalif partiyaların bütün rayon təşkilatları uduzulmuş döyüşün meydanlarında çoxdan dəfn olunublar. Bu partiyaların bütün sosial bazası nəinki sabaha, heç bu günə də inamı, üstəlik bəlli-başlı iş yerləri olmayan bir ovuc marginal əyalət funksionerlərindən ibarətdir. Ortada nə strukturlar var, nə şöbələr, nə dəstək qrupları, nə fəallar, nə də gənc müdafiəçilər... Heç nə yoxdur! Bu müxalifətin nicatı yalnız əldə-ovucda qalan resursların birləşdirilməsində idi. Lakin onlar heç bunu da edə bilmədilər.

Oyun baş tutmadı. Bu oyunda İbrahimbəyov müxalifəti bir yerə toplayıb, ona od vurdu. Hakimiyyətin rəqibinin, müxalifətin liderinin alışdırdığı tonqalda bütün müxalifət yandı...

Eynulla Fətullayev / Virtualaz.org
(İxtisarla)

Teqlər: