Bakıda Kukla Festivalının bağlanış mərasimi keçirilib - FOTOLAR

Bakıda Kukla Festivalının bağlanış mərasimi keçirilib -    FOTOLAR
  02 May 2024    Oxunub:1292
Türkiyədə start götürən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı Bakıda başa çatıb.
Azərbaycan Dövlət Kukla Teatrından AzVision.az -a verilən məlumata görə, Ankara və İstanbul şəhərlərinin ardınca festival təşkilatçıları və qardaş ölkənin tanınmış teatr və mədəniyyət xadimləri Azərbaycana səfər edərək iki gün müddətində bakılı teatrsevərlər qarşısında çıxış ediblər.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası, TİKA-nın, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrının dəstək verdiyi festivalın təşkilində məqsəd kukla ustlalarınl bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

22 aprel – 1 may 2024-cü il tarixlərini əhatə edən ənənəvi beynəlxalq festivalın
ilk mərhələsi Ankara, ikinci mərhələsi İstanbul şəhərlərində baş tutub.

Tədbirdə Azərbaycanla yanaşı İtaliya və Almaniyadan müxtəlif kukla teatrları və sənətçi qrupları da iştirak ediblər.

Azərbaycandan gedən yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunə: "Müsyö Jordan və Dərviş Məstəli şah" marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbaycan xalq nağılı) kukla tamaşaları ilə çıxış edərək maraqla qarşılanıblar.

Festivalın son mərhələsi 30 aprel - 1 may tarixlərində Bakıda keçirilib. Teatrsevərlər hər gün iki seans olmaqla Türkiyənin məşhur teatr təmsilçilərinin təqdim etdikləri tamaşa-performansları izləmək fürsəti qazanaraq həm məşhur "Hacıvat və Qaragöz"ün - iki əzəli və əbədi sevimli düşmənin macəralarını bəyaz pərdə arxasından izləyib, həm də müasir kukla sənəti ilə klassik xalq tamaşa personajlarının sintezində səhnəcikləri alqışlayıblar.

Mayın 1-də festivalın təntənəli bağlanış mərasimi baş tutub. Azərbaycan və Türkiyə Mədəniyyət Nazirlikləri təmsilçilərinin, incəsənət xadimləri və uşaq yazıçılarının iştirak etdiyi tədbirdə tamaşaçılar qonaqların təqdimatında rəngbərəng səhnəciklərlə yanaşı "Oyuq" Teatrının yetirmələrinin konsert proqramını da izləyiblər.

Ardınca qardaş ölkədən gələn sənət təmsilçilərinə festivalın yüksək səviyyədə təşkilinə və iki ölkə arasında kukla teatrı istiqamətində əlaqələrin möhkəmləndirilməsində töhfələrinə görə Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri verilib.

Xatırladaq ki, artıq üçüncü dəfə keçirilən festival bu ildən başlayaraq hər il bir türk dövlətini özünün tərəfdaşı seçməklə festivalın bağlanış mərasimini məhz qastrol ovqatında tamamlayacaq.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan-Dövlət-Kukla-Teatrı   Türkiyə   festival  





Xəbər lenti