ABŞ, Avropa və Ermənistanda polis zorakılığı - VİDEO+FOTOLAR

ABŞ, Avropa və Ermənistanda polis zorakılığı -  VİDEO+FOTOLAR
  10 İyun 2020    Oxunub:9024
Polis saxladığı vətəndaşı yerə uzadır, dizini boğazına dirəyərək onu boğmağa başlayır. Vətəndaş dəfələrlə "nəfəs ala bilmirəm, boğuluram" desə də, polis buna əhəmiyyət vermir. Nəticədə həmin şəxs dünyasını dəyişir.
Azvision.az xatırladır ki, hadisə bu il may ayının 25-də ABŞ-da baş verib. Afroamerikalı Corc Floydun saxlanılma zamanı polis zorakılığına məruz qalması təkcə Birləşmiş Ştatlarda deyil, dünyanın bir sıra ölkələrində etirazlara səbəb olub.

Bu, əlbəttə ki, dünyada, həm də demokratiyanın beşiyi sayılan ABŞ-da baş vermiş ilk belə hadisə deyil. Polis zorakılığı ilə bağlı daha əvvəllər də anoloji faktlar olub. Eyni zamanda bu kimi hallar təkcə Birləşmiş Ştatlarda baş vermir. İnsan haqları, demokratiya, qanunun aliliyində nümunə kimi təqdim edilən Avropanın mərkəzində də bu cür çoxsaylı xoşagəlməz nümunələr var.



Floyd hadisəsi isə bir daha mövzunu gündəmə gətirdi. Polis dünyanın müxtəlif nöqtələrində bu hadisəyə etiraz edənlərə qarşı amansız davrandı, zorakılıq həyata keçirdi, hətta atəş açdı, minlərlə insanı həbs etdi.

Həmin aksiyalardan çəkilmiş foto və videogörüntülər deyilənləri sübut edir.











Fotolar ABŞ-ın müxtəlif şəhərlərində etirazlar zamanı çəkilib. Xatırladaq ki, həmin kütləvi aksiyalardan sonra Prezident Donald Tramp 40-dan çox şəhərdə komendant saatı tətbiq edib.

















Bundan başqa, Böyük Britaniyada da etiraz aksiyalarında polis zorakılığı müşahidə olunub.





Ötən həftə Fransanın bir neçə şəhərində polis zorakılığına qarşı kütləvi mitinqlər keçirilib. Etirazların səbəbi 2016-cı ildə qaradərili gənc Adam Traorenın ölümü ilə bağlı yeni tibbi hesabat olub. Koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərə qadağa qoyulsa da, nümayişdə 20 mindən çox insan iştirak edib.

Bir çox etirazçı afroamerikalı Corc Floydun ölümünə etirazını bildirib və paralellər aparıb. Paris nümayişi polislə qarşıdurmaya çevrilib. Etirazçılar hüquq mühafizə orqanlarının əməkdaşlarına şüşə və daş atıb, zibil qutularını və velosipedləri yandırıblar.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.



Kütləvi etiraz aksiyaları Fransanın digər şəhərlərində də keçirilib.

Aksiyanın təşkilatçısı 2016-cı ildə 24 yaşında polis tərəfindən tutulduqdan qısa müddət sonra vəfat edən gəncin bacısı Assa Traore olub. Bir həftə əvvəl, Adam Traorenin ölüm səbəbləri ilə əlaqədar məhkəmə ekspertlərinin iki fərqli rəyi açıqlanıb. Mərhumun qohumları tərəfindən aparılan araşdırmada ölümün polisin hərəkətləri nəticəsində boğulmadan baş verdiyi göstrərilib.

Digər bir hesabatda isə ölüm səbəbi ürək xəstəliyi göstərilib.



Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron polis zorakılığına qarşı mübarizə aparmaq üçün hökumət üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib.

İşğalçı qonşumuz Ermənistanda da vətəndaşlara qarşı polis zorakılığını əks etdirən yeni görüntülər yayılıb. Belə ki, polis maska taxmayan vətəndaşı döyür, digər bir videoda restoranda həyat yoldaşı ilə yemək yeyən şəxsi yerə uzadaraq sürüyür, qadını da döyməkdən çəkinmir.



Bir neçə gün əvvəl Ermənistanda polisin tibbi maska taxmayan vətəndaşlara qarşı zor tətbiq etməsinə dair görüntülər aktivist Manuel Manukyan tərəfindən "Facebook"da paylaşılıb.

"İnsanlar, ayağa qalxın, bu, artıq qəbuledilməzdir. Onların ayağını kişinin boynuna necə qoyduğuna baxın. Onun əvəzinə hər birimiz ola bilərik, video material yeni çəkilib.
Hamını birləşməyə çağırıram. Bu polislər məsuliyyətə cəlb edilməlidirlər”, - deyə aktivist yazıb.

İş adamı, sabiq deputat Samvel Aleksanyanın qardaşı oğlu, İrəvanın Malatiya-Sebastiya rayonunun keçmiş rəhbəri Artak Aleksanyan və onun həyat yoldaşı da polis zorakılığına məruz qalıb.

Polis Aleksanyanı asfaltın üzərinə uzadıb, ona və həyat yoldaşına güc tətbiq edib. Buna səbəb kimi epidemiya əleyhinə qaydalara əməl olunmaması göstərilib.

Bundan başqa, polis Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasının üzvü, idmançı Roman Muradyan və həyat yoldaşına qarşı zor tətbiq edib, onları döyətək maşına mindirib.

Samvel Aleksanyanın qardaşı oğlu qulaq ətrafında ağır xəsarətlər alıb və əməliyyata götürülüb.

Hadisəyə səbəb polisin onlardan kobud şəkildə restoranı tərk etmək çağırışları olub.



Qeyd edək ki, ABŞ, Avropa və Ermənistanda vətəndaşlara qarşı polis zorakılığı koronavirus pandemiyası dövründə baş verib.

Azvision.az


Teqlər: BöyükBritaniya  





Xəbər lenti