Bu il Həcc ziyarəti məhdud sayda təşkil olunacaq
Sənəddə qeyd edilir ki, hal-hazırda pandemiyanın davam etdiyi, qlobal miqyasda yoluxma səviyyəsinin artdığı bir şəraitdə qərara alınmışdır ki, bu il (hicri 1441-ci il) Həcc ziyarəti Krallığın daxilindəki müxtəlif ölkə vətəndaşları arasından buna istəyi olanların iştirakı ilə çox məhdud sayda təşkil olunsun. Burada məqsəd bu ayini sağlamlıq cəhətdən təhlükəsiz formada həyata keçirməyə səy göstərməkdir. Bu, İslam şəriətində insan həyatının Allahın izni ilə qorunması hökmünə əsasən profilaktik tələblər, lazımi sosial məsafə, insan sağlamlığının qorunmasının təmini üçün həyata keçirilib.
Bəyanatda vurğulanır ki, İki Müqəddəs Məscid Xadiminin Höküməti hər il milyonlarla Həcc və ümrə zəvvarlarına xidmət etməkdən şərəf duyaraq bəyan edir ki, bu qərar onun zəvvarların təhlükəsizliyi və salamat şəkildə ölkələrinə qayıtmaları üçün göstərdiyi davamlı səylərdən irəli gəlir:
"Azərbaycan Həcc Missiyasının təşkilatçısı olan dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatını təqdir edir, burada əksini tapan məqamların zəruri olduğunu qəbul edir və İki Müqəddəs Məscid Xadiminin miyonlarla insanın xəstəlikdən qorunması və həyatının xilası məramı ilə atdığı mühüm addımları bəyənir.
Uca Allaha dünyanı, bəşəriyyəti pandemiyadan qoruması üçün dualar edir, gələcək Həcc və Ümrə ziyarətlərinin yerinə yetirilməsini niyyətində olanlara qismət etməsini diləyirik".
Azvision.az