“Milad bayramına kimi normal rejimə qayıda bilərik” - Conson

“Milad bayramına kimi normal rejimə qayıda bilərik” -  Conson
  17 İyul 2020    Oxunub:3238
Böyük Britaniyanın Baş Naziri Boris Conson hesab edir ki, ölkəsi Milad bayramına qədər normal rejimə qayıdacaq.
Azvision.az xəbər verir ki, Baş Nazir bu barədə mətbuat konsfransında bildirib.

"Avqustun 1-dən etibarən idman mərkəzləri, boulinq klubları, buz meydançaları, kazinoların əksəriyyəti, kosmetoloqlar işlərini bərpa edə biləcəklər. Təəssüf ki, gecə klubları və uşaq oyun mərkəzləri hələ bağlı qalacaq", - deyən Consonun sözlərinə görə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 30 nəfərdən ibarət toy məclislərinin keçirilməsinə icazə verilir.

Avqustun əvvəlində ofislərdə işlə bağlı yeni tövsiyələr elan ediləcək. Hazırda şirkət rəhbərlərinə işçilərlə məsləhətləşmək və yalnız təhlükəsizlik tədbirləri təmin edildiyi təqdirdə ofisə qayıtmağı təklif etmək tövsiyə olunur.

Conson qeyd edib ki, sentyabr ayında məktəblər, uşaq bağçaları və kolleclər işlərini tamamilə bərpa edəcəklər. Oktyabr ayından etibarən binalarda konfrans və konsertlərə icazə veriləcək.

O, həmçinin ictimai nəqliyyatdan istifadəyə dair tövsiyələrin yumşaldılması barədə də məlumat verib: "İndi nəqliyyatdan hər kəs istifadə edə bilər, amma alternativ nəqliyyat növlərini də unutmamalısınız".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BorisConson  





Xəbər lenti