Mixail Finkel: “Azərbaycan və İsrail sərhədlərin təhlükəsizliyi sahəsində daha sıx əməkdaşlıq etməlidirlər” – VİDEO-MÜSAHİBƏ

    Mixail Finkel:  “Azərbaycan və İsrail sərhədlərin təhlükəsizliyi sahəsində daha sıx əməkdaşlıq etməlidirlər” –    VİDEO-MÜSAHİBƏ
  19 İyul 2021    Oxunub:1315
Bu gün İsrailə yeni baş nazir rəhbərlik edir, yeni hökümət formalaşıb. Benyamin Netanyahu dövrü bitib. Artıq Nazirlər Kabinetinə ultra-sağçı siyasətçi Naftali Benet başçılıq edir. Ancaq yeni hökümətin uzun sürməyəcəyinə dair müxtəlif fikirlər səslənir.
Belə bir ssenari mümkündürmü? Yeni hökümətdən nələri gözləmək olar? İsrail Azərbaycanla sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlığa hazırdırmı? Azvision.az
xəbər verir ki, israilli politoloq Mixail Finkel Vzglyad.az saytına video-müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

Onun sözlərinə görə, bu hökümətin müvəqqəti olması haqqında hazırda müəyyən intuisiyalar var.

“Belə danışmağımızın səbəbi koalision hökümətdə böyük bir ərəb partiyasının olması və hər hansı Fələstin qruplaşması ilə xırda bir konflikt olacağı, hökümət mülki obyektlərə, uşaq bağçalarına və xəstəxanalara raket zərbələri endirən HƏMAS tipli qruplaşmaların aqressiyasına cavab verməyə başlayacağı təqdirdə bu partiyanın onu hər an tərk edə biləcəyini bəyan etməsidir. Belə olacağı halda, ərəb partiyası növbədənkənar seçkilərə gedəcəyini bildirir. Dolayısı ilə baş nazir Benet və onun yaxın ətrafı bu situasiyanın girovuna çevriliblər. Odur ki, İsrail və Fələstin qruplaşmaları arasındakı konflikt istənilən an alovlana bilər, bu isə öz növbəsində koalisiyanın dağılmasına gətirib çıxaracaq”, - M. Finkel qeyd edib.

İsrailli politoloq Benetdən hər hansı böyük yeniliklər gözləmədiyini də söyləyib.
“Benet özünü Çemberlen sayaq sülhpərvər və barışdırıcı lider kimi aparır. O, ərəb partiyalarının ayağına gedərək, onlardan özünün bu və ya digər addımları üçün az qala razılıq alıb. Biz bu koalisiyanın hakimiyyətdə bir ildən artıq qalacağını gözləmirik. Koalisiyanı dağıdan amillərdən biri də İran ətrafındakı situasiya ola bilər”- deyə M. Finkel qeyd edib.

Netanyahunun hakimiyyət başına qayıtmaq şansı yüksəkdir, çünki bütün koalisiya tərəfdaşları, hökümət qurmaq istədiyi koalisiya partiyaları onun yanındadır, - müsahib bildirib.

“Kimdir onlar? Əlbəttə, öz sıralarında Asiya və Şimali Afrika ölkələrindən, Avropadan gələn yəhudiləri birləşdirən sağ, ultra-sağ və dini partiyalar. Onlar hamısı Netanyahunun ətrafındadır və yeni hökümətə qarşı son dərəcə qəzəblidirlər. Buna görə də, hakimiyyətə gəlmək, Benetin müttəfiqlərindən kimlərisə öz tərəflərinə çəkmək və çoxluq əldə etmək üçün mümkün olan hər şeyi edəcəklər,”- politoloq deyib.

Azərbaycan-İsrail münasibətlərinin perspektivinə toxunan M. Finkel qeyd edib ki, Azərbaycan silahlanmada və öz silah sənayesində İsrail texnologiyalarından və çalışmalarından istifadə edir.

“Bizdə də böyük problem var – bu narkotrafik və silah qaçaqmalçılığıdır. Biz öz təcrübəmizi bölüşməyə hazırıq və fəaliyyətlərimizi koordinasiya edə bilərik. Düşünürəm ki, sərhədlərin təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edə bilərik,” – M. Finkel bəyan edib.



Azvision.az




Teqlər: İsrail   Azərbaycan   Finkel  





Xəbər lenti