
Mediatur çərçivəsində jurnalistlərə 2020-2021-ci illərdə Azərbaycanda yaradılan yeni turizm məhsulları haqqında ətraflı məlumat verilib, Bakı-Şimal-Qərb dəhlizinin təqdimatı keçirilib. Bununla yanaşı, Azərbaycanın regionlarında ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq və müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək məqsədini daşıyan “Mymenu” platforması barədə məlumat verilib.

Mediaturda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya ilə əlaqədar ölkədə həyata keçirilən müəyyən yumşalmalardan sonra turizmin bərpasında əhəmiyyətli irəliləyişin olduğunu, xüsusilə daxili turizmdə, regionlarda canlanmanın baş verdiyini bildirib. Sədr bir sıra xarici ölkələrlə Azərbaycan arasında uçuşların bərpasının da turizmin inkişafına dəstək verəcəyini vurğulayıb.

Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə yeni layihələrin, turizm marşrutlarının işlənib hazırlandığını deyən Fuad Nağıyev bu istiqamətdə Agentliyin digər dövlət qurumları ilə sıx əlaqədə olduğunu və əməkdaşlıq etdiyini bildirib.

Mediatur çərçivəsində jurnalistlər “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan təmir-bərpa işləri, gələcəkdə nəzərdə tutulan plan və layihələr haqqında ətraflı məlumatlandırılıb. KİV təmsilçiləri üçün misgərlik və xalçaçılıq sənətləri üzrə ustad dərsləri də təşkil edilib.






Aytən Zəhra
Foto: Anar Bayramlı
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


