Koronavirus illik ölüm statistikasının artmasına səbəb olub

 Koronavirus illik ölüm statistikasının artmasına səbəb olub
  11 Avqust 2021    Oxunub:1172
Ötən il Azərbaycanda müxtəlif səbəblərdən 75 647 nəfər dünyasını dəyişib. Statistik məlumatlara əsasən, 2020-ci ildə dünyasını dəyişənlərin sayı əvvəlki illərlə müqayisədə xeyi artıb. Belə ki, 2019-cu ildə ölkədə 55916 nəfər, 2018-ci ildə 57250 nəfər, 2017-ci ildə 57109 nəfər, 2016-cı ildə 56648 nəfər vəfat edib.
Dövlət Statistika Komitəsindən Azvision.az –ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ildə ölənlərin sayının əvvəlki illərə nisbətən artmasına əsasən COVİD-19 infeksiyası səbəb olub. Belə ki, ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 7,6 nəfər təşkil edib.

Ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olub. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da əhali arasında ölüm hallarına əsasən qan dövranı sistemi xəstəlikləri, yenitörəmələr, həzm sisteminin və tənəffüs orqanlarının xəstəlikləri səbəb olur. 2020-ci ildə bu xəstəliklərdən ölənlərin sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə müvafiq olaraq 413.4, 99.1, 25.3 və 31.6 nəfər təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyasının fəsadları dünyada, eləcə də ölkəmizdə hələ də davam edir, nəticədə virusdan ölənlər sayı artır. Virusun mutasiya uğraması və daha təhlükəli ştammların sürətlə yayılması bir sıra ölkələrdə növbəti dalğalanmaların olmasına, yoluxanların və ölənlərin sayının artmasına səbəb olur. İlin əvvəlindən ölkəmizdə koronavirusa qarşı vaksinasiyaya başlanılıb. Əhalinin xeyli hissəsi peyvənd olunsa da, bu say yetərli deyil. Təsadüfi deyil ki, yumşalamalardan sonra ölkəmizdə COVID-ə yoluxanların sayı son günlər sürətlə artır və biz 1700-ün üzərindəki rəqəmləri müşahidə edirik. Eyni zamanda hər ötən gün koronavirusdan dünyasını dəyişənlərin sayı da artır. Doğulanlarla müqayisədə ölümlərin artması isə ölkədə demoqrafik vəziyyətin pisləşməsinə səbəb olur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   Ölüm  



Xəbər lenti