"Hərbi Qənimətlər Parkındakı eksponatların sayı artacaq" - Ədalət Verdiyev

 "Hərbi Qənimətlər Parkındakı eksponatların sayı artacaq" -  Ədalət Verdiyev
  12 Avqust 2021    Oxunub:4174
Ermənistan son günlər sərhəd təxribatlarının sayını artırıb. Sərhəddəki gərginliklə kifayətlənməyən İrəvan Qarabağda da hərbi-siyasi təxribatlara qol qoyur.
- Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır. - Azərbaycan Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda deyilirdi. -
Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək, güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq.

Nazirlik Rusiya Federasiyası sülhməramlı qüvvələrini də fəaliyyətsizliyinə görə xəbərdar edib. Qeyd edilir ki, sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

“10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb ”,-Nazirliyin bəyanatında qeyd edilib.

Başıqapazlı general: Ermənistanın yeni müdafiə nazirinin dili süngüsündən uzundur – Ədalət Verdiyevin yazısı
O da bildirilir ki, son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.

Məsələni Azvision.az -a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyir ki, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindən ordumuzun mövqelərinin atəşə tutulması və digər təxribatların baş verməsi qəbul ediləcək hal deyil:

- Həmin erməni silahlıları bu ərazilərdən Rusiya sülhməramlılarının yerləşdirilməsilə parallel olaraq çıxarılmalı idi. Əfsuslar olsun ki, bu günə kimi onların təmizlənməməsinin şahidi oluruq. Əksinə, hətta bölgəyə ən azı iki dəfə erməni silahlılarının daşınmasına dair vizual görüntülərə malik olmuşuq. İlk dəfə belə hadisəni noyabrın 26-da müşahidə etdik. Həmin vaxt Ermənistanın Şirak vilayətindən gələn 62 terrorçu hərbçilərimiz tərəfindən zərəsizləşdirilərək məsuliyyətə cəlb edilmişdi. Hazırda onlardan 44 nəfəri azadlıqdan məhrum edilib. Digərlərinin cinayət işləri isə davam edir. Yəni ilk təxribat halına yol verənlər layiqli şəkildə cəzasını alıblar.

Ekspert deyir ki, sülhməramlıların bu cür arzuolunmaz fəaliyyətləri təkcə göz yumduqları erməni silahlılarının təxribatları ilə bağlı deyi. Ermənilər məlum ərazilərdə təxribatlarla yanaşı atəş mövqelərinin təchizatı ilə məşğuldurlar. Yəni mühəndis-istehkam qurğularının inşasını həyata keçirirlər. Sual oluna bilər, Azərbaycan ərazisində erməni silahlısının inşa etdiyi mühəndis-istehkam qurğuları kimə qarşı yönəlib? Rusiya sülhməramlılarının proseslərə məsuliyyətsiz yanaşmasından cəsarətlənən Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan isə sərsəm bəyanatlar səsləndirməkdədir.

- Azərbaycan Ordusuna bütün güc və vasitələrlə əks-təsir göstərəcəyini vəd edən Karapetyana sual vermək istəyirəm. Onun tətbiq edəcəyi güc və vasitələrin hərbi qənimətlər parkında nümunələri mövcuddurmu? Əgər mövcud deyilsə, o zaman nazirin xəyal etdiyi hərbi əməliyyatların başlanmasını biz də arzu edərdik. Erməni ordusunun hansısa növbəti əməliyyatlara başlaması yalnız və yalnız hərbi qənimətlər parkının eksponantlarının sayının artması ilə nəticələnəcəyi heç bir şübhə doğurmur,- ekspert fikrini yekunlaşdırıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Atəşkəs   Sülhməramlılar  



Xəbər lenti