Zorən diplomat, yaxud Vahabzadəni jirinovskiləşdirən səbəb – Deputatın şərhi

  Zorən diplomat,  yaxud Vahabzadəni jirinovskiləşdirən səbəb –    Deputatın şərhi
  12 Avqust 2021    Oxunub:2719
“Rusiyada şovinistlikləriylə tanınanlar, SSRİ-nin dağılmasını hələ də həzm edə bilməyənlər, ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini öz məğlubiyyətləri kimi dəyərləndirənlər, nəhayət, haylara muzdla işləyənlər hamısı İsfəndiyar Vahabzadənin yumşaq desək, jirinovskiləməsini əllərində tutarqaya çevirərək, dövlətimizin üstünə yeriyirlər”.
Bu sözlər millət vəkili Sahib Alıyevə məxsusdur. O, məsələnin bu tərəfinə də diqqət çəkib ki, İsfəndiyar Vahabzadə həmin çevrələrin təqdim etməyə çalışdıqları kimi “diplomat” deyil, nə vaxtsa guya olub.

- “Guya” sözünü niyə işlətdiyimi az-çox savadı və informasiyası olan hər kəs yaxşı bilir. Çoxları onu da yaxşı bilir ki, Vahabzadənin Jirinovskiyə cavabı nə diplomat cavabıydı, nə dövlət maraqlarından, nə də milli təəssübkeşlikdən irəli gəlirdi,- deputat əlavə edib,- Bəzilərindən fərqli olaraq "bu, bazar adamının cavabıydı" da demək istəmirəm. Çünki bazarlarda ruscası səlis olan, Jirinovski kimiləri yerində oturtmaq lazım gələndə, bunu ustalıqla edənlər az deyil. Həm də onlar içlərində həqiqətən də milli təəssübkeşlik hissləri gəzdirirlər. İsfəndiyar Vahabzadə də isə bu yoxdur. Hakimiyyətdən narazılıq, qəzəb, öz yerini və həddini bilməmək var. Və onun “dillər dastanı” çıxışında da hədəf Jirinovski, yaxud da rus xalqı deyildi. Hədəf davamlı və ardıcıl şəkildə yol verdiyi nöqsanlara görə onu artıq təmsilçisi gözündə görmək istəməyən, zorən diplomatlığına son qoyan Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti idi. Vahabzadə Jirinovskiyə cavab vermirdi, pas ötürürdü, bir sözlə, az öncə vurğuladığım kimi, jirinovskiləyirdi.

Millət vəkilinin sözlərinə görə, onu nə İsfəndiyar Vahabzadə kimi heç vaxt yerində olmayan, indi də yerini bilməyən birinin hərəkəti, nə də Rusiyadakı bəlli çevrələrin ona reaksiyası təəccübləndirir. “Məni təəccübləndirən bu zorən diplomatı az qala qəhrəman edib göylərə qaldıran, onun hayların əlinə necə fürsət verdiyini anlamayan, Nemət Pənahlının, Rəhim Qazıyevin və digərlərinin ötən əsrin axırlarındakı “dərs”lərindən hələ də nəticə çıxarmayanlardır. Bəylər, qəhrəman axtarırsınızsa, gözlərinizi açın yaxşı-yaxşı baxın, onlar öz canları-qanları bahasına torpaqlarımızın işğalına son qoyanlardır, hazırda əllərində silah Azərbaycan-Ermənistan sərhədində, Qarabağda keşik, elə həm də təəssüb çəkənlərdir”,- deyə deputat fikirlərini yekunlaşdırıb.




Teqlər: Vahabzadə   Jirinovski  



Xəbər lenti