Heydər Əliyev ayda bir dəfə Xan Şuşinskiyə zəng edirdi - Bəyimxanım Verdiyeva

 Heydər Əliyev ayda bir dəfə Xan Şuşinskiyə zəng edirdi -  Bəyimxanım Verdiyeva
  20 Avqust 2021    Oxunub:3174
Bu gün ustad xanəndəmiz, mərhum Xalq artisti Xan Şuşinskinin doğum günüdür.
Azvision.az sənətkarı onun qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva ilə birgə anıb.

- Bu gün atanızın 120-ci anım günüdür. İstəyərdim onun doğum günlərini qeyd etdiyiniz vaxtlara qayıdaq…
- O adətən doğum günlərini canından artıq sevdiyi Şuşa şəhərində keçirərdi. Hər il may ayının sonundan sentyabrın əvvəlinə kimi biz Şuşadakı evimizə istirahətə gedərdik. Xanın Şuşaya gəlişi tək şuşallar üçün deyil, həm də ora istirahətə gələn insanlara da toy-bayram olurdu. Hər kəs ona çox böyük hörmət və rəğbətlə yanaşırdı. Bizim evimiz dahi bəstəkar Üzeyir bəyin ev muzeyinin qonşuluğunda yerləşirdi. Muzeyi ziyarət edənlər Xan Şuşinskinin şəhərdə olduğunu biləndə onunla görüşə gəlirdilər. Atamla şəkil çəkdirib, avtoqraf alırdılar.

Onun doğum günü Şuşada çox möhtəşəm keçirilərdi. İsa bulağına, Cıdır düzünə gedərdik. Bəlkə də yüzlərlə şuşalı səhər tezdən gəlib Xanı təbrik edərdi. Atam xalqın sevgisini belə qazanmışdı.



- Sonuncu ad gününü necə keçirmişdi?
- Atam 1979-cu ilin mart ayının 18-də dünyasını dəyişib. Sonuncu dəfə doğum gününü 1978-ci ildə Bakıda keçirmişdik. Xəstə idi deyə Şuşaya gedə bilmədik. Onun ölümünü bir az da Şuşa həsrəti tezləşdirdi. Şuşanı o qədər sevirdi ki... Hətta xəstə olarkən Xarıbülbüllə çəkilmiş şəkli də var. Şəkilə baxanda düşünürəsn ki, Qarabağın iki simvolu üz-üzə dayanıb. Xan Şuşinskinin həm sənəti, həm də şəxsiyyəti hər zaman dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Azərbaycan radiosu, Azərbaycan televiziyası, mətbuat həmişə onun doğum günlərini işıqlandırırdı. 1971-ci ildə atamın anadan olmasının 70 illik yubiley tədbiri, böyük tarzənimiz Qurban Pirimovun dili ilə desək, Fərhad kimi külün çaldığı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında yüksək səviyyədə keçirildi. Tədbirin sonunda Xan özünün möhtəşəm Qarabağ şikəstəsini oxuyandan sonra üzünü tamaşaçılara tərəf tutaraq dedi: ”Əzizlərim, mən Azərbaycan xalqının milli-mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi uzun illər yad əllərdən və yad nəfəslərdən qoruyaraq, zamanın süzgəcindən keçirərək estafeti indi də sizlərə verirəm. Sizdən bir təvəqqəm var, muğamatı qoruyun”.



Mən Xan Şuşinskinin övladı olaraq deyə bilərəm ki, ata, ruhun şad olsun, bu gün muğamlarımız yüksək səviyyədə qorunur.

Ulu öndər Heydər Əliyev hər zaman Xan Şuşinski şəxsiyyətinə, sənətinə yüksək dəyər verib. Mərkəzi Komitədə işləyərkən ayda bir dəfə telefon bağlantısı edib atamla söhbət edərdi, onunla zarafatlaşardı. 2001-ci ildə ulu öndərimizin sərəncamı ilə Xan Şuşinskinin anadan olmasının 100 illik yubiley tədbiri bütün ölkədə yüksək səviyyədə keçirildi.

-Xan Şuşinskiyə bağışlanan hədiyyələri saxlayırsınızmı?

- Atam çox gözəl nərd oynayardı. Həyatı boyu heç kim onu nərddə udmamışdı. Ona çox gözəl nərd hədiyyə etmişdilər. Gözəl qəlyanları var idi. Bu gün dahi Niyazinin də doğum günüdür. O hansısa ölkəyə gedəndə oradan atama elə qəşəng qəlyan alıb, hədiyyə edərdi ki, muzey malı olduğunu düşünərdin. Hətta gümüşdən qızıl suyuna çəkilmiş külqabılar da bağışlamışdılar.

Onun Ağdamdakı böyük malikanəsində Qarabağ atı, tovuzquşu, ceyran, maral, bülbüllər var idi. Bülbülləri də hədiyyə vermişdilər. Bakıdakı evimizdə bir cüt bülbül saxlayırdı. Özü oxuyurdu, sanki bülbüllər də onun səsinə cavab verirdilər.



Mütaliəni sevən bir insan idi. Şairlər və yazarlarla dostluq edirdi. Atama kitablar hədiyyə olunurdu. Məmməd Rahim “Qarabağ” poemasınının girişində deyirdi:

Gözəl Qarabağa onda get ki, sən
Yaşıl yamaclarda yüz canan olsun.
İsa bulağında, Cıdır düzündə,
Səsi dağ çeşməsi, dostum Xan olsun

Əliağa Vahidlə, Süleyman Rüstəmlə dostluğu var idi. Səməd Vurğunla çox yaxın idilər, birgə ova gedirdilər. O özünün məşhur “Azərbaycan” poemasında Qarabağı Xanın adı ilə bağlayıb:

Könlüm keçir Qarabağdan.
Gah o dağdan, gah bu dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Lətif Kərimov gözəl və qiymətli əsərlərindən atama hədiyyələr verirdi.



- Hər kəsin sevgisini qazanan Xan bəs evdə necə ata idi?
- Mən desəm ki, atamdan doymamışam, heç kəs inanmaz. Elə bilirəm ki, atamı 42-43 yaşında itirmişəm. Digər övladlar ana laylası ilə yatanda, o məni ata laylası ilə yatızdırardı. Hər axşam qədim türk havalarını həzin-həzin oxuyardı. Başımı dizinin üstünə qoyub saçımı sığallayardı. O qədər həlim insan idi ki... Hər kəsi öz dilində danışdırmağı bacarırdı. Məndə kitaba, musiqiyə sevgini atam yaratmışdı. Elə gün yox idi ki, evimizdən musiqi səsi gəlməsin. Azərbaycanın istedadlı sənətkarları bizə yığılardılar. Qurban Pirimov evimizdən bir küçə aşağıda, Bəhram Mansurov isə bir küçə yuxarıda yaşayırdı. Süleyman Ələsgərovu və digər böyük sənətkarları evimizdə görmüşəm. Atam qapımıza gələni boş qaytarmazdı.



Yaxşı yadımdadır, məni özü ilə filarmoniyaya aparardı. Mən flarmoniyanın həyətində oynayırdım, onlar da oturacaqda əyləşib söhbət edirdilər.

Atam musiqi mədəniyyəti tarixində bir çox ilklərə imza atmış sənətkardır. Məsələn, musiqi tarximizdə qadınla ilk dəfə dueti atam oxuyub. Qızıl fondda 3 duet hazırda qorunub saxlanılır. Onlardan birinin musiqisi Soltan Hacıbəyova, digər ikisinin musiqisi isə atama aiddir. O bu duetləri Sara Qədimova, Tükəzban İsmayılova və Şövkət Ələkbərova ilə oxumuşdu.

- Hərdən atanızın hansısa mahnısını zümüzümə edirsinizmi?
- Sizə bir əhvalatı danışmaq istəyirəm. 1959-cu ildə atam Moskvaya gedibmiş. Mən də onda çox balaca olmuşam. Birdən efirdə atamı görərək, əlimi ekrana qoyub, “dədə” demişəm. Bunu atama xəbər veriblər. O, gələndən sonra “Ay qəşəng ceyran” mahnısını mənim üçün yazdı. Bayatının nəqarəti və musiqisi atama məxsusdur. Orada deyir :

Ay qəşəng ceyran,
Mən sənə qurban!
Danış, dilinə qurban, bala!
Üzdə xalına qurban!

Atamın ifa etdiyi “Şuşanın dağları”, “Ay qara qız”, “Qəmərim”, ”Ay dilbər” mahnılarının hər birində onun ruhu var, bu mahnılar mənim üçün çox əzizdirlər.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: XanŞuşinski   Doğumgünü  



Xəbər lenti