"Ukrayna sərhədinə toplanan rus hərbçilərin sayı 190 minə çatdı"- CNN

  "Ukrayna sərhədinə toplanan rus hərbçilərin sayı 190 minə çatdı"-   CNN
  18 Dekabr 2021    Oxunub:1638
Rusiya Ukrayna sərhədində 50-yə yaxın döyüş taktiki qrupu yerləşdirib. Hərbi qulluqçuların sayı 190 minə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Rusiya ardıcıl şəkildə hərbçiləri Ukrayna ilə sərhədə yaxın ərazilərə toplayır və sərhəddə qoşun birləşmələrinin sayı artırılır.

Ukrayna sərhədində nüvə zərbələri əmri verən təyyarə peyda olub
- İndi orada 200 minə yaxın əsgər və minlərlə hərbi texnika yerləşdirilib. Hava hücumundan müdafiə sistemləri və ağır silahlar da qeydə alınıb,-məlumatda deyilir.

Qərb ekspertləri əmindirlər ki, bu qədər rus bölməsi Ukrayna ordusunu tamamilə məhv etmək üçün kifayətdir. İnternetdə isə müxtəlif hərbi texnikanın Ukrayna ilə sərhədə yaxın ərazilərə daşınması ilə bağlı videolar yayılır. Buna son misal kimi Bryansk vilayətinin Klinçov rayonunda qeydə alınan hərbi görüntüləri misal göstərmək olar.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Ukrayna Silahlı Qüvvələrinə məxsus "Bayraktar" PUA-ları vurmaq üçün Donbasa “Pantsir” hava hücumundan müdafiə raket sistemini yerləşdirməyə hazırlaşması barədə məlumat da yayılmışdı. Ümumilikdə isə son zamanlar Qərb mediası Rusiyanın Ukraynaya qarşı müharibəyə hazırlaşmasından daha çox yazır. Rəsmi Moskva isə heç bir ölkəni işğal etməyə hazırlaşmadığını bəyan edib.

Xatırladaq ki, CNN-nin yaydığı məlumata qədər Kremlin sərhədə 150, daha sonra isə 175 min hərbçi toplaması ilə bağlı görüntülər və məlumatlar yayılmışdı.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Sərhəd   Qoşun  



Xəbər lenti