Qazaxıstana göndəriləcək sülhməramlıların tərkibi necə formalaşacaq?

  Qazaxıstana göndəriləcək    sülhməramlıların tərkibi necə formalaşacaq?
  06 Yanvar 2022    Oxunub:2926
Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Qasım-Jomart Tokayev yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) ölkələrinin liderlərinə müraciət etdiyini açıqlamışdı. Dövlət başçısı ölkəsində baş verən iğtişaşları xaricdən idarə olunan proseslər- təcavüz hesab edib. Çünki iddia edilir ki, iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə təlim keçiblər.
Bunun ardınca yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTMT-nin ali orqanı-red) sədri kimi iştirakçı ölkələrin liderlərinin Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul etdiklərini açıqladı. Beləcə artıq KTMT-nin Qazaxıstana sülhməramlı qüvvələr göndərəcəyi təsdiqini tapıb.

Maraqlıdır, bu xüsusi hərbi kontingentin tərkibi necə formalaşacaq və onların indiki halda Qazaxıstandakı funksiyası nələrdən ibarət olacaq? AzVision.az xəbər verir ki, sülhməramlı qüvvələrin tərkibi, strukturu və sayı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərləri tərəfindən müəyyən edilir.

KTMT Qazaxıstana sülhməramlı qüvvələr göndərəcək
Kollektiv Sülhməramlı Qüvvələrin tərkibinə KTMT ölkələri tərəfindən ayrılmış qüvvələr-xüsusi hərbi, mülki və polis heyəti və müəyyən vəsaitlər daxil ola bilər. Bundan başqa kontingentin tərkibində müştərək komandanlıq, döyüş və polis bölmələri, hərbi müşahidəçilər qrupu, yardımçı birləşmələr və digər strukturlar yaradıla bilər.

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikovun məsələ ilə bağlı mediaya verdiyi məlumata görə, KTMT qüvvələri ölkədə yalnız hər şeyi qaydaya salmaqla deyil, hərbi infrastrukturun və digər obyektlərin mühafizəsi ilə də məşğuldur. Onun sözlərinə görə, KTMT qüvvələrini Qazaxıstana göndərmək üçün Rusiya parlamentinin icazəsi də lazım deyil. Bunun üçün təşkilatın nizamnaməsi var və aidiyyəti hərbi qüvvələr daim hazırlıq vəziyyətindədir.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Xatırladaq ki, Qazaxıstanda 2022-ci ilin ilk günlərində kütləvi etirazlar başlayıb. Ölkənin qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxdılar. Etirazlar daha sonra digər böyük şəhərlərə də yayıldı. Yanvarın 4-ü və 5-də isə respublikanın keçmiş paytaxtı Alma-Atıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, polis qaz və səs-küylü qumbaralardan istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau, Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Elə həmin gün fövqəladə vəziyyət Qazaxıstanın bütün ərazisinə şamil edildi.

Daha sonra Tokayev hökuməti istefaya göndərdi və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik etdi. İlk dövlət başçısı olmuş Nursultan Nazarbayevi isə bu vəzifədən uzaqlaşdırdı.

Yanvarın 6-na keçən gecə Tokayev Təhlükəsizlik Şurasının ilk iclasını keçirdi və Qazaxıstandakı vəziyyəti "dövlətin bütövlüyünə zərbə vurmaq" kimi qiymətləndirdi. Buna əsasən də o terror təhlükələrini aradan qaldırmaq üçün KTMT-dən kömək istədi. Həmin gecə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Məlumata görə, qüvvələr ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədi ilə məhdud müddətə göndəriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan   Sülhməramlı  



Xəbər lenti