"Kreml ABŞ-ı Avropadan sıxışdırıb çıxara bilməyəcək"- Məşhur amerikalı kəşfiyyatçı

 "Kreml ABŞ-ı Avropadan sıxışdırıb çıxara bilməyəcək"-   Məşhur amerikalı kəşfiyyatçı
  21 Fevral 2022    Oxunub:1287
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) Rusiya üzrə keçmiş baş analitiki Corc Bibe Avropada yaranmış hərbi-siyasi böhran barədə maraqlı fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, o, ABŞ-ın “The National Interest” jurnalı üçün yazdığı məqalədə bildirib ki, Vaşinqtonun Rusiyanın "Ukrayna işğalı” ilə bağlı isteriyası Birinci Dünya Müharibəsi ərəfəsində yaranmış vəziyyətə bənzəyir.
- Vəziyyət Ruzveltin 1904-cü ildə Böyük Britaniya və Almaniya haqqında dediyi fikirləri xatırladır: “Kaizer II Vilhelm hesab edir ki, ingilislər ona hücum etmək və onların donanmasını məhv etməyi planlaşdırırlar... Əslində, ingilislərin belə bir niyyəti yoxdur. Lakin onlar özləri Kayzerin gizli şəkildə ingilis donanmasını məhv etmək və Britaniya İmperiyasını xəritədən silmək niyyətindən qorxaraq, panika vəziyyətindədirlər" . O qeyd edib ki, "qarşılıqlı inamsızlıq və qorxu iki xalqı müharibənin astanasına gətirdi".

The Washington Post: "Aradan götürüləcək ukraynalıların məxfi siyahısı tapılıb"
Keçmiş MKİ analitiki xatırladıb ki, o zaman da Almaniya və Britaniya imperiyaları eyni səhvləri edirdilər. Bibenin sözlərinə görə, bu gün Rusiya öz qoşunlarını Ukrayna sərhədləri yaxınlığında yerləşdirilməsini Şimali Atlantika Alyansından müdafiənin və bu nəhəng hərbi təşkilatın sərhədləri yaxınlıqda məskunlaşmasının qarşısını almaq üçün yeganə yol hesab edir.

- Bu gün Rusiyanın Qərblə münasibətlərini zəhərləyən inamsızlıq və qorxu müasir dövrün fəlakətinə səbəb olub. Bu səbəbdən də, bəzi reallıqlara kritik nöqteyi nəzərdən yanaşmalıyıq,-Amerikalı analitik yazıb.



O həmçinin qeyd edib ki, nə Rusiya, nə də Qərb Ukraynanı daxildən parçalamadan onu öz təsir dairəsinə sala bilməz. Kreml ABŞ-ı da Avropadan sıxışdırıb çıxara bilməz. Avropa isə Rusiya ən güclü regional təhlükəsizlik təşkilatlarından kənarlaşdırılmadıqca sabit olmayacaq.

Başqa bir reallıq isə ondan ibarətdir ki, nə Rusiya, nə də Qərb həm döyüş meydanında, həm də danışıqlar masası arxasında bir-birinə qalib gələ bilməzlər . Nüvə əsrinin ilk illərindən hər iki super güc bir-birinə qarşılıqlı şəkildə girov kimi bağlıdır. Bir tərəfin təhlükəsizliyi digər tərəfin təhlükəsizliyinin lazımi səviyyədə olmasından asılıdır. Qarşılıqlı təhlükəsizlik telləri isə indi daha çox artıb.

- Kiber texnologiyalar hərbi əməliyyatlar, casusluq, informasiya mübarizəsi və ticarət dünyalarını dərindən qarışdığı üçün qarşılıqlı zəifliklərimiz artdı.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Müharibə   Ukrayna   Analitik  



Xəbər lenti