Erməni siyasətçilər: "Milli maraqlarımızı Brüsseldə basdırdılar"

      Erməni siyasətçilər:    "Milli maraqlarımızı Brüsseldə basdırdılar"
  07 Aprel 2022    Oxunub:1596
Dünən Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra yayılan rəsmi bəyanat İrəvanda birmənalı qarşılanmayıb. AzVision.az xəbər verir ki, siyasətçilər Ermənistanın növbəti dəfə xarici siyasətdə fiaskoya uğradığını düşünürlər.
Brüssel görüşü erməniləri məyus edib
Erməni politoloq Edqar Elbakyan Qərbin əvvəlki illərdən fərqli olaraq indi Azərbaycanın maraqları ilə çıxış etməsinə diqqət çəkib.

- Biz növbəti dəfə Qərb siyasətinin himayəsi altında erməni milli maraqlarının basdırılması aktının şahidi oluruq. Brüssel görüşündən sonra üçtərəfli razılaşma buna sübutdur.

"Artsax"ın (Keçmiş qondarma rejim-red.) statusu haqqında heç bir söz yazılmayıb. İkincisi, erməni "hərbi əsirlər" mövzusunu itkin düşmüş azərbaycanlılar mövzusu ilə “balanslaşdırıblar". Üçüncü məqam isə faktiki olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri ləğv olundu. Bundan başqa qoşunların "güzgü effekti" ilə çıxarılması da fiksasiya edilir ki, bu da yeni erməni ərazilərinin təslim edilməsi deməkdir.

Ermənistanın "Respublika" partiyasının sədri müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan isə Brüssel görüşü ilə bağlı yayılan bəyanatı İrəvan üçün arzuolunmas sənəd sayıb.

O qeyd edib ki, bəyanatda arzuladıqları qondarma "Artsax"la bağlı danışılmaması məyusluq doğurur. Aşotyan ümid etdikləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin arxa plana atılmasına da diqqət çəkib.

- Bu haqda bir kəlmə də olsun söz açılmır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra sərgilədiyi "təcavüz" də pisləndi. Bunun əvəzinə xarici işlər nazirliklərinə tapşırıldı ki, sülh müqaviləsi hazırlasınlar, - Aşotyan deyib.

Eks - nazir də Elbakyan kimi Bakıda cəza çəkən terrorçu ermənilər məsələsindən çox şey gözlədiklərini lakin əvəzində onların probleminin itkin düşmüş azərbaycanlılarla eyniləşdirildiyini söyləyib. Bu isə onlar üçün gözlənilməz olub.

"Brüssel görüşü göstərdi ki, Azərbaycan böyük diplomatik qələbəyə çox yaxındır"

Erməni analitik Artak Akopyan isə deyir ki, "Dünən Brüsseldə keçirilən görüşün özəlliyi ondan ibarət idi ki, Avropa Şurası prezidentinin çıxışında nəinki "Qarabağ münaqişəsi"nin həlli ilə bağlı fikirlər səsləndirilməyib, hətta ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı bir kəlmə də danışılmayıb".

O qeyd edib ki, bu iki məsələ hər zaman azərbaycanlıların əsas tələbi olub. Yəni həmsədrlik sona çatıb, münaqişə isə həll olunub deyə bu mövzuların üstünə gəlinməsin. Bununla da belə anlaşılır ki, Brüsseldəki görüş əslində, Azərbaycanın əsas istəyinin reallaşması ilə bitib.

- Bu isə o deməkdir ki, "Qarabağ məsələsi"nin gündəliyi arxa plana keçir və artıq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sualı yaranır. Əgər bu sadalanan durumla yanaşı, müddəalarda "Artsax"ın (Keçmiş qondarma rejim-red.) öz müqəddəratını təyinetmə hüququ ideyası vurğulansaydı, heç bir sual yaranmazdı. Lakin indiki diplomatik marafonun əsas məqamı ondan ibarət idi ki, azərbaycanlılar bu məsələdə mövqe üstünlüyü əldə etmək üçün Qarabağ məsələsini arxa plana keçirə bildilər. Erməni tərəfinin mövqeyinə gəlincə, burada aydın fikir yoxdur. Bu da Ermənistanın beynəlxalq aləmdə mövqeyini xeyli zəiflətdi, - Akopyan qeyd edib.

O, diplomatik məğlubiyyətin davam etməsini isə ölkəsi üçün faciəvi hal sayıb.

- Əvvəllər, yəni 1994-95-ci illərdə Azərbaycan müharibəni uduzandan yalnız bir-iki il sonra diplomatik cəbhədə, xüsusən də Lissabonda mövqe üstünlüyü əldə edə bilmişdi. İndi isə Ermənistanın müharibədə uduzan tərəfdir. Bu gün İrəvan diplomatik sahədə əvvəlki bütün nailiyyətlərini itirib və itirməkdə davam edir. Buradan belə qənaətə gəlmək olar ki, Ermənistan yaxın gələcəkdə diplomatik sahədə böyük məğlubiyyətlə üzləşə bilər. Bu reallıqdır, - erməni analitik deyib.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Brüssel  



Xəbər lenti