Xamenei danışıqlara şübhə ilə yanaşır

   Xamenei danışıqlara şübhə ilə yanaşır
  20 May 2025    Oxunub:408
İranın ali dini lideri Əli Xamenei nüvə proqramı üzrə ABŞ ilə ötən ay yenidən başlayan danışıqların uğurla nəticələnəcəyinə inanmır.
Ölkənin "Mehr News" xəbər agentliyinin məlumatına görə, Xamenei bu barədə İranın sabiq prezidenti İbrahim Rəisinin anım tədbirində nitq söyləyərkən danışıb. O, eyni zamanda, ABŞ-nin bu məsələ çərçivəsində İrana qarşı qoyduğu şərtləri "boş şeylər" kimi qiymətləndirib.

"Çalışın, boş şeylər danışmayasınız. "İrana uranı zənginləşdirməyə icazə verməyəcəyik" demək böyük səhvdir. İslam Respublikası kimsədən icazə gözləmir", - ali dini lider söyləyib.
İran-ABŞ danışıqlarında yeni mərhələ başlayır

Xatırladaq ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mətbuata açıqlamasında nüvə proqramı üzrə danışıqların yeni mərhələsinin vaxtı və yeri ilə əlaqədar Vaşinqtondan təklif aldığını dilə gətirib. O deyib ki, ABŞ-nin təklifi nəzərdən keçirilir.

ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar keçən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir. Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani keçən günlərdə "NBC News" telekanalına müsahibəsində bildirmişdi ki, İran iqtisadi sanksiyaların ləğvi müqabilində ABŞ ilə nüvə proqramı üzrə saziş imzalamağa hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti