Aİ-nin planı Viktor Orbanı hiddətləndirib

   Aİ-nin planı Viktor Orbanı hiddətləndirib
  16 İyul 2025    Oxunub:1006
Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün yeddiillik büdcə layihəsini dəstəkləmədiyini bildirib. Çünki bu büdcədə Ukraynaya 100 milyard avro dəstək nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, Macarıstan hökumətinin iclasından əvvəl çıxış edən baş nazir Avropa Komissiyasının (AK) bu təşəbbüsünün Aİ-də “hamını təəccübləndirdiyini” deyib.

“Brüsselin yeni planından külli miqdarda pul ayrılacaq Ukrayna udur. Uduzanlar isə ciddi çətinliklərlə üzləşə biləcək Avropa vətəndaşları, xüsusən də fermerlər olacaq”, - Viktor Orban “M1” telekanalında yayımlanan video-müraciətdə vurğulayıb.

Bundan əvvəl Macarıstan baş nazirinin siyasi müşaviri Balaj Orban da sənədi tənqid edib. Onun sözlərinə görə, Brüsselin layihəsi müharibənin davam etdirilməsi üçün Aİ-nin borclanmalı olacağı deməkdir.

Ukraynaya dəstək üçün 100 milyard avro məbləğində ayrıca xərc maddəsinin yer aldığı büdcə layihəsi bu həftə Avropa Komissiyası (AK) tərəfindən rəsmi şəkildə təqdim olunub. Aİ ölkələri arasında onun təsdiqi ilə bağlı danışıqlar 2027-ci ilin sonuna qədər davam edə bilər.
Büdcə layihəsində Kiyevə dəstəkdən əlavə, qlobal və yerli Aİ proqramlarına böyük sərmayələrin qoyulması nəzərdə tutulur. Bu kontekstdə “Qlobal Avropa” təşəbbüsü üçün 190 milyard avro, Avropa Rəqabətlilik Fondu üçün isə 522 milyard avro ayrılması planlaşdırılır.

Avropa Rəqabətlilik Fondu əsas sektorlara və ümumavropa infrastruktur layihələrinə investisiyaları stimullaşdırmaq məqsədi daşıyır. Gələcək büdcənin Aİ-nin böhranlara daha tez reaksiya verməsi üçün daha çevik olacağı gözlənilir.

Eyni zamanda, AK-nin sədri Ursula fon der Lyayen büdcənin gəlir hissəsinin artırılması üçün tədbirlər təklif etmək niyyətindədir. “Politico” nəşrinin məlumatına görə, tütün məmulatları və dövriyyəsi 50 milyon avrodan çox olan iri şirkətlər də daxil olmaqla, əlavə vergilərin tətbiqi müzakirə edilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Orban   Brüssel   etiraz  



Xəbər lenti