Markov: “Azərbaycanın təyyarəsini Rusiya vurub” | VİDEO

   Markov: “Azərbaycanın təyyarəsini Rusiya vurub”    | VİDEO
  30 İyul 2025    Oxunub:942
Ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında məhz Rusiya tərəfindən vurulduğu tam bəlli olsa da Moskva bunu hələ ki, etiraf etməkdən yayınır.
AzVision.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov Moskva ilə Bakı arasındakı gərginliyin səbəbinin AZAL-ın təyyarəsinin qəzaya uğraması olduğunu bildirib.

“Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi təyyarədir. Biz bu təyyarəni vurmuşuq və bu, aydındır. Bunu etdiyimiz dəqiq məlumdur. Azərbaycan isə bilir ki, Rusiya hakimiyyəti bundan xəbərdardır”, - Markov vurğulayıb.

Bununla belə, Moskva hələ də Aktauda baş verən faciəyə görə məsuliyyəti rəsmən öz üzərinə götürməyib.

İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə Aktau hava limanı yaxınlığında AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmadığına diqqət çəkib. Bu kontekstdə, Azərbaycan Prezidenti rəsmi Bakının Moskvadan gözləntilərinin nədən ibarət olduğunu bir daha açıqlayıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer” markalı 190-100 IGW markalı sərnişin təyyarəsi Bakıdan Qroznıya uçarkən Aktau yaxınlığında Qazaxıstan Respublikasının ərazisində qəzaya uğrayıb.

Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanında kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.



Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Azərbaycan   Rusiya  



Xəbər lenti