ATƏT Rusiyanın SOCAR-a hücumlarını pislədi

   ATƏT Rusiyanın    SOCAR-a hücumlarını    pislədi
  18 Avqust 2025    Oxunub:1725
ATƏT PA-nin Prezidenti Pere Joan Pons və Qurumun İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin Sədri Azay Quliyev bu gün yaydıqları birgə Bəyanatda Rusiya Federasiyasının Ukraynanın həyati əhəmiyyətli enerji infrastrukturuna, o cümlədən, Odessa şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə davamlı hücumlarını qəti şəkildə pisləyiblər.
Bəyanatda xatırladılır ki, ATƏT PA-nın 2025-ci ildə Portoda keçirilmiş İllik Sessiyasında qəbul edilən Qətnamədə Ukraynanın enerji və mülki infrastrukturunun genişmiqyaslı dağıdılması pislənilib və enerjiyə maneəsiz çıxışın sabitlik və rifah üçün əsas şərt olduğu bir daha təsdiqlənib.

Həmin qətnaməyə istinad edən Komitə Sədri Azay Quliyev vurğulayıb ki, mülki infrastrukturun məqsədli şəkildə bombalanması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu məsuliyyətsiz hücumlar insanların dözülməz əzab-əziyyətinə səbəb olur. “Enerji obyektlərinə, o cümlədən SOCAR-ın müəssisələrinə hücum təkcə mülki həyat üçün deyil, həm də bütün regionun iqtisadi və enerji sabitliyi üçün birbaşa təhdiddir”,- Quliyev bildirib.

“Rusiya Federasiyasını təcavüzkar hərbi əməliyyatlarını dərhal dayandırmağa, mülki şəxslərə və həyati əhəmiyyətli infrastruktur obyektlərinə qarşı bütün qanunsuz hücumlara son qoymağa çağırıram”,- Pons əlavə edib. O, sözlərini belə yekunlaşdırıb: “Davamlı atəşkəsin təmin edilməsi və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atılmalıdır”.




Teqlər: ATƏT   Rusiya  



Xəbər lenti