FT: “Qərb Ukraynada 3 müdafiə xətti yaratmaq niyyətindədir” | VİDEO

   FT: “Qərb Ukraynada 3 müdafiə xətti yaratmaq niyyətindədir”    | VİDEO
  27 Avqust 2025    Oxunub:598
Qərb ölkələri Ukraynanın müdafiəsini təmin etmək üçün sülh sazişi bağlandıqdan sonra həyata keçirmək niyyətində olduqları “təxmini plan” hazırlayıblar.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, plana üç müdafiə xəttinin yaradılması məqsədi daxildir.

Birinci müdafiə xətti Ukrayna və Rusiya ilə razılaşma əsasında üçüncü ölkənin neytral sülhməramlı qoşunlarının patrul xidməti göstərəcəyi demilitarizasiya zonasını əhatə edəcək.

İkinci sıraya “NATO qoşunları tərəfindən silahlanmış və təlim keçmiş” Ukrayna qoşunları daxil edilməlidir.

Üçüncü müdafiə xəttində isə, Avropanın rəhbərlik etdiyi “çəkindirici qüvvə” Ukraynanın dərinliklərində yerləşdiriləcək. Bu qüvvələrin arxadan Amerika qoşunları tərəfindən dəstəkləyəcəyi ehtimal olunur.

“Birləşmiş Ştatlar bundan əvvəl Qərbin istənilən təhlükəsizlik planı üçün kəşfiyyat resurslarının və döyüş meydanına nəzarətin təminatına, habelə Ukrayna üçün hava hücumundan müdafiə sisteminin qurulmasında iştirak etməyə hazır olduğunu bildirmişdi”, - “FT” xatırladır.

Bununla belə, ABŞ öz qoşunlarının Ukraynada yerləşdirilməsinin əleyhinədir və Müdafiə naziri Pit Heqset də daxil olmaqla Tramp administrasiyasının rəsmiləri müharibədən sonrakı təminatlarda hər hansı iştiraka şübhə ilə yanaşır.

Avropalı mənbələr, öz növbəsində nəşrə açıqlamalarında etiraf edirlər ki, xarici qüvvələrin Ukraynada istənilən şəkildə yerləşdirilməsi yalnız “Avropa qoşunlarına təminatı və nəzarəti həyata keçirəcək, habelə onları qoruyacaq ABŞ-nin dəstəyi sayəsində” baş tuta bilər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Qərb   müdafiə  



Xəbər lenti