Aİ İsraillə ticarət əlaqələrini kəsmək niyyətindədir

   Aİ İsraillə ticarət əlaqələrini kəsmək niyyətindədir
  10 Sentyabr 2025    Oxunub:978
Avropa Komissiyası İsrail Hərbi Hava Qüvvələrinin Qətərə gözlənilməz hücumu fonunda bu ölkənin bir sıra nazirinə qarşı sanksiya irəli sürməyi və Avropa İttifaqının (Aİ) İsrail hökuməti ilə ticarət sazişini qismən dayandırmağı planlaşdırır.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentində çıxışı əsnasında məlumat verib. O, Qəzza zolağında baş verənlərin "dünyanın vicdanını sarsıtdığını" vurğulayaraq, Aİ-nin bu məsələyə qarşı reaksiya göstərməkdə çətinlik çəkdiyini, fikir ayrılıqlarının meydana gəldiyini söyləyib.

"Hər halda, söz veririk ki, komissiya əlindən gələni əsirgəməyəcək. İsrailin vətəndaş cəmiyyətinə təsir göstərməməyə çalışaraq, bu ölkəyə dəstəyi dayandıracağıq", - xanım sədr deyib.

Avropa İttifaqının İsrail hökuməti ilə sözügedən ticarət sazişi dayandırılarsa, bu ölkə Avropa bazarında bir çox imtiyazını əldən verəcək. Əlbəttə, belə bir qərarın qüvvəyə minməsindən ötrü ittifaqa üzv ölkələrin əhəmiyyətli səs çoxluğu zəruridir. Diplomatlar vurğulayırlar ki, bu təklifdə Almaniyanın rəyi vacibdir, hərçənd rəsmi Berlin Aİ-nin gözlədiyi cavabı verməyə açıq deyil. Nəzərə alsaq ki, digər bir sıra Avropa ölkəsində də İsrail-Qəzza məsələsinə yanaşma birmənalı deyil, onda lazımi səsi toplamaq çətin görünür. Məlumat üçün diqqətə çatdıraq ki, Aİ İsrailin ən böyük ticarət tərəfdaşı sayılır. İsrailin ümumi beynəlxalq ticarət həcminin təqribən 1/3-i məhz Aİ ilə tərəfdaşlığın payına düşür.
Kats: "Düşmənlərimizi hər yerdə vuracağıq"

Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS terror təşkilatının bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:     İsrail   ticarət   sanksiya  



Xəbər lenti