Bolqarıstan Azərbaycandan qaz nəqlini artıra bilər

   Bolqarıstan Azərbaycandan qaz nəqlini artıra bilər
  25 Sentyabr 2025    Oxunub:743
Rəsmi Sofiya 2026-cı ildə Rusiya qazının idxalını dayandırmaq niyyətindədir.
Bu barədə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində mətbuata müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) çərçivəsində Rusiya təbii qazının istifadəsi, həmçinin tranziti üzrə müqavilələrin ləğvi planlaşdırılır.

Bolqarıstan Prezidenti Rumen Radev hələ cari ilin fevralında bildirib ki, ölkəsi Rusiyadan qaz alışını qismən Azərbaycandan təchizatla əvəzləyib. Hazırkı şəraitdə Sofiya Moskvadan idxalı tamamilə dayandırarsa, Bakıdan qaz nəqlini artırması istisna deyil.

ABŞ Prezidenti Donald Tramp ötən gün Baş Assambleyada "Avropanı Rusiyadan enerji almağı dayandırmağa" çağırıb. Bu məsələ üzrə avropalı liderlərlə müzakirə aparacağını söyləyən prezident vurğulayıb ki, Moskvadan neft və qaz alan ölkələr "Rusiyanın hərbi maşınını maliyyələşdirirlər".

2022-ci ildə Ukraynada müharibə başlayandan bəri Aİ Rusiya qazının idxalını kəskin surətdə azaldıb. Hərçənd Kremlin müttəfiqləri, o cümlədən Macarıstan və Slovakiya Türkiyə ərazisindən keçən boru kəməri vasitəsilə hələ də Moskvadan qaz almaqdadırlar. Digər ölkələrin əksinə, onlar Rusiya qazından imtinaya maraqlı deyillər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Bolqarıstan   Rusiya   Azərbaycan   qaz  



Xəbər lenti