Medvedev Trampın ona “küt” deməsinə cavab verib

   Medvedev Trampın ona “küt” deməsinə cavab verib
  01 Oktyabr 2025    Oxunub:883
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Rusiya sahillərinə bir neçə nüvə sualtı qayıq göndərmək qərarını şübhə altına alıb.
AzVision.az xəbər verir ki, Dmitri Medvedev bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Necə deyərlər, qaranlıq otaqda qara pişik tapmaq çətindir, xüsusən də o, orada yoxdursa”, - rusiyalı məmur yazıb.

Medvedev Trampın ABŞ ordusunun generalları və admirallarına müraciətindən sonra belə paylaşım edib. Belə ki, Ağ Ev rəhbəri həmin müraciətdə “Rusiya sahillərinə bir və ya iki sualtı qayıq yerləşdirdiyini” deyib.

Donald Trampın sözlərinə görə, bu qərarı “Putinə işləyən küt oğlan” ABŞ-ni nüvə silahı ilə hədələməyə başladıqdan sonra “ehtiyatlılıq” nöqteyi-nəzərindən verib.

- Biz nüvə silahı sözünün sağa-sola səpələnməsinə icazə verə bilmərik”, - Amerika lideri bildirib.

Həmçinin ABŞ-nin üstünlüyünə diqqət çəkən Tramp öz ölkəsinin sualtı texnologiyanın inkişafında “Rusiya və Çini 25 il qabaqladığını” iddia edib.

Tramp Medvedevə: “Danışığına fikir ver” | VİDEO
Xatırladaq ki, Trampla Medvedev arasında söz deyişməsi yayda başlayıb. Onda rusiyalı siyasətçi Ağ Evin Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı müharibəni dayandırmaq üçün 50 gün vaxt verdiyi barədə ultimatumunu tənqid edib.Medvedevi “Rusiyanın uğursuz keçmiş prezidenti” adlandıran Amerika lideri isə onu “sözlərinə fikir yetirməyə” çağırıb.

Medvedev “belə qorxulu” Trampın reaksiyasını “əsəbi” sayaraq, “Rusiya hər şeydə haqlıdır və öz yolu ilə getməyə davam edəcək” ifadəsini işlədib.

Bu baxımdan, o, Amerika prezidentini SSRİ-də ölkə rəhbərliyinin məhv ediləcəyi təqdirdə kütləvi nüvə zərbəsi cavabı endirmək üçün hazırlanmış avtomatlaşdırılmış “Perimetr” sisteminə istinadən, heç kəsdə olmayan “ölüm əlinin” nə qədər təhlükəli ola biləcəyini xatırlamağa çağırıb.

Avqustun əvvəlində Amerika lideri Medvedevin təhdidlərinin sosial media ritorikasından kənara çıxacağı təqdirdə orduya iki nüvə sualtı qayığını “müvafiq bölgələrdə” yerləşdirməyi əmr etdiyini açıqlamışdı.

Bundan qısa müddət sonra Tramp ABŞ-nin Rusiya ilə mümkün nüvə münaqişəsinə tam hazır olduğunu bəyan etdi. Medvedev isə sosial şəbəkələrdə ABŞ prezidentinin adını çəkməyi praktiki olaraq dayandırdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Medvedev   deyişmə  



Xəbər lenti