Ailə biznesinə dəstək: ABAD-laşmağın açarı – TƏHLİL

Ailə biznesinə dəstək: ABAD-laşmağın açarı – TƏHLİL
  27 Sentyabr 2016    Oxunub:7583
Prezidentin 23 sentyabr 2016-cı il tarixdə imzaladığı ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunu artırmaq sahəsində əlavə imkanlar yaratmaq məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılması haqqında fərman çox böyük əhəmiyyətə malikdir.

Söhbət postneft dövründə bütövlükdə iqtisadiyyatımızın və cəmiyyətin inkişafı baxımından həyati əhəmiyyətdən gedir.

Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi artımda əsas payı kiçik və orta ölçülü sahibkarlar verir. Həlledici rol da məhz xırda sahibkarlıq fəaliyyətinə məxsusdur. Bunu inkişaf etmiş ölkələrin real iqtisadi vəziyyətlərindən, təcrübələrindən də əyani şəkildə görmək mümkündür. Sözügedən ölkələrdə dövlət büdcəsinin gəlirlərinin çox hissəsi məhz kiçik və orta sahibkarlar tərəfindən təmin edilir.

Düzdür, ölkəmizdə də iqtisadiyyatda kiçik, orta sahibkarlıq diqqət mərkəzindədir və bu sahəni inkişaf etdirməyə və genişləndirməyə böyük əhəmiyyət verilir. Belə ki, dövlət başçısının iqtisadiyyatın inkişafına və islahatlara aid demək olar, bütün çıxışlarında məhz bu amilə xüsusi diqqət yetirmək lazım gəldiyi, ümumi iqtisadi artımda ardıcıl müsbət dinamikaya nail olmaq məqsədilə bilavasitə kiçik və orta sahibkalığı inkişaf etdirmək, xırda biznes fəaliyyətini genişləndirməyin zəruri olduğu xüsusi olaraq vurğulanır.

Ancaq vəziyyət heç də ürəkaçan deyil. Belə ki, əvvəlki şərhlərimiz də qeyd etdiyimiz kimi məsələn, bilavasitə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmalı olan əhalinin muzdlu əmək dalınca şəhərə “qaçması” fonunda ölkədə kiçik və orta sahibkarlığın inkişafı mühüm vəzifə təşkil etməli və bu, qeyri-neft sektorun inkişafında əsas hədəfə çevrilməli idi.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul istehsalında kiçik və orta sahibkarların böyük payı olduğuna diqqət çəkərək, bizdə neçə illərdir ki, kənd təsərrüfatına dövlət tərəfindən mühüm güzəştlər tədbiq edildiyinə, müvafiq maliyyə dəstəyi göstərildiyi və kreditləşdirmə həyata keçirildiyinə baxmayaraq, kiçik və orta sahibkarlığın mövcud inkişaf səviyyəsinin qeyri-qənaətbəxş olduğunu qeyd etmişdik. Sual yaranır ki, niyə? Buna səbəb nədir?

Bunun bir neçə səbəbi var. Əvvəla, dövlət dəstəyi müvafiq və təyinata uyğun həyata keçirilməlidir. Dəstək təkcə maliyyə yardımından, bu və ya digər güzəştlərin tədbiqindən, bazarlara çıxışın təminindən asılı ola bilməz. Sahibkarlığa dəstək təkcə malliyyədən asılı hesab edilməli deyil - əlavə tədbirlər də görülməli, keyfiyyətə diqqət yetirilməlidir. Bunun isə tərkib hissəsini müvafiq idarəetmə mexanizminin yaradılması, bütün istiqamətlərdə güclü, bütöv və kompleks şəkildə himayəçilik siyasəti yeridilməsi təşkil edir. Amma əsas etibarı ilə yalnız və yalnız, mikrosahibkarlığa dair...



Digər tərəfdən isə, bizdə kiçik və orta sahibkarlıq meyarları ondan ibarətdir ki, işçilərinin orta siyahı sayı 25 nəfərə kimi, illik gəliri isə 200 min manatadək olanlar kiçik, uyğun olaraq da 25 nəfərdən 125 nəfərədək və 200 min manatdan 1.250 min manatadək olanlar isə orta sahibkarlar sayılır.

Ancaq məsələ ondan ibarətdir ki, bundan aşağı meyarlara malik təsərrüfat sahibləri və yaxud biznes fəliyyəti göstərən subyektlər də var ki, bura ailələr daxildir. Hansı ki, bu subyektləri bilavasitə kiçik sahibkarlıq üçün bir növ başlanğıc və ilkin baza - rüşeym də saymaq mümkündür.

Məsələn, 5 nəfərdən ibarət bir ailə öz həyətyani sahəsində təsərrüfatla məşğuldursa, bunun genişlənəcəyi halda kənardan da işçi qüvvəsinin cəlb ediləcəyi real hesab edilir. Nəticədə kiçik sahibkarlıq fəaliyyəti ortaya çıxır ki, ilk dəstəyin də əslində, ailə təsərrüfları üzrə həyata keçirmək lazım gəldiyi buradan aydın görünür.

Bu mənada, yuxarıda adını çəkdiyimiz fərmanla “ABAD” mərkəzlərinin icra edəcəyi ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması, “ABAD” layihələri üçün ailə təsərrüfatları, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması, ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili, istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma, layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması, istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi kimi tədbirlər ölkədə mikrosahibkalığı inkişaf etdirməklə qeyri-neft sektorunun daha da möhkəm "kök" üzərində mövqe tutmasına birbaşa yardım göstərəcək.

Yeri gəlmişkən, pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün məhz bu ilin, yəni 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan dövlət başçısı yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 milyon manat ayrılması özü də bu məsələnin nə qədər vacib və aktual olduğundan xəbər verir.

Məlumdur ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi məhz aqrar sektora məxsus ərazilərdə, yəni regionlarda məskunlaşıb. Odur ki, ailə təsərrüfatçılığının, başqa sözlə desək, mikrosahibkarlığın inkişafı və genişlənməsi bilavasitə aqrar sektorun tərəqqisiylə nəticələnəcək ki, bundan əlavə, məşğulluq probleminin həllinin də 70-80 faiz yüngülləşməsi üçün zəmin yaranacaq.

Ümumiyyətlə, ailə biznesinə dəstək və onun bazarın sisteminin tələbləri əsasında idarəçiliyi iqtisadiyyatının qeyri-neft sektorunun kənd təsərrüfatı, xidmət, ticarət, sənətkarlıq və mikromaliyyələşdirmə, yəni xırda kreditləşdirmənin genişlənməsi yolu ilə hətta bankçılıq kimi sahənin də sıçrayışlı bir şəkildə inkişafı üçün təkan yaradacaq ki, bu da bütövlükdə ölkədə davamlı makroiqtisadi sabitliklə yekunlaşacaq. Çünki dayanıqlı makroiqtisadi sabitliyin əsasını məhz mikrosahibkarlıq təşkil edir.

Bir sözlə desək, dövlət və hökumət tərəfindən lazımi diqqət olacaq, addımlar atılacaq. Qalır, ailələrdə müvafiq təşəbbüskarlıq hissi və ideyalarının yaranması məsələsi.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti