Hər bir katolik kişi Pontifik ola bilər I Konklavın tarixi və qaydaları

      Hər bir katolik kişi Pontifik ola bilər I    Konklavın tarixi və qaydaları
  21 Aprel 2025    Oxunub:914
Bu gün dünyada katoliklərin sayı 1,2 milyard nəfərdən çoxdur. Onlar demək olar ki, hər ölkədə yaşayırlar, lakin onları bir-birindən ayıran böyük məsafələrə baxmayaraq, bütün katolik dünyasına bir şəxs - Roma Papası rəhbərlik edir.
Papa həzrətlərinin taxtı və iqamətgahı İtaliyanın Vatikan şəhərində yerləşir. Artıq 2013-cü ildən Roma Papası seçilən Fransisk bu gün 89 yaşında dünyasını dəyişib. Bəs papa öldükdə və ya könüllü olaraq istefaya getdikdə yeni Pontifikin seçilməsi proseduru necə baş verir?



Konklavın tarixi

Yeni Papanın seçilməsi prosesi konklav adlanır. Adı “açarla kilidlənmiş” kimi tərcümə olunan söz latıncada “cum clave” deməkdir. Həqiqətən də Seçicilər Kollegiyası seçkinin bütün müddəti üçün sözün əsl mənasında bir otaqda kilidlənirlər. Konklavın ənənələri bir çox dəyişikliklərə məruz qalıb. Xristianlıq dövrünün ilk illərində prosedurun necə həyata keçirildiyi dəqiq bilinmir. Yəqin ki, yepiskoplar (ən yüksək rütbəli ruhanilər) apostollar tərəfindən və xalqın razılığı ilə təyin edilirdilər.



Tədricən papalıq da xristianlıq kimi güclənir və təkcə mənəvi həyata deyil, həm də siyasətə təsir göstərməyə başlayır. Sonra krallar seçki prosesinə qarışmağa başlayırlar: onlar konklavın və ya müstəqil olaraq təyin edilmiş papaların qərarına təsir göstərirdilər. XI-XII əsrlərdə deçki prosedurunu tənzimləyən İkinci və Üçüncü Lateran Şuraları baş tutur. Nəticədə qərara alınır ki, pontifik dünyəvi hakimiyyətin iştirakı olmadan yalnız kardinallar kollegiyası tərəfindən seçilsin. Bu halda, qərar səs çoxluğu ilə qəbul edilir: qalib səslərin üçdə ikisini almalı olur.

Amma əslində krallar və siyasətçilər səsvermə proseduruna təsir etməkdə davam edirlər və kardinallar da öz maraqlarından çıxış edərək qruplara bölünürlər.



Başqa bir problem də var idi: seçkilər bəzən həftələrlə, hətta aylarla davam edir. Məsələn, 1268-ci ildə İtaliyanın Viterbo şəhərində iyirmi kardinaldan ibarət kollegiya razılığa gələ bilmir. Seçkilər 1006 gün davam edir və Müqəddəs Taxt boş qalır. Nəticədə qəzəbli möminlər sadəcə kafedraldakı bütün kardinalları qapılar arxasında saxlayır və kollegiya nəhayət seçim edənə qədər onları buraxmırlar.

1274-cü ildə İkinci Lion Şurası keçirilir. Orada yeni Papa Qriqori X seçkilərin keçirilməsi qaydalarına əlavələr edir. Yeni qaydalara görə seçkilər təcrid, qapalı otaqda keçirilməli olur, kardinallara xarici dünya ilə əlaqə saxlamaq qadağan edilir. Onlara xüsusi pəncərədən yemək verilir. Əgər səkkiz gün ərzində razılığa gələ bilməsələr, onların rasionu gündə bir yeməyə endirilir. O vaxtdan bəri konklavın qaydaları bir sıra dəyişikliklərə məruz qalır, lakin İkinci Lion Şurasnda qəbul edilmiş ümumi qayda bu günə qədər qorunub saxlanılır.

Papanın seçilməsi necə baş verir?

Pontifik ölən kimi “Sede Vakante” adlanan dövr başlayır. Papanın dəfn mərasimi və konklav hazırlıqları kamerlenqo tərəfindən həyata keçirilir. O, ancaq kardinallar arasından təyin oluna bilər. Papanın ölümündən sonra kamerlenqo pontifikin gedişini simvolizə edən möhürlə qızıl üzüyünü qırır. Den Braunun “Mələklər və cinlər” romanında hadisələr yeni papanın seçilməsi ətrafında cərəyan edir. Yazıçı konklav prosedurunu yaxşı təsvir etsə də, orada səhvlər var. Məsələn, romandakı kamerlenqo sadə bir keşişdir, bu isə qadağandır.



Qəribədir ki, demək olar ki, hər bir katolik kişi papa ola bilər, əsas odur ki, o, uşaqsız və subay olsun. Üstəlik, o, hətta keşiş də olmaya bilər. Amma bu nəzəri cəhətdən belədir. Praktikada demək olar ki, həmişə kardinallardan yalnız biri papa seçilir. Kardinalları isə yalnız pontifik təyin edə bilər. Namizədin bacarıqlı diplomat olması, ilahiyyat və xristianlığın tarixini mükəmməl bilməsi, bir neçə xarici dildə danışması arzu olunandır.

Papanın seçilməsi ən ciddi məxfilik şəraitində və Sikstin kapellasında keçirilir. Konklav zamanı onlar qapalı otaqda saxlanılır və xarici dünya ilə heç bir əlaqəsi olmur. İstənilən rabitə vasitəsi təslim edilməlidir. Gizli şəkildə məlumat ötürdüyünə görə, din xadimi kilsədən xaric edilə bilər.

Seçim xüsusi səsvermə bülleteninə namizədin adı yazılmaqla gizli səsvermə yolu ilə həyata keçirilir. Səsvermə gündə iki dəfə keçirilir: səhər iki dəfə və axşam iki dəfə. Seçim edilmədikdə, adları olan bülletenlər xüsusi sobada yandırılır. Onlara kimyəvi birləşmə əlavə olunur ki, bu da tüstüyə qara rəng verir. Beləliklə, prosedura əməl edən dindarlar səsvermənin hansı mərhələdə olduğunu bilirlər.



Seçkidə qalib gəlmək üçün namizəd səslərin üçdə ikisini almalıdır. Lakin səsvermənin 30 turu artıq keçibsə və pontifik seçilməyibsə, yeni papa sadə səs çoxluğu ilə təyin edilir. Papa nəhayət seçiləndə bacadan ağ tüstü çıxır. Yeni pontifik reqaliyasını geyinir və Vatikanın Müqəddəs Pyotr meydanında dindarları salamlamaq üçün eyvana çıxır. O da özünə yeni ad seçməlidir. Ən məşhur Papa adı İohann (23 dəfə), ikinci yerdə Qriqori və Benedikt (hər biri 16 dəfə) gəlir.

AzVision.az


Teqlər: Papa   Roma  





Xəbər lenti