`Ukrayna da Azərbaycan modelinə keçməlidir`

`Ukrayna da Azərbaycan modelinə keçməlidir`
  21 Avqust 2013    Oxunub:1319
Ukraynanın internet qəzetlərindən biri olan “Obozrevatel” Yanukoviç hökumətini dövlətin inkişafı üçün Azərbaycan modelini qəbul etməyə çağıran bir məqalə dərc edib.

Ukrayna analitikləri bu yaxınlarda Rusiya prezidenti V.Putinin Azərbaycana səfərini nəzərə alaraq, suveren dövlət modeli kimi Əliyev hökumətinin müstəqil siyasətini Ukraynaya nümunə göstərirlər.

Ukrayna analitiklərinin məqaləsini təqdim edirik. Ukrayna bugünkü Azərbaycanı necə qəbul edir.

Ənənəvi postsovet məkanında dövlət inkişafı konsepsiyasında ölkələr bir-birilə Qərb və Rusiya yönümlü olmaları ilə müqayisə edilir. Litva, Latviya və Estoniya SSRİ dağılan kimi birmənalı seçim etdi. Yerdə qalan digər 12 dövlət müstəqilliklərini elan etdi, bəziləri isə bu günə kimi “rus dünyası” formalaşdırmaq məqsədi ilə Rusiyanın təsiri altında qalmaqdadır. Avrasiya ittifaqı məhz bu ideyaya xidmət edir.

Eyni zamanda, ekspertlərin əksəriyyəti, xüsusilə Ukraynalı ekspertlər hansısa səbəblərdən postsovet dövlətlərinin bu iki inkişaf yolundan başqa Azərbaycanın əminliklə nümayiş etdirdiyi üçüncü yolun mümkün olduğuna diqqət etmək istəmirlər.

Bu keçmiş sovet respublikası Avropa Birliyi, ABŞ, Yaxın Şərq və MDB ölkələri ilə əməkdaşlıq edir. Rusiya Federasiyası prezidenti Vladimir Putinin Bakıya səfəri göstərdi ki, Azərbaycan müxtəlif tərəfdaşlarla ümumi dil tapmağa və bərabərhüquqlu dialoqlar qurmağa necə müvəffəqiyyətlə nail olur.

Respublikada çoxdan Qərbin ən böyük enerji şirkətləri fəaliyyət göstərir. Bu gün Bakı neft və qazın nəql edilməsi üçün bir neçə boru kəmərinin (TANAP, TAP) tikintisində iştirak edir. Həmçinin ölkə bu yaxınlarda Yunanıstanın qaz nəqliyyat sistemini alıb. Keçən il Azərbaycan ona yaxın olan Türkiyə iqtisadiyyatına təxminən 20 milyard dollar sərmayə yatırıb.

Birgə layihələr sayəsində enerji resursları ilə bağlı olmayan texnologiya və elmin inkişafına yönələn Azərbaycanın iqtisadiyyatı yeni səviyyəyə qalxıb. Bütün bunlar ölkənin xarici siyasət üzrə mövqeyini gücləndirib.



Bu gün Azərbaycanın Balkan ölkələri, Bolqarıstan, Albaniya, Avstriya, Almaniya və İtaliyadakı vəziyyətə əhəmiyyətli dərəcədə təsir etdiyini təsdiq edə bilərik. Həmin dövlətlər Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Avropalı qonaqların Bakıya tez-tez səfərləri, həmçinin Azərbaycan və tərəfdaşları arasında imzalanmış bir sıra beynəlxalq sənədlər, məsələn, Azərbaycan və Xorvatiya arasında strateji əməkdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb bəyannaməsi kimi sənədlər buna əyani sübutdur.

ABŞ da, Yaxın Şərqdə ən sabit dövlətlə - Azərbaycanla əməkdaşlıq etmək istəyini bildirir. ABŞ Azərbaycana təkcə Avropa üçün enerji donoru kimi baxmır, eyni zamanda onu Yaxın Şərqdə sülh yaratmaq üçün müttəfiqi kimi qəbul edir. Amma bu vəziyyət qətiyyən Rusiya ilə Azərbaycan əməkdaşlığına təsir etmir. Çünki Bakı Moskva üçün Xəzər regionunda dəyərli müttəfiqdir.

Bakı Yaxın Şərqdə bir çox münaqişələrdə xüsusi arbitraj hakimi olmaq üçün bütün imkanlara malikdir. Məsələn, o Suriya böhranının həllində, ABŞ və İran arasındakı qarşıdurmalarda vasitəçi ola bilər, həmçinin Rusiyaya kömək edə bilər. Beləliklə, son iki onillik ərzində Azərbaycan beynəlxalq arenada nüfuzlu siyasi oyunçu olmağı bacardı. Bu ölkə bir çox illərdə ardıcıl siyasət yürüdüb – bir bunu tərəfdən “çoxvektorlu”, digər tərəfdən isə güclü dövlətlərlə “bərabərhüquqlu münasibətlərin siyasəti” kimi adlandırmaq olar. Belə əməkdaşlıq energetika və iqtisadi cəhətdən Bakı üçün həmişə faydalı olub. Bu cür siyasət hələ 1990-cı illərin ortalarında Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev tərəfindən qoyulub, indi isə onun oğlu və varisi prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsində İlham Əliyev Azərbaycan seçiciləri arasında yüksək reytinqə malikdir. Buna görə də, oktyabrın 9-da prezident seçkilərində onun artıq üçüncü dəfə qalib gələcəyi şübhəsizdir. Müşahidəçilər 80 %-dən çox seçicinin İ.Əliyevi dəstəklədiyi üçün onun yüksək nəticə ilə qalib gələcəyini proqnozlaşdırırlar.



Ölkəsini ən güclü regional liderə çevirən strategiya ilə İ.Əliyev seçkiqabağı mümkün qarmaqarışıqlara fikir vermədən öz işini planauyğun davam etdirir. O, Rusiya, Avropa Birliyi, ABŞ və Yaxın Şərqdə öz tərəfdaşları üçün yeni təşəbbüslər səsləndirir. Bu vəziyyətdə Ukraynanın Şərq və Qərb arasında qalmaqdan yaxa qurtarmaq üçün hələ də imkanı vardır. Bunun üçün Leonid Kuçma, Heydər Əliyev və Eduard Şevarnadzenin müəllifləri olduğu təşəbbüslərdən istifadə etmək olar. Məhz onlar demokratiya və iqtisadi inkişaf üçün GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatını yaratdılar. Bu ittifaq heç vaxt Amerika yönümlü olmayıb, amma bu gün ABŞ ona maraq göstərmədiyi üçün o tamamilə başqa xarakterdə inkişaf edə bilər.

Ukrayna ilə Azərbaycanın münasibətlərində bir sıra çətinliklərin olduğunu yaddan çıxarmaq olmaz. Məsələn, Ukrayna Azərbaycanın boru kəməri olan TANAP-ın tikintisinə qoşula bilmədi. Amma buna baxmayaraq, Azərbaycanla Ukrayna əlaqələri inkişaf edir. Bizim ölkələrimizi birgə energetika layihələri, məsələn, Bakı-Tiflis-Supsa neft kəmərinin tikintisi birləşdirir.

GUAM 1990-cı illərin sonlarında kənarda qalsa belə, bu gün Bakı postsovet məkanının başqa ölkələrini birləşdirmək üçün xarici təsirin köməyi olmadan mərkəzə çevrilib. Həm də bu birlik, Gömrük və Avropa Birliyi ilə əməkdaşlıq etməyi bacarar. Avropada isə 1960-cı illərdə Avropa ölkələri arasında azad ticarət zonasının yaradılması üçün bu cür analoji birlik - Avropa azad ticarət assosiasiyası (European Free Trade Association – EFTA) fəaliyyət göstərir. Birliyə müxtəlif illərdə Böyük Britaniya, İsveç, Avstriya, Portuqaliya daxil olub. Bu gün isə EFTA-ya Avropa Birliyinə daxil olmayan Norveç, İsveçrə, Lixtenşteyn və İslandiya dövlətləri qoşulur. Onlar azad ticarət zonasına malikdirlər. Ukrayna ilə EFTA arasında 2012-ci ilin iyunundan başlayaraq azad ticarət zonası mövcuddur. Həm də onun qaydaları Avropa Birliyi, Şengen razılaşması və ya istənilən beynəlxalq müqavilə ilə azad ticarət zonasına zidd olmur. Buna görə də, Azərbaycan Ukrayna ilə gələcəkdə hər iki ölkənin inkişafına imkan yaradacaq azad ticarət zonası və ya iqtisadi münasibətlərin başqa formatının özünəməxsus variantını hazırlaya bilərlər. Bunun üçün Ukrayna Azərbaycana yeni modeldə - keçmişdə dost münasibətlərinə malik respublika kimi deyil, indi və gələcək perspektivdə əlverişli və dərin iqtisadi münasibətlərə malik güclü dövlət kimi baxmalıdır.

haqqin.az
Tərcümə AzVision.az



Teqlər:  





Xəbər lenti