Çəpiyə gedənlərdən olmayın - Əsəd Cahangir yazır

Çəpiyə gedənlərdən olmayın - Əsəd Cahangir yazır
  11 Fevral 2017    Oxunub:8729
Əsəd Cahangir, Ədəbi tənqidçi

(Bu köşə epistolyar janrda yazılıb və həm də AzVision.az-ın baş redaktoru Vüsal Məmmədova cavabdır)


Əziz Vüsal, statuslarından birində yazırsan ki, "təşəxxüs" sözünü birinci və axırıncı dəfə Əsəd Cahangirdən eşitmişəm. "Təşəxxüs" ərəb sözüdür. "Şəxs" kökündən yaranıb. Öz şəxsini, mənini, eqosunu, hər şeydən üstün tutan adamlara verilən bir sifətdir.

Belə adam adətən öz həqiqi mənindən xəbərsiz olur, əsl mahiyyətini dərk etmir. Çünki mahiyətinin cism yox, ruhla bağlı olduğunu bilmir. Ümumən ruhdan xəbərsiz olur.

Təşəxxüsün sonucunda atezim durur. Çünki təşəxxüs, yəni eqoizm tovhid düşüncəsinə (Allahın birliyinə inama) ziddir. Allahın birliyini anlayan adam başa düşür ki, hamı vahid Allahdandır, demək bərabərdir və öz şəxsini başqalarından üstün tumaq, yəni təşəxxüs satmaq olmaz. Bu, günahdır.

Allahın yaratdığına münasibət Onun özünə münasibətdir. Məsələn, heyvanın şüuru bunu dərkə qabil deyil. Odur ki heyvanlar, söhbət, daha çox yırtıcılardan gedir - çox təşəxxüslü olurlar (O cümlədən də sizin Əhmədlidə cismi torpağa, canı efir boşluqlarına qarışmış itiniz). Yəni yırtıcı ancaq öz qarnını doyurmağın, uzaqbaşı öz balasının qarnını doyurmağın, öz nəslini artırmağın peşindədir. Öz... öz... Onu başqaları ilgiləndirməz. Təşəxxüslü olmaqla, öz şəxsimizi hər şeydən və hamıdan üstün tutmaqla, hər şeyin və hamının vahid Allahdan qaynaqlandığını dərk etməməklə, bir sözlə, eqoist dünyagörüşü ilə biz özümzü heyvan səviyyəsinə endirmiş oluruq.

Bu, məsələnin "fəlsəfi" tərəfi.

"Təşəxxüs" sözünü bilmək üçün orta məktəb ədəbiyyat dərsliklərini səndən bir az diqqətlə oxumaq kifayətdir. Səni mən savadlı birisi sayıram. Sadəcə sevimli itinizlə bağlı xatirəndə olduğu kimi, bu məsələdə də yaddaşın bir az sənə xəyanət edir. Odur ki, yadına salmaq istəyirəm. Doqquzuncu sinfin ədəbiyyat dərsliyində Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi tədris olunur. Faciənin səhv etmirəmsə, ikinci cümləsində - Rüstəm bəy öz məşhur monoloqunda deyir: "Mən həmin Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum. Mənə bir TƏŞƏXXÜS satmaqdan ötrü Kərim bəyin yurduna od vurdum, külünü göyə sovudum".

Müsibəti-Fəxrəddin müsibəti-müsəlmanandır, Vüsal, yəni cəmi müsəlmanların faciəsidir. Nəcəf bəy düz yazırdı, o vaxt faciə onda idi ki, özümüzdən başqa heç nəyi düşünmürdük. Yırtıcı heyvana oxşayan Rüstəm bəy kimi başqasını öldürməkdən, evini yandırıb külə döndərməkdən qürur duyur, bir-birimizə TƏŞƏXXÜS satmaqdan zövq alırdıq.

Təkcə fərdi yox, milli düşüncə səviyyəsində də belə idi. Ancaq özümzü görür, sürətlə dəyişən dünyanı, xüsusən Avropanı eynimizə almırdıq. "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minmirdik". Bunun acı nəticələrini yaşadıq...

Amma bu gün çərx tərsinə dönür. Bu gün bizə azacıq təşəxxüs lazımdır. Çox yox, lap azacıq. Lazımdır ki, öz şəxsimizə qayıdaq, özümüzü xatırlayaq, Avropa qarşısında kor-koranə pərəstiş etməyək.
Türklər demiş, bak şimdi -
Pakistanlı yazıçı Salman roman yazır - Avropanın çəpiyinə yazır.
Əfqanıstanlı yazıçı Xalid roman yazır - Avropanın çəpiyinə yazır
Türk yazıçısı Orxan roman yazır - Avropanın çəpiyinə yazır
Azərbaycan yazıçısı Kamal roman yazır - Avropanın çəpiyinə yazır
Azərbaycanlı yazıçı Əkrəm roman yazır - Avropanın çəpiyinə yazır
İran rejissoru Qubadi film çəkir - Avropanın çəpiyinə çəkir...


Bizə bu gün vəzirov maarifçiliyi yox, neomaarifçilik lazımdır. Bu gün Vəzirovu kor-koranə təkrarlamaqla əslində biz Vəzirovu təsdiq yox, inkar edirik. Əsl vəzirovçuluq odur ki, Vəzirova dialektik yanaşasan, onu yeni tarixi şəraitin tələbləri səviyyəsində dərk edəsən. O, öz zamanının tələbini dəqiq duymuş, gözəl yazmışdı. Bəs, bizim zamanın tələbi nədir? Biz də bunu duymalı, bunu yazmalıyıq. Əsl vəzirovçuluq vəzirovu təkrar yox, davam etdirməkdir. Sən və sənin kimi düşünən onlarla, yüzlərlə, minlərlə gənc məhz bunun fərqində deyilsiniz, Vüsal. Fərqində deyilsiniz ki, Vəzirovun girdiyi suya təkrar girə bilməzsiniz.

Sənin "təşəxxüs" sözündən niyə xoşlanmadığnın səbəbini deyimmi? Guya bu arxaik ərəb sözüdür, ərəb sənin nəzərində islamdır, islam isə guya ki cəhalətin əsas səbəbidir. Guya mən "təşəxxüs" əvəzinə "eqo" sözünü kullansam, gerizəkalılıqdan dərhal qurtulacaq, bir andaca irəlizəkalı olacam.

Bu düşüncənə görə səni qınamıram. Bu qədər çəpik həvəskarlığının içində belə düşünməyib, özün olaraq qalmaq nəinki çətin, hətta insan idrakının dışındadır. Kimdən nə görürsən ki, nə götürəsən? Bunun üçün Allah özü sənə mənəvi, intelelktual dəstək durmalı, sənin ürəyinə və ruhuna təsir etməli, başqa sözlə, qəlbindəki möhürü açmalıdır. Bu sözdən incimə, acı da olsa, bu belədir.

Səni bir də ona görə qınamıram ki, bütün ateist çabalarının bir şeydən - özünü, ruhunu, nəticə etibarilə Allahı axtarmağından xəbər verdiyinin fərqindəyəm. Biz - ateist sovet cəmiyyətinin bütün cocuqları bu yolu keçmişik. Kimi mənzilə çatıb, kimi yarı yolda palçığa batıb. Sən də bu yolu keçirsən. Sənə və səninlə yoldaş olan bütün gənclərə batanlardan yox, mənzilə çatanlardan olmağı arzu edirəm.


Teqlər:





Xəbər lenti