Azərbaycanla bağlı antikorrupsiya hesabatı təqdim edildi - FOTOLAR (VİDEOXƏBƏR)

Azərbaycanla bağlı antikorrupsiya hesabatı təqdim edildi - FOTOLAR (VİDEOXƏBƏR)
  20 Fevral 2017    Oxunub:5817
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üzrə qəbul edilmiş hesabat təqdim edilib.

AzVision.az-ın məlumatına görə, təqdimat mərasimində Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, Azərbaycanın dövlət qurumlarının - Baş Prokurorluğun, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin, Səhiyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın nümayəndələri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.



OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Azərbaycan üzrə milli koordinatoru - Azərbaycan Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu məqsədlə Azərbaycan 2003-cü ildən OECD ilə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq edir.



Bildirilib ki, İstanbul Fəaliyyət Planı Şəbəkəyə üzv ölkələrdə mərhələli şəkildə antikorrupsiya islahatlarının həyata keçirilməsini və nəticələrinin qiymətləndirilməsini nəzərdə tutur və indiyədək respublikamız üç monitorinq mərhələsini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Bununla yanaşı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları indiyədək qeyd edilən təşkilatın xətti ilə dörd ölkənin dəyərləndirmə mərhələlərində ekspert qismində çıxış edib, daha iki ölkə üzrə isə dəyərləndirmələrdə əməkdaşların ekspert qismində iştirakı nəzərdə tutulur.



Vurğulanıb ki, ötən ilin iyun ayında OECD-nin geniş tərkibli ekspert qrupunun ölkəmizə səfəri baş tutub, səfər çərçivəsində bir sıra dövlət qurumlarının, eləcə də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər və müzakirələr aparılıb, nəticədə Azərbaycan üzrə müvafiq hesabat hazırlanaraq ötən ilin sentyabrında Parisdə keçirilmiş müzakirələr nəticəsində qəbul edilib. Həmçinin bildirilib ki, əvvəlki mərhələlərdə ölkəmiz üzrə tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsi nəticəsində Azərbaycan Gürcüstanla yanaşı III Monitorinq Raundunu uğurla tamamlayaraq IV Monitorinq mərhələsinə ilk keçən iki ölkədən biri olub və hazırkı hesabatda korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsində "ASAN xidmət" mərkəzlərinin mühüm rol oynaması və ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti geniş işıqlandırılaraq hər iki qurum region ölkələri üçün nümunəvi model kimi təqdim edilib.

Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov çıxış edərək bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən geniş miqyaslı islahatlar, beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq, eləcə də aparılan maarifləndirmə tədbirləri hazırkı hesabatda öz əksini tapıb.



Tədbirdə OECD-nin rəsmiləri T.Xvanska və R.Mikelidze çıxış edərək hesabatı təqdim ediblər. Azərbaycanla səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edən qonaqlar həyata keçirilən geniş miqyaslı və sistemli hüquqi, institusional və inzibati islahatlar nəticəsində Azərbaycanda beynəlxalq standartlara cavab verən antikorrupsiya qanunvericiliyinin formalaşdırılması, korrupsiyanın qarşısının alınması və bu sahədə cinayət təqibinin həyata keçirilməsi, eləcə də dövlət qulluğunda və məhkəmə hakimiyyəti sistemində şəffaflığın artması, informasiya əldə edilməsi, təhsil, gömrük və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahələrində əhəmiyyətli uğurlar əldə edilməsini müsbət iş təcrübəsi kimi xüsusi vurğulayıblar.



Bildirilib ki, hazırkı IV Monitorinq Raundu üzrə hesabatda antikorrupsiya siyasəti, korrupsiyanın qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlər və korrupsiyaya görə cinayət məsuliyyəti, dövlət qulluğunda şəffaflıq, biznesdə dürüstlük istiqamətlərində ölkəmizdə həyata keçirilən islahatların möhkəmləndirilməsi və əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş 31 yeni tövsiyə, o cümlədən təhsil sahəsində 11 yeni tövsiyə öz əksini tapıb. Həmin tövsiyələrin əksəriyyəti Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planının müddəaları ilə uyğunluq təşkil edir və 2019-cu ilədək bu tövsiyələr üzrə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.



Daha sonra dövlət qurumlarının və qeyri-hökümət təşkilatlarının nümayəndələri çıxışlar edib, kütləvi informasiya vasitələrinin sualları cavablandırılıb. Sonda əminlik ifadə edilib ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə öz töhfəsini verərək əməkdaşlığını gücləndirəcək.



Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:





Xəbər lenti