`Açıq deyin ki, məzənnəniz nədir `

  27 Avqust 2013    Oxunub : 816
`Açıq deyin ki, məzənnəniz nədir `
Bəxtiyar Əliyevdən Rüstəm İbrahimbəyova açıq məktub
Milli Məclisin elm və təhsil komitəsi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar Əliyev Rüstəm İbrahimbəyovba açıq məktub yazıb. Məktubun tam mətnini buradan oxumaq olar. AzVision.az həmin məktubdan seçilmiş hissələri oxuculara təqdim edir.

“...Sizin müsahibənizi dinlədikcə ekrana baxırdım və vallah, ürəyim ağrıyırdı. Axı, nə görürdüm ekranda ki, ürəyim də açıla? Olduqca yorğun, hər şeydən bezmiş, özünün özündən belə zəhləsi gedən bir adam. Bir sözünüzdən xoşum gəldi: dediniz ki, Siz zorən siyasətçisiniz. Doğrudan da, elə bil Sizi kimsə zorla məcbur edib, oturdub ki, bu sözləri deyəsiniz. Lakin bütün vücudunuzda, bütün görkəminizdə, daxili aləminizdə o qədər qabarıq laqeydlik vardı ki, adamın Sizə yazığı gəlirdi. Bəlkə həqiqətən də, hansı isə qurumlar və ya dostunuz Vaqif Hüseynov kimi insanlar Sizi sövq ediblər bu addımı atmağa? Əks halda otuz altı dəqiqə, qarşınızda o armudu stəkanda çay Sizə nə üçün lazım idi bu çəkilişdə? Elə bil sübut etmək istəyirdiniz ki, çay içirsiniz, özü də fincanda yox, armudu stəkanda, yəni ki, Üzeyir bəyin sözləri ilə desək, mən də lap veritəbl müsəlmanam.

Ay Rüstəm bəy, Siz axı bizə, öz gələcək seçicilərinizə müraciət edirdiniz?! Heç olmasa bir maraq qığılcımı gözlərinizdə parlayaydı də. Sözlərinizdən elə çıxırdı ki, Siz ekrandan sanki özünüz özünüzə bəraət qazandırmaq istəyirsiniz. Daim vurğulayırdınız ki, tez-tez ora-bura gedib-gəlirsiniz, Azərbaycanda az olursunuz və bizə müxtəlif misallar gətirirdiniz ki, guya Sizin ürəyiniz, fikriniz daim bizimlə bir olub. Amma Molla Nəsrəddinin sözü olmasın, vallah, Sizin bu üzrünüz günahınızdan qat-qat betər çıxırdı...

...Təəssüf ki, dövlətə nifrət virusu Sizə də yoluxdu və Siz bunu müsahibənizdə əyani surətdə nümayiş etdirirdiniz. Unutdunuz ki, biz ötən illər ərzində xeyli işlər görmüşük. Təkcə Qarabağ münaqişəsini həll edə bilməmişik. Biz böhranı aradan qaldırmışıq, yoxsulluğu azaltmışıq, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişik, regionları inkişaf etdirmişik və sairə. Qurduğumuz dövlət də, iqtisadiyyat da, apardığımız siyasət də onu göstərir ki, biz yüksək inkişafa nail olmuşuq. Dünyada gedən qloballaşma prosesləri ilə də hər bir halda ayaqlaşa bilirik. Məhz buna görə Azərbaycana gələn bir daha gəlmək istəyir, ölkəmizin adı bir örnək kimi çəkilir, bizim uğurlu inkişaf modelimizin optimallığı bir çox mötəbər qurumlar tərəfindən qeyd edilir.

Əfsuslar olsun ki, bunları ya görmürsünüz, ya özünüzü görməzliyə vurursunuz. Siz yorulmadan, utanmadan, usanmadan bizə hey qara yaxırsınız. Amma otuz il bundan qabaq baş vermiş və xətrinizə dəymiş olaylar Sizin müsahibənizdə ən ali, ən vacib, ən ümdə məsələlər kimi önə çəkilir. Nə var, nə var o vaxt Sizi Kinematoqrafçılar İttifaqının sədri vəzifəsindən məhrum ediblər. Yaxşı də, kim bilməsə də, kinoya aidiyyəti olan bütün adamlar kimi Siz özünüz də gözəl bilirsiniz ki, kino işçiləri qurultayında Rəyasət Heyəti seçildi. Özü də açıq səsvermə ilə. Əmin idiniz ki, bu Rəyasət Heyəti Sizi hökmən sədr seçəcək. Elə alındı ki, Sizdən başqa hamı yekdillikdə Eldar Quliyevə səs verdi və o da sədr seçildi. Bu anda Siz “ey, intiqam” şüarını rəhbər tutub daha hansı qapıları açmadınız, nə qədər böhtan, iftira, yalan yağdırdınız, daha nəyə əl atmadınız və axır istədiyinizə nail oldunuz – təzədən sədr vəzifəsini tutdunuz. Siz nə dərəcədə hakimiyyət hərisi olduğunuzu hələ o vaxt bütün kino əhlinə əyani şəkildə sübut etmişdiniz.

Ən maraqlısı budur ki, indi də həmin üsullara əl atırsınız. Məlumdur, yalan ayaq tutar, yeriməz. Amma, vallah, billah, yalanın da bir həddi-hüdudu olmalıdır. Həyatının hər dəqiqəsi protokolla müəyyənləşən dövlət başçısının Moskvaya guya gizli gəlib məxfi danışıqlar aparması haqda söhbətlərinizə, vallah, heç yalan da demək olmaz. Bunun cəfəngiyat olması, sözsüz ki, Sizdən başqa hamıya bəllidir. Müsahibədə belə hədyanlar, böhtanlar kifayət qədərdir. Doğrusu, adam bunları dinlədikcə yerinizə xəcalət çəkir.

Siz iddia edirsiniz ki, guya yeganə arzu və istəyiniz – azad, dürüst, şəffaf seçkilərdir. Çox gözəl. Elə isə, ay əzizim, iki gözüm, gəlin də. Bu zavallı Vətən axı yolunuzu nə qədər gözləyəcək? Rusiya vətəndaşlığı ilə məsələni həll edin və gəlin. Yeri gəlmişkən, bu nə Rusiya vətəndaşlığı oyunudur, heç başa düşmədim. Axı Siz ömür boyu Kinematoqrafçılar İttifaqında Azərbaycan pasportunu göstərir və deyirdiniz ki, ancaq Azərbaycanın vətəndaşısınız. Sizə məlumdur ki, bizim ölkədə ümumən ikili vətəndaşlıq qəbul olunmur. Bilmirəm Rusiyada belədir, ya yox, amma, sözün açığı, eşidəndə ki, Siz üstəlik hələ Rusiya vətəndaşısınız, xeyli təəccübləndim. Yaxşı, tutaq ki, artıq belədir, bir bəladır düşmüsünüz. Kiminsə iki arvadı, kiminsə də iki pasportu ola bilər. Amma nə böyük işdir bunu həll etmək?

Siz siyasi məkana qədəm qoyduğunuz gündən cibinizdə hansı pasportların olduğunu hamıdan yaxşı bilirdiniz. Yəni, belə sadəlövhsünüz ki, fikirləşirdiniz Kinematoqrafçılar İttifaqı kimi Mərkəzi Seçki Komissiyası da Sizin hər sözünüzə inanacaq?

Amma artıq geriyə yol yoxdur. Prezident olmaq istəyən kişi durub öz məmləkətinə gələr. Olmaya, nədənsə qorxursunuz? İnanmıram. Siyasət aləminə təzə qədəm qoyanlar da, köhnə siyasətçilər də, lap gənclər də gözəl bilirlər ki, qorxaqdan siyasətçi çıxmaz. Bu yolun yolçularını heç vaxt nə zindan, nə də edam qorxutmayıb. Bir də axı nədən qorxasınız? Çox gözəl bilirsiniz ki, Bakıda heç kəs Sizə baş qoşmayacaq. Sizi nə asıb-kəsən, nə dama basan, nə də Sizə səs verən olmayacaq. Üç-beş dost-aşnanı çıxmaq şərtilə, yəqin, ağlı başında olan elə birisi tapılmaz ki, getsin Sizə səs versin. Amma seçkidi də. Gərək ona qatılasan ki, hansı isə bir nəticə olsun. Moskvada oturmaqla prezident seçilmək olmaz axı.

Sizi dinlədikcə çalışırdım başa düşəm ki, müsahibənizlə nə demək istəyirsiniz, ismarışınızın mahiyyəti nədir? Siz bizə bu hədə-qorxunu niyə gəlirsiniz? Lənət sənə, kor şeytan! Hərdənbir ağlıma gəlir ki, bəlkə mən məsələni çox şişirdirəm? Bəlkə həqiqət mənim fərz etdiyimdən daha sadə və primitivdir? Hərdən hətta fikirləşirdim ki, bəlkə bu şantajdır?

İndi öz aramızdı, gəlin açıq danışaq. Əgər bu, sadəcə olaraq, pul tələsidirsə, açıq-aşkar deyin ki, məzənnəniz nədir. Əminəm ki, Moskvada yaşayan imkanlı azərbaycanlılar bəlkə də, ürəyinizdən keçənləri bir göz qırpımında yığıb dediyiniz yerə çatdıra da bilərlər. Başqa məsələdir ki, ola bilsin bu, təkcə pul davası deyil. Nədənsə mənim ürəyimə damıb ki, bu, ya hansısa dövlətin sifarişidir, ya da məxfi bir idarənin qurduğu tələdir. Kim bilir, bəlkə elə ermənilərin növbəti hoqqasıdır? Vallah, belə olan halda nə deyə bilərəm. Bu artıq bizlik deyil.

Sənə min şükür, Xudaya. Bu çərxi-fələk indi, deyəsən doğrudan da, tərsinə dövran edir. Yatsaydım yuxuma da girməzdi ki, Sizin kimi vasvası, suyu da üfürə-üfürə içən bir adam gəlib o yerə çıxacaq ki, özünü cəbhəçilərin himayədarı və vəkili kimi qələmə verəcək. Ha qulaq asırdım Sizə və ha çalışırdım başa düşüm ki, 1988-ci illərin axırında hansı belə kağıza imza atmısınız ki, ondan sonra heç kəs daha cəbhəçilərin xətrinə dəyməyib. Nə Siz bu barədə bir dürüst məlumat verdiniz, nə mənim yadıma belə bir hadisə düşdü. Kim bilir, bəlkə də o illərin olaylarını məndən də yaxşı bilən biri nəsə yada sala bilər.

Vallah-billah, hamımız gözəl bilirik ki, keçmiş SSRİ-də xalq cəbhələri Milli Təhlükəsizlik qurumlarının himayəsi və dəstəyi ilə yaranırdılar. Düzdür, vahid cəbhənin yaranması barədə şüarlar meydanda daim səslənirdi. Amma bu vaxt söhbət ermənilərə və ermənipərəst qüvvələrə qarşı yaradılan vahid cəbhədən gedirdi. Arzularımızda olan bu vahid cəbhə hara, yaranan Xalq Cəbhəsi hara?!.

Cəbhə söhbəti ortaya atılanda açıq etiraf etmək lazımdır ki, milli təhlükəsizlik orqanlarının nümayəndələri ümidvar idilər ki, hökumət əleyhinə danışan bütün insanları bir yerə toparlasalar, nəzarət məsələləri də xeyli asanlaşar. Vaqif Hüseynovun yazdıqlarına inansaq, Əbdürrəhman Vəzirov dönə-dönə deyirdi ki, bu cəbhəçilərin içərisində kəşfiyyat, əks-kəşfiyyat, milli təhlükəsizlik, xarici kəşfiyyat və bir də Allah bilir kimin nümayəndələri var. İndi kim nə deyir desin, gəlin rəsmi sənədlərə baxaq.

Hamımızın gözəl yadındadır ki, Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə, daha dürüst olsaq, həmin il oktyabrın 5-də Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub. Bunu biz böyük qələbə kimi, toy-bayramla qarşılamışdıq. O vaxt Cəbhənin yaradılması haqqında qərarı da Ayaz Mütəllibov imzalamışdı. Əlində belə daşdan keçən qərarı olan cəbhəçilərə axı Siz nə kömək və dəstək göstərə bilərdiniz?

Maraqlısı budur ki, Nazirlər Soveti Cəbhənin yaranması haqqında qərarla birlikdə iki sənəd də təsdiqlədi o dövrdə. Onlardan biri Cəbhənin nizamnaməsi idi, digəri isə Cəbhə ilə Nazirlər Soveti arasında imzalanan saziş. Cəbhənin nizamnaməsində çox maraqlı cümlələr var; guya bu Cəbhə cəmiyyətin bütün sağlam qüvvələrini səfərbər edib yenidənqurmanın təmin edilməsini öz üzərinə götürür. Və yaxud yazılıb ki, Cəbhə Azərbaycanın sosial, iqtisadi və siyasi normalarının Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq qurulmasına dəstək verəcək. Nazirlər Sovetinin qərarını həmişə olduğu kimi onun sədri və işlər idarəsinin müdiri imzalayıb, Cəbhənin təsisçiləri kimi isə Əbülfəz Əliyev, Hikmət Hacızadə, Leyla Yunusova, Rəhim Qazıyev, Becan Fərzəliyev, Pənah Hüseynov, Zərdüşt Əlizadə, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Sabit Bağırov və Etibar Məmmədov öz mübarək imzalarını atıblar.

Bu arayışı əbəs yerə gətirmədim. Axı, əzizim Rüstəm bəy, istəyirəm Sizin də bu olaylardan bir xəbəriniz olsun. Hamıya məlumdur ki, Bakıda cərəyan edən bütün hadisələrdən o vaxt Siz çox uzaq idiniz. Həm coğrafi, həm də məcazi mənada. O dövrdə, sözsüz, elə fərz edirdiniz ki, bir daha Azərbaycana gəlməyəcəksiniz. Qənaətiniz çox sadə idi: dağıldı da bu ölkə. O vaxt özünüz üçün həm Rusiyada, həm Avropada, həm Amerikada kifayət qədər yaxşı şərait yaratmışdınız. Görünür, elə onda həm Rusiya pasportu aldınız, həm də müxtəlif ölkələrə icazəsiz-filansız gedib-gəlmək üçün sənədlər əldə etdiniz.

Amma tale elə gətirdi ki, bu Nikita Mixalkov növbəti kələyi Sizə gəldi. Mixalkov elə adamdır ki, onsuz Rusiya kinosunda heç kəs nəinki film çəkə bilməz, heç kinoya aid bircə kəlmə belə kəsməz. Bax, elə həmin vaxt yəqin Azərbaycan yadınıza düşüb. Keçən müddətdə böhran içində qoyub getdiyiniz müflis ölkə dağılmaqdan qurtulub cənnətməkan bir yerə çevrilmişdi. Görəndə ki, burada nəinki həyat öz rahat axarı ilə gedir, hətta kinolar çəkilir, Siz fikirləşdiniz ki, dünyanın işinə bax e, mən bunları bəyənmədim, amma bu gün burada qaz vurub qazan doldururlar. Mənim bunlardan məgər bir əskikliyimmi var? Bir sözlə, Siz də üz tutdunuz vətənə ki, bəs mənim payım hanı?

Sizi dinlədikcə fikirləşirdim ki, ey fani dünya, hər şey dəyişə bilər səndə, amma bu pul hərisliyi deyilən şey daim insanların daxilində yaşayıb, yaşayır və görünür, yaşayacaq da. Altunu hər dərdin dərmanı sayaraq Siz artıq xəyallarınızda özünüzü Azərbaycanın ən varlı adamlarından biri kimi görürdünüz. Amma bu var-dövləti, pul-paranı heç də halal zəhmətinizlə qazanmaq fikrində deyildiniz. Güman edirdiniz ki, vətənin borcu öncə Sizin ciblərinizi doldurmaqdan ibarətdir. Niyə sualına Sizin cavabınız çox sadə idi. Axı, mən Rüstəm İbrahimbəyovam. Məni hamı tanıyır, mənə də pul-para, sərvət verməyib kimə verəcəksiniz?

Oxunuz daşa dəyəndən sonra Siz, otuz il öncə olduğu kimi, yenə “ey, intiqam” şüarı ilə üz tutdunuz yadlara. Allah bilir indi hansı qapıları döyürsünüz, kimdən kömək və imdad istəyirsiniz. Şüarlarınız da heç dəyişməyib. Dünyanın ən murdar məxluqu saydığınız biz azərbaycanlılar yenə heç nəyin, o cümlədən Sizin kimi bir dahinin qədir-qiymətini bilmirik, odur ki, bizə kimsə düzgün yol göstərməlidir. Vallah, mənim üçün fərqi yoxdur; biz azərbaycanlılara təsir göstərməyə qadir olan qüvvələri vaxtilə Siz Rusiyada, Siyasi Büroda axtarırdınız, bu gün də Avropa İttifaqına, Amerikaya və kim bilir, daha haralara üz tutursunuz. Nə deyim, işiniz avand olsun.

Tarixin qəribə qanunauyğunluqları var. İndiki kimi yadımdadır, 1990-cı illərin əvvəlində danışırdılar: kimsə Yusif Səmədoğludan soruşub ki, niyə prezident olmaq istəmir, namizədliyini irəli sürmür. Yusif müəllim çox ağıllı adam idi, cavabı çox müdrik olmuşdu:
Prezidentliyə namizəd olmağa nə var? Amma fikirləşəndə ki, birdən elə alındı, səni seçdilər, adamı soyuq tər basır.
Sizdən fərqli olaraq, Yusif müəllim həm hakimiyyətin, həm də məsuliyyətin nə demək olduğunu çox gözəl başa düşürdü. Nadan insanın hakimiyyətdə hansı faciələrə yol aça biləcəyini adam heç ağlına gətirmək istəmir. Bir çox başqa ölkələrdən və məmləkətlərdən fərqli olaraq biz bunu 1990-cı illərin əvvəllərində artıqlaması ilə görmüşük. Allah-təala bizi hakimiyyətdə təmsil olunan elə siyasi naşılardan və elə nadanlardan qorusun.

Teqlər: