Deportasiya edilmiş teatrın direktoru: “Hələ ki, dözürük” – MÜSAHİBƏ (VİDEO)

Deportasiya edilmiş teatrın direktoru: “Hələ ki, dözürük” – MÜSAHİBƏ (VİDEO)
  30 Mart 2017    Oxunub:13112
İrəvan Dövlət Azərbaycan Dram teatrının yaranma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Dövrü mətbuatın məlumatlarına görə, 1882-ci ildə İrəvanda oynanılmış tamaşa teatrın yaranma dövrü hesab olunur. Səyyahların məlumatına görə isə teatrın yaranma tarixi 1640-cı illərə gedib çıxır. Bunlar araşdırma tələb edən mövzulardır.

1928-ci ildə sovet hakimiyyəti zamanı İrəvan teatrına dövlət statusu verilib. Daha sonra Cəfər Cabbarlının adını daşıyıb. Məlum və naməlum səbəblərdən dəfələrlə bağlanılıb, mərkəzdən əyalətə köçürülüb. 1968-ci ildə yenidən bərpa olunub. Ondan sonra uzun müddət - 1984-cü ilə kimi teatra görkəmli Azərbaycan ziyalısı Hidayət Orucov rəhbərlik edib. Bu illər teatrın inkişaf dövrü hesab olunur.

Ancaq təəssüf ki, bu, uzun çəkməyib. 1988-ci ildə başlamış məlum hadisələr teatrın yenə də tənəzzülə doğru getməsinə səbəb olub. 1989-cu ildə teatr Azərbaycana qastrol səfəri adı ilə Neftçala rayonuna departasiya olunub. Elə o zamandan geri qayıtmaq imkanı əlindən alınıb. 1989-cu ildən o zamanın mədəniyyət naziri Polad Bülbüloğlunun, mərhum aktyorumuz Həsənağa Turabovun, Hidayət Orucovun arzusu və istəyi ilə teatr Akademik Milli Dram Teatrının nəzdində bir teatr studiyası kimi fəaliyyətini davam etdirib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev AzVision.az-a müsahibəsində teatrın hazırkı həyatının necə davam etməsindən danışıb.



- 1995-ci ildə Milli Lider Heydər Əliyevin göstərişilə teatra yenidən dövlət statusu verildi. Elə o zamandan Hüseynqulu Sarabski adına mədəniyyət sarayında yerləşdirildi. 2007-ci ildə isə Nazirlər Kabinetinin sərəncamı ilə Binəqədi neft–qaz cıxarma idarəsinə aid olan mədəniyyət sarayı İrəvan teatrına verilib. 125 illik yubileyimizdə həmin bina teatrın balansına hüquqi ünvan olaraq keçib. 2008-ci ildən burada məskunlaşmışıq.

Binamız qəzalı vəziyyətdədir. Binada tamaşa oynamaq imkanlarımız sıfırdır. Lakin premyeralarımızı Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Bakının bütün teatralrında, o cümlədən, respublikadakı teatr binlarında oynamaq icazəmiz var. Əsasən Rus Dram Teatrında, Akademik Milli Dram Teatrında, Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində oynayırıq. Hazırda bir neçə əsərin məşqi gedir.

- Teatr təxminən neçə nəfərlik yaradıcı heyəti birləşdirir?

- Bizim teatrda 25 nəfərlik heyət və bir baş rejissor, bir sıravi rejissor ştatı mövcuddur.

- Digər teatrlarla əməkdaşlıq hansı səviyyədədir? Aktyor, rejissor mübadiləsi olurmu?

- 2000-ci ildə bu teatra rəhbər təyin olunduqdan sonra teatrın köhnə ənənələrini davam etdirmək üçün bu istiqamətdə addımlar atmağa çalışıram. İrəvan teatrının tarixində bu tipli addımlar mövcuddur. Hələ İrəvanda fəaliyyət göstərərkən keçən əsrin əvvəllərindən başlayaraq görkəmli sənətkarlar dəvət əsasında bu teatrla həm rejissor, həm aktyor qismində əməkdaşlıq ediblər. 2000-ci ildən bu günə qədər bir neçə tamaşalara hətta Gürcüstandan, Dağıstandan aktyorlar dəvət etməklə, respublika və beynəlxalq miqyaslı layihələr həyata keçirmişik. Bu yaxınlarda səhnələşdirdiyimiz “Qanlı qızıl toy” tamaşasına xalq artisti Rafael Dadaşovu dəvət etmişdik. Bizim də Akademik Milli Dram Teatrına dəvət alan aktyorlarımız var. Bəzi rolları oynamaq üçün əməkdaşlıq edirik.

- Bakıdan başqa hansı şəhərlərdə tamaşalar vermisiniz?

- Binamızda tamaşa oynamaq imkanımız olmadığına görə həm respublikada, həm də respublikadan kənarda uzunmüddətli qastrol səfərlərimiz olur. 125 illik yubileyimizdə Türkiyənin böyük ərazisini əhatə edən səfərdə olduq.

- Belə şəraitsizlikdə aktyor heyətini saxlamq, yəqin ki, o qədər də asan deyil...
- Yaradıcı adamlar öz sənətlərinə vurğun və bağlı olurlar. Biz onlara qayğı və diqqətlə yanaşarkən onlar teatra bağlılıqlarını davam etdirilər. Onlarda sənət eşqi olduğuna görə, imkansızlıq şəraitində də işləyirlər. Mənim otağımda qoyulan bu stol, stul və digər dekorasiya tipli əşyaların hamısı yaxın günlərdə premyerası olacaq tamaşa üçün nəzərdə tutulub. Başqa yerimiz olmadığına görə hamısını bir otağa sığışdırmışıq.

Binamızın təmirli olmaması işimizdə çətinliklər yaradır. Elə olur ki, bir dəfə də praqon məşq etmədən başqa teatr səhnəsində premyera oynayırıq. Növbəti premyeramız da o şəkildə tamaşaçılara təqdim olunacaq. Güman edirik ki, bu, belə davam etməyəcək, binamız təmir olunacaq. Binamız təmir olunduqdan sonra ayrıca məşq otaqlarımız,tamaşa göstərmək üçün salonumuz olacaq.

Əslində, bizim çox böyük salonumuz var, altı yüz nəfər tutur. Səhnəsi də teatra imkan verir. Ancaq təmir olunmasa, orada çıxış etmək mümkün deyil.

- Təmir nə zamana gözlənilir? Bəlli vaxtı varmı?

- Təmiri biz də səbirsizliklə gözləyirik. Teatrın təmirilə bağlı Prezident 2007-ci ildə sərəncam imzalayıb. Ancaq başqa teatrların təmir məsələsi araya düşdüyünə görə, bizim teatrın təmiri bir qədər ləngidi. Gözləyirik, yəqin ki, belə olmayacaq.

- Repertuarınız daha çox hansı əsərlər üzərində qurulur?

- İrəvan teatrı deportasiya həyatı yaşadığına və ölkəmiz Ermənistanla müharibə şəraitində olduğuna görə, repertuarımızda nəzərdə tutulan əsərlərin çox hissəsi vətənpərvər mövzularda olur. Erməni məkrinə qarşı Azərbaycan humanizmini və mübarizəsini təmsil edən əsərlər nəzərdə tutulur.

- Biletlərin satılması, tamaşaçıların cəlb olunması kimi problemləriniz olurmu?

- Əlbəttə, olur. Bizdə daha çox olur. Bizim stasionarımız, öz binamızda tamaşalarımızı göstərmə imkanımız olmadığına görə, kassamız da yoxdur. Başqa teatrların binasında oynayarkən həm cəlb edəcəyimiz tamaşanı günə, eyni zamanda oynayacağımız binadakı günü cəlb edəcəyimiz tamaşaçıların istəyinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bu, çətinlik yaradır. Hələlik dözürük. Təmirdən sonra qaydasına düşəcək.

Yaradıcı heyət üçün gündəlik səhnədə tamaşaçı ilə ünsiyyətdir. Onların əsas işi, istəyi, peşə xüsusiyyətləri bundan ibarətdir. Sənətkar tamaşaçı istəyir. Biz çalışırıq ki, staisonar olmasa da, səyyar tamaşalara üstünlük verək. Bu istiqamətdə işlər aparırq ki, passivləşməsinlər.

- Aktyorlarınız arasında əməkdar, xalq artistləri varmı?

- Fəxri adlar verilərkən bütün teatrlar nəzərdə tutulur. Bizim teatrdan da fəxri ad və Prezident mükafatı alan sənətkarlarımız var. Fəxri adalara təqdimat olduqda bizim teatr nəzərdə tutulur, tutalacaq da.

- Aktyorların aylıq maaşı digər teatrlardan fərqlənirmi?

- Akademik Dövlət Dram Teatrdan fərqlənir. Teatrlar keteqoriyalara ayrılıb.

Şahanə Rəhimli
Əhməd Xəlilov



Teqlər: #Teatr   #İrəvan  





Xəbər lenti