Bakıda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir - VİDEO

Bakıda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir - VİDEO
  04 May 2017    Oxunub:3577
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
AzVision.az xəbər verir ki, forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilir.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

Forum artıq 4-cü dəfədir ki, Azərbaycan Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur.

Forum çərçivəsidə keçirilən YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısında Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edib. O, bildirib ki, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi Azərbaycanın dünyada mədəniyyətlər arası dialoqun inkişafına verdiyi böyük töhfədir.

Onun sözlərinə görə, Bakı dünyanı narahat edən məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib: “Burada dünyanın çoxlu sayda ölkələrinin siyasiləri, beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai siyasi xadimlər bir araya gəlir və bizim həyatımıza təsir edən məsələlər ətrafında fikir mübadiləsi aparır, problemlərin həlli yollarını axtarırlar”.

A.Kərimov qeyd edib ki, Azərbaycan həmişə dünyada mədəniyyətərarası dialoqun inkişafına böyük töhfə verir və bu tədbirin növbəti dəfə ölkəmizdə keçirilməsi Azərbaycanın bu prosesə sadiqliyini aydın şəkildə nümayiş etdirir.






Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Forum  





Xəbər lenti