İlham Əliyev: “Azərbaycan heç vaxt bu qədər güclü olmayıb” (VİDEO)

İlham Əliyev: “Azərbaycan heç vaxt bu qədər güclü olmayıb” (VİDEO)
  05 May 2017    Oxunub:4442
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib.
AzVision.az xəbər verir ki, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının sayının ildən-ilə artdığını bildirən Prezident İlham Əliyev Forumun tərəfdaşlarının siyahısının geniş olduğunu vurğulayıb. Azərbaycan Prezidenti deyib ki, mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər. Azərbaycan tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənara yayıb.



Bu gün dünyada münaqişələrin, vətəndaş müharibələrinin baş verdiyini vurğulayan dövlətimizin başçısı bunun müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəldiyini söyləyib. Prezident 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb, bunun həm də regionda anlaşmaya xidmət etdiyini vurğulayıb: “Tarixi dövrdən, siyasi sistemdən asılı olmayaraq, Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənarda yayıb. 2011-ci ildə ilk dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş format yaratmaq istəyimizdən irəli gəldi. Bu gün dünyada bəzi proseslər, münaqişələr, vətəndaş müharibələri baş verir. Bu, müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəlir. Keçən il Azərbaycanda Multikulturalizm ili, bu il İslam Həmrəyliyi ili elan edilib. Bu, həm də regionda anlaşmaya xidmət edir”.



“Biz hər zaman xalqlar və dinlər arasında anlaşmanın səviyyəsini artırmağa çalışırıq”- deyən dövlət başçısı bildirib ki, bu gün Bakıda keçirilən bu Forumda beynəlxalq ictimaiyyətin əksəriyyəti təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur. Azərbaycanın multikulturalizm sahəsində artıq beynəlxalq mərkəzə çevrildiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, biz hər zaman xalqlar və dinlər arasında anlaşmanın səviyyəsini artırmağa çalışırıq.



Prezident İlham Əliyev deyib ki, Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda, köklərinə bağlıdır. Azərbaycan Prezidenti xatırladıb ki, 2008-ci ildə “Bakı prosesi”nə start verilib. 2008-ci ildə Avropa Şurası ölkələri nazirlərinin toplantısını keçirən zaman müsəlman ölkələri nazirlərini dəvət etdik, mədəniyyətlərarası dialoqu müzakirə etdik. 2009-cu ildə müsəlman ölkələri nazirlərinin toplantısına isə Avropa ölkələrinin nazirlərini dəvət etdik. Azərbaycan mədəniyyətlərarası dialoqda bu rolu oynamaqla fəxr edir.



Dövlət başçısı bildirib ki, 2015-ci ildə ilk Bakıda Avropa Oyunları keçirilib: “Azərbaycanın təşəbbüsü olmasaydı, Avropa Oyunları keçirilməzdi. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə multikulturalizmin daha bir nümayişidir. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik, 3 mindən artıq idmançı ölkəmizə gələcək. Biz bununla xalqları, xüsusən müsəlman xalqlarını birləşdiririk. Azərbaycan İslam dəyərlərini təşviq etmək üçün müxtəlif tədbirlər keçirir. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön cərgəsində dayanır. Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü qeyd etdik. Bütün bunlar göstərir ki, taleyiniz öz əlinizdə olan zaman böyük uğurlara imza atırsınız. Yalnız azad olan zaman böyük uğurlar qazana bilərsiniz. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda köklərinə bağlıdır”.



Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılıb, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib". Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmir: "Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi hissəsidir".

Nitqinin sonunda Prezident İlham Əliyev Forumun dünyanı narahat edən çağırışlar yönündə səylərin birləşdirilməsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırdı və Forumun işinə uğurlar arzuladı. UNESCO-nun baş direktoru xanım İrina Bokova Forumda iştirak etməkdən məmnun olduğunu bildirdi, Prezident İlham Əliyevə və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya mədəniyyətlərarası dialoqa verdikləri önəmə görə minnətdarlıq etdi. Bu gün dünyada baş verən toqquşmaların böyük təhlükələr doğurduğunu, bu baxımdan da qlobal həmrəyliyə ciddi ehtiyacın yarandığını deyən UNESCO-nun baş direktoru onu da vurğuladı ki, mədəniyyətlərarası dialoqa xidmət edən prinsiplərin qorunması, zorakı ekstremizmə qarşı mübarizənin gücləndirilməsi vacibdir və mədəni müxtəliflik bəşəriyyət üçün qürur mənbəyi olmaqda qalmalıdır.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi, ötən il BMT-nin Bakıda keçirilən Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun uğurla baş tutduğunu bildirdi. O, BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumuna dəstək verdiyini deyərək hərbi münaqişələrin qarşısının alınması yolu ilə dünyada sülhün təşviq olunmasının vacibliyini vurğuladı. BMT-nin qlobal terrorizmə qarşı mübarizə strategiyasının tərkib hissəsi kimi dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasında mədəniyyətlərarası dialoqun xüsusi əhəmiyyətini vurğulayan Nassir Abdulaziz Al-Nasser davamlı inkişaf məqsədlərinin tam icrasında hamını səfərbər olmağa çağırdı və bu hədəflərə çatmaq yolunda Azərbaycana mühüm tərəfdaş kimi baxdıqlarını qeyd etdi.

BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai də Azərbaycan Prezidentinə bu Foruma verdiyi dəstəyə görə minnətdarlıq etdi. O, son illərdə Bakının inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirdi. Forumun qlobal liderlərin qarşısında mühüm öhdəliklər qoyduğunu və onların həllinin vacibliyini diqqətə çatdıran BMT rəsmisi dünyada ən böyük areala malik turizm sektorunun inkişafı ilə bağlı qarşıda yeni vəzifələr durduğunu dedi. O, insanların səyahət hüquqlarının qorunması və təbliğ olunması ilə bağlı görülən işlərdən danışaraq bu sahədə yeni strategiyaların tətbiqinin vacibliyini vurğuladı.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin mədəni müxtəlifliyin önəmini vurğuladı və bu Forumun keçirilməsinin qarşıda duran vəzifələrin icra edilməsində mühüm addım olduğunu bildirdi. İslam Əməkdaşlıq Təşkilatının dinlər və mədəniyyətlərarası dialoqa dəstəyini bundan sonra da davam etdirəcəyini deyən Yusif Əl-Osaymin bununla bağlı təşkilatın müvafiq planlarının olduğunu vurğuladı.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm səylər göstərdiyini, Bakının bu prosesdə vacib rol oynadığını, münaqişələrin və gərginliyin davam etdiyi dünyada Azərbaycanın bir ahəngdarlıq məkanı olduğunu bildirdi. O, ISESCO-nun dünyada anlaşmaya nail olunmasına çalışdığını bildirərək bu məsələdə avropalı tərəfdaşlarla səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırdı.

Avropa Şurası baş katibinin müavini Qabriella Battaini Draqoni də Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq platformasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. O, Avropa Şurası tərəfindən bu sahədə həyata keçirilən tədbirlərdən danışdı, mədəniyyətlərarası dialoqun Avropanın demokratik təhlükəsizliyinin təmin edilməsində mühüm amil olduğunu bildirdi.

Sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın müraciəti səsləndirildi. O, müraciətində bu Forumun insanlar arasında mədəni körpülərin qurulmasına xidmət etdiyini bildirir, dünyada kənd təsərrüfatının inkişaf etdirilməsinin, insanların ərzaq və qida ehtiyacının ödənilməsinin əhəmiyyətini vurğulayır. Azərbaycanın dəstək verdiyi bu Forumun təşəbbüslərinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən dəstəkləndiyini bəyan edir.

Forum işini plenar sessiyalarla və panel müzakirələrlə davam etdirir.

***
(10:08)

Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyir.

Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.

Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçiriləcək.

AzVision.az


Teqlər: Bakı-Forumu   İlham-Əliyev  





Xəbər lenti