Beynəlxalq Bankın “bəlası” nə vaxt və nədən başlamışdı?! - TƏHLİL
Bəli, ABB-nin "başına gələnlər" məlumdur və ciddi tənqidə məhkumdur. Ancaq, sözügedən bankı kapital çatışmazlığı problemi ilə üz-üzə qoyan təkcə bu amil olmayıb. Bəzi ekspertlər isə məqsədli şəkildə israrla yalnız bunu qabardırlar. Halbuki, yerdən çıxan xəstə bitkinin problemi onun kökündə olduğundan torpağın alt hissəsi nəzərdən keçirilməlidir.
Bəs, üst-üstə təxminən, 15 milyard manatlıq zərərə əsas səbəb nə olub?
Məsələ bundadır ki, ABB Azərbaycanın bank sektorunda bir nömrəli sistem əhəmiyyətli bank sayılırdı. Ümumiyyətlə, bu qurum maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq, bütöv çeşiddə hesablaşma və sosial ödənişlərin həyata keçirilməsi və əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi, sahibkarlara kredit verilməsində mühüm rol oynayırdı.
Bax, əslində, səhv də elə məhz bunda idi və gələcək problemlərin kökü buradan başlayırdı. Belə ki, hər hansı bir bankın sistem əhəmiyyətli olması zərərli deyil, amma hədsiz dərəcədə nəhəng və "nömrə 1" olmaq, bütövlükdə bank sektoru üçün ciddi təhdid və riskli vəziyyətdir. ABB üzrə vəziyyət də məhz belə idi...
Deməli, həmin bank problemlə üzləşsə idi, bu, bank sektoruna təsir göstərməli və dalğa şəklində bütün sektora yayılmalı idi. ABB ilə əlaqədar da bu, baş verdi. Yəni, məsələ ondan ibarətdir ki, ABB-ni "çökdürən" təkcə, yarıtmaz idarəçilik mexanizmi olmayıb. Buna həm də ölkəmizin valyuta gəlirlərinin neftin qiymətlərinin enməsiylə əlaqədar, azalması nəticəsində yaranan yeni situasiya yol açdı.
Ümumiyyətlə, ölkəmizin bank sektorunda problemlər hələ illər öncədən mövcud idi. İstehlak kreditlərinin necə gəldi paylanması, xarici maliyyə qurumlarının səxavətli olmasından böyük zövqlə və həvəslə yararlanılması və sair amillər sistemi çoxdan uçuruma aparırdı. 2012-ci ildən etibarən, bütün bunlar artıq, narahatlıq doğurmağa və ciddi nəzarət tədbirləri görmək haqda danışılmağa, Milli Məclisdə də bu haqda söz-söhbətlərə start verilməyə və ölkədə istehlak kreditlərinin verilməsinə dair şərtlərin sərtləşdirilməsinin zəruri olduğu vurğulanmağa başlanmışdı. Amma artıq, gec idi.
Xatırladım ki, banklara nizamnamə kapitallarını tədricən artırmağa, kreditləşdirməni sərtləşdirilməyə və sair kimi tədbirlərə start verildi. Mərkəzi Bank (AMB) tərəfdən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması haqda tələbi, habelə onların nizamnamə kapitalları həcminin 10 milyon manatdan 50 milyona qaldırılması barədə öncə (2012-ci ilin iyul ayının 25-də verilən qərara əsasən) 2014-cü ilin əvvəlinədək, sonra isə 1 il uzadılaraq 2015-ci ilin yanvarın 1-dək uzadılması qərarlarını xatırlamaq kifayətdir.
Ancaq neftin qiymətinin 2014-cü ilin iyununda düşməyə başlaması "yaranın üstünü" tez açdı. Və birinci də, təbii olaraq məhz, ABB üzrə mövcud olan "biabırçı" vəziyyət üzə çıxdı. Odur ki, hökumət bir növ dilemma qarşında qaldı: ya sözügedən bankı bankrot elan edərək “başını buraxmalı”, ya da onu sağlamlaşdırmalı və restruktizasiya etməli. ABB-ni isə ləğv etmək olmazdı!.. Bunun səbəbi yuxarıda qeyd etdiyim amillə bağlıdır.
Ümumiyyətlə, ABB-nin ləğvi dövlətin bank sektorunda bütün “dayaqlarını” itirməsi ilə nəticələnərdi. Və bu, bütövlükdə ölkənin xarici və beynəlxalq iqtisadi nüfuzunə xələl gətirilməsi ilə nəticələnəcək idi ki, deməli, qalırdı bir yol: bankın qeyri-sağlam hissəsini, toksik aktivlərini kəsib götürmək və bunu dövlətə transfer etmək.
Yeri gəlmişkən, neftin qiyməti düşəndən sonra bank sektorunda yaranan yeni situasiya ilə əlaqədar AMB bir arada istədi ki, sərt addımlar atsın. Belə ki, 2015-ci il dekabrın 21-də 2-ci devalvasiyadan sonra bir sıra bankların lisenziyalarının alınması, o cümlədən bəzilərinin birləşdirilməsi üçün cəhdlər edildi.
Lakin bu cür tədbirlər effektsizliyə məhkum idi. Bunu əslində, 1-ci devalvasiyadan əvvəl etmək lazım idi. Belə ki, AMB-in nizamnamə kapitalına qoyulan tələbi artırmaq, istehlak kreditlərinin verilməsi şərtlərini məhdudlaşdırmaq kimi dolayı tədbirlərinə neftin qiyməti baha olanda nail olmaq lazım idi. Odur ki, bunların heç biri alınmadı. Əslində, bir sıra tədbirləri həyata keçirtmək üçün 1-ci devalvasiyadan sonra da gec deyildi. Ancaq təəssüf ki, AMB tamamilə əksmövqe tutdu. Və ölkədə devalvasiya tədbirlərindən sonra fəaliyyət göstərən kommersiya bankları daha güclü sığortalandı. Hazırda isə əslində, bütün banklara güclü maliyyə dəstəyi tələb olunmaqdadır.
ABB-lə əlaqədar isə olduqca ziddiyyətli və sanki, daha çıxılmaz vəziyyət yaranıb. Belə ki, ya bankın müştərilərinin mənafeyi qorunmalı, ya da qurumun likvidliyi normal vəziyyətə gətirilməlidir. Məsələ isə bundan ibarətdir ki, bunların heç biri biri-birindən təcrid olunmuş şəkildə həll oluna bilməzdi. Problem də məhz bunda idi.
Yeri gəlmişkən, xarici öhdəliklərin restruktizasiya məsələsi ortaya çıxdıqdan sonra Fitch və Moody’s beynəlxalq reytinq agentlikləri tərəfindən ABB-nin reytinqinin ССС və Caa3 səviyyəyə endirilməsi də faciə kimi təqdim edilir. Sual edirəm: xarici reytinq agentlikləri belə vəziyyətdə olan banka nə kimi qiymət verməli idilər ki? Təbii ki, ya defolt və yaxud bankrot, ya da ki ən aşağı reytinq verməli idilər...
Bu, əslində, çox normal bir yanaşmadır və əsas məsələ də məhz bundan sonrakı prosesdir. ABB sağlamlaşdırıldıqdan sonra özəlləşdiriləcək. Düzdür, buna hələ var, müəyyən zaman çəkəcək. Ancaq ABB “reaminasiyadan çıxdıqdan” sonra tamamilə yeni qiymətləndirilmə və yanaşma tələb edəcək..
Yeri gəlmişkən, bütün bu tədbirlər bankın yerli subyektlər qarşısında öhdəliklərini icra etməyə heç bir təsir göstərməyəcək. Odur ki, o da aydın deyil ki, xarici borcverənlərin yerinə bizim bəzi ekspertlər nədən və niyə “yas süfrəsi” açıblar. ABB-nin ayaq üstə qalxmağı bütün bank sektoru üçün əhəmiyyət daşıyacaq.
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: