ATƏT PA-da Zəhranın qətlindən danışıldı: “Onları şəxsən tanıyırdım” (VİDEO)

ATƏT PA-da Zəhranın qətlindən danışıldı: “Onları şəxsən tanıyırdım” (VİDEO)
  05 İyul 2017    Oxunub:8613
Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında ötən gün Füzulinin Alxanlı kəndində baş verən erməni təxribatı ilə bağlı məsələ qaldırıb.
AzVision.az xəbər verir ki, vitse-spiker Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən təxribat nəticəsində həlak olan 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı barədə parlamentariləri məlumatlandırıb. O, erməni təxribatı nəticəsində bir kənd sakininin yaralandığını xatırladıb.

“Ermənistan silahlı qüvvələri təmas xətində sistemli şəkildə hücumlar edir. Mən özüm bu regiondan Azərbaycan parlamentinə millət vəkili seçilmişəm. Həlak olan şəxsləri şəxsən tanıyırdım. Çox təəssüflər olsun ki, onlar artıq həlak olublar. Mən özüm də Füzuli rayonundan məcburi köçkünəm. Azərbaycan tərəfində təmas xəttində yalnız mülki əhali yaşayır. Təmas xəttinin digər tərəfində Ermənistandan olan silahlı çağırışçılar, əsgərlər dayanır. Təmas xəttində baş verən, mülki insanların ölümünə görə məsuliyyət Ermənistanın hərbi-cinayətkar rejiminin üzərinə düşür”, - deyə Muradova çıxışında qeyd edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT-PA   Alxanlı   Füzuli   Qarabağ  





Xəbər lenti