Azərbaycandan Gürcüstana xüsusi dəstə göndərilib - VİDEO
Meşə yanğınının söndürülməsi məqsədilə qonşu ölkəyə ezam edilən nazirliyin xilasetmə dəstəsinin operativ və səmərəli fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsi üçün ərazidə FHN-in Mülki Müdafiə Qoşunlarının səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlarının qurulması və səyyar mətbəxin açılması nəzərdə tutulub. Bununla bağlı bütün təminat Azərbaycan FHN tərəfindən həyata keçiriləcək.
Ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.
FHN-in xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin iki helikopteri ilə Gürcüstana çatıb. Qeyd edilən digər texnikalar və canlı qüvvə yaxın saatlarda Azərbaycan-Gürcüstan dövlət sərhədini keçəcəklər.
Xatırladaq ki, avqustun 22-dən FHN-in aviasiya dəstəsinin xüsusi avadanlıqla təchiz olunmuş 1 helikopteri 11 nəfər şəxsi heyəti ilə yanğınsöndürmə əməliyyatına qoşulub.
AzVision.az