Bakıda oğlanlara kirayə ev verilmir – VİDEOREPORTAJ
Rieltor Pərviz Xankişiyevlə söhbətimiz əsnasında məlum oldu ki, tələbələr ucuz qiymətə kirayə mənzil tapmaqda çətinlik çəkirlər.
Onun sözlərinə görə, işləmək üçün rayonlardan Bakıya gələnlərin sayının artması, eyni zamanda xarici turistlərin axını şəhərdə kirayə ev tapmaq məsələsini müşkülə çevirib.
“Xaric turislərə görə kirayə ev tapmaq çətindir. Şəhərin mərkəzində olan evlər çox bahadır, yerli sakinlərin ciblərinə uyğun gəlmir. Bu evlər daha çox turistlərin diqqətini cəlb edir. “28 May” metrosunun yaxınlığında 2 otaqlı mənzili 400-500 manatdan aşağı tapmaq mümkün deyil.
Mikrorayonlara yaxın ərazilərdə isə qiymətlər nisbətən aşağıdır. Paytaxt ətrafında həyət evlərinin də qiyməti ucuzdur. Belə evləri 200-250 manata kirayələmək mümkündür. Lakin həmin mənzillər çox vaxt şəraitsiz vəziyyətdə olurlar”.
P.Xankişiyev qeyd edib ki, “Nəriman Nərimanov”, “28 May” metrostansiyalarına yaxın ərazilərdə, “Tarqovu” ətrafında tələbələr üçün münasib qiymətə kirayə ev tapmaq çətindir.
“Belə evlər günü 50-60 manata turistlərə verilir” – deyən rieltorun sözlərinə görə, tələbələrin ev tapa bilməməsinə digər səbəb isə mənzil sahiblərinin hər adama ev verməməsidir. Bu səbəbdən oğlanlar ev tapmaqda çətinlik çəkirlər.
“Ev sahibləri onlara etibar etmirlər. Çünki oğlanlar evləri çirkli saxlayır, kənar şəxslər gətirirlər. Oğlanlardan tez-tez şikayətlər edirlər”.
Ramiz Əhmədov isə qeyd edib ki, boş evlərin çoxu keçən ildən kirayələnib.
“Yeni qəbul olan tələbələr ev tapa bilmirlər. Çünki, boş evlərin çoxu ötən il və əvvəl qəbul olan tələbələr tərəfindən tutulub. Hamı istəyir ki, ev metroya yaxın olsun. Bina evlərinə daha çox üstünlük verilir. Heç kim həyət evinə getmək istəmir. Şəhərə işləmək üçün gələnlərin sayının artması tələbələrin vəziyyətini çətinləşdirib. Valideyinlər günlərlə ev axtarırlar. Bu məntəqədən çıxıb, o biri məntəqəyə baş çəkirlər. Evlərin qiyməti mərkəzdə çox bahadır. Tələbələrin ciblərinə uyğun deyil.
“Memar Əcəmi” metrosunun yaxınlığında kirayə mənzillərin qiyməti 300 manatdan başlayır. Mənzil sahibləri ailəyə və xanım tələbələrə üstünlük verirlər. Qiymətlər mənzillərin şəraitindən, mərtəbəsindən, yerləşmə yerindən aslı olaraq dəyişir. Tələbələr birinci və beşinci mərtəbədə qalmaq istəmirlər. Bundan əlavə kirayə evlərin qiymətində 50-60 manat bahalaşma hiss olunur”.
Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
AzVision.az