Azərbaycanla Koreyanın 23 milyonluq ticarət dövriyyəsi - (VİDEO)

Azərbaycanla Koreyanın 23 milyonluq ticarət dövriyyəsi - (VİDEO)
  11 Sentyabr 2017    Oxunub:2850
Bu gün Koreya və Azərbaycan arasındakı diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə səfirlikdə qəbul keçirilib.
AzVision.az-ın xəbərinə görə, qəbulda iştirak edən səfir müavini Kvon Donq-sok deyib ki, iki ölkənin münasibətlərində 25 ildə böyük irəliləyiş əldə edilib və əməkdaşlığın daha da inkişaf etdirilməsi arzulanır: "Ölkələrimiz arasında əlaqələrin inkişafının əsas göstəricilərindən biri də Azərbaycanda çoxlu Koreya şirkətinin fəaliyyət göstərməsidir. Təbii ki, əməkdaşlığımızın yüksək səviyyədə olmadığı sahələr də var və həmin sahələrin inkişafı üçün çalışırıq".



Kvon Donq-sok qeyd edib ki, ildönümü münasibətilə məcburi köçkünlərə dəstək, Koreya-Azərbaycan Birgə Ənənəvi Musiqi Konserti, Taekvando Yarışı, Koreya-Azərbaycan Birgə Rəsm Sərgisi və Koreya Mətbəxi Festivalı kimi müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Səfir müavini deyib ki, sentyabrın 17-də Heydər Əliyev sarayında Koreyanın 80-ə yaxın məşhur incəsənət xadimi və taekvando ustasının iştirakı ilə konsert proqramı keçiriləcək: "Tədbir Koreya musiqisi ilə Azərbaycan musiqisinin harmoniyasına həsr olunacaq".

Səfir müavini bildirib ki, gəmiçiliyin inkişafı ilə bağlı Azərbaycanda gəmiqayırma işlərinə və təmirinə tələblər artacaq: "Bildiyiniz kimi, Koreya dünyanın ən yaxşı gəmi istehsalçısıdır. Biz təcrübəmizi Azərbaycanla bölüşsək, Azərbaycan bu sahədə dünyanın lider dövlətlər siyahısına daxil ola bilər".

Onun sözlərinə görə, 2017-ci ilin birinci yarısında Azərbaycan və Koreya arasında ümumi ticarət dövriyyəsi 23,77 milyon dollar təşkil edib: “Həmin müddətdə Azərbaycandan Koreyaya 146 130 min dollar dəyərində mal ixrac olunub. Koreyadan isə Azərbaycana 23622 milyon dollar dəyərində məhsul idxal edilib".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Koreya   Azərbaycan  





Xəbər lenti