“Bizə qarşı qarayaxma kampaniyaları aparılır” - Prezident (VİDEO)

“Bizə qarşı qarayaxma kampaniyaları aparılır” - Prezident (VİDEO)
  15 Sentyabr 2017    Oxunub:3652
“Məktəb tikintisi Azərbaycanda sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fondu verib”.
AzVision.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında müəllim və şagirdlərlə görüşdə bildirib.

Dövlət başçısı deyib: ““Yeniləşən Azərbaycana yeni məktəb” proqramı geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəblər tikildi və 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb, bir çox məktəblər yenidən tikilib. Bu proses davam edir və davam edəcəkdir. Çünki hələ də qəzalı vəziyyətdə məktəblər var. Digər tərəfdən Azərbaycanın uğurlu iqtisadi inkişafı buna gətirib çıxarır ki, Azərbaycanda əhalinin sürətli artımı müşahidə olunur. Çox müsbət haldır. Ölkəmizin inkişafını göstərir. Nə qədər əhalimiz artarsa, o qədər də ölkəmiz güclənəcək. Hər il məktəblərə gələn uşaqların sayı artır. Belə olanda hər il məktəblərin tikintisi prosesi davam etdirilməlidir. Məktəblərin maddi-texniki bazasının güclənməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır, biz bunu görürük. Son illər bu, özünü ali məktəblərə qəbul imtahanlarında büruzə verir. Bizim məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanıblar, onların aralarında qızıl medal da var. Təhsilin keyfiyyəti bizim üçün prioritet məsələdir. Ancaq şagirdlərdən və müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb tək şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin də əməkhaqqı artır. Xüsusən, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Mənə verilən məlumata görə, Bakı şəhərində müəllimlərin orta aylıq əməkhaqqı 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir. Müəllimlərin əməkhaqqı daha da artmalıdır, nə qədər artarsa, o qədər yaxşıdır”.



“Bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır” - deyən İlham Əliyev qeyd edib: “Biz 25 ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Bunların da məqsədi aydındır: Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu bizi heç vaxt yolumuzdan döndərə bilməz. Biz haqq yolundayıq.

Bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi bizim böyük dəyərimizdir və bunu biz, Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Əlbəttə ki, ölkəmizdə kifayət qədər güclü siyasi iradə var ki, bütün kənardan bizə tuşlanan atəşlərdən xalqımızı qoruyaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti