“Günəşli” faciəsinin 22 yaşlı qurbanı - “Oğlum Raquf Orucovun sevimli əsgəri olub” (FOTOLAR+VİDEO)

“Günəşli” faciəsinin 22 yaşlı qurbanı - “Oğlum Raquf Orucovun sevimli əsgəri olub”  (FOTOLAR+VİDEO)
  22 Sentyabr 2017    Oxunub:34697
22 yaşlı Turalın böyük planları var idi. O, ev almaq, peşəkar neftçi olmaq, ailə həyatı qurmaq arzusu ilə yaşayırdı. Atasına söz vermişdi ki, ölkənin ən tanınmış neft mütəxəssislərindən biri olacaq. İki il öncə “Günəşli” yatağında baş verən faciə onun bütün arzularının üstündən qara xətt çəkdi. Dəhşətli hadisənin baş verməsindən iki ilə yaxın vaxt keçsə də, Turalın cəsədi hələ də tapılmayıb.
AzVision.az-ın əməkdaşları “Günəşli” faciəsinin qurbanı olan Tural Babazadənin evinə baş çəkərək, ailə üzvləri ilə görüşüb.



Turalın atası Fətəli Babayev oğlunun öldüyünə inanmır. O, hesab edir ki, nə vaxtsa Tural evinə geri qayıdacaq.

-Tural bu işə böyük həvəslə başlamışdı. O, neft kursunda təhsil alıb, “Günəşli” neft yatağında işə düzəlmişdi. Buna görə çox sevinirdi. Çünki Tural atasının peşəsini davam etdirirdi. Mənə söz vermişdi ki, neft sahəsi üzrə kariyera quracaq və ölkə üçün layiqli mütəxəssis olacaq.

Tural bir il idi ki, “Günəşli" yatağında işləyirdi. Qısa müddət ərzində hər kəsin hörmətini qazanmışdı. Sonuncu dəfə 2015-ci ilin noyabrın 21-də növbəyə getdi. 15 gün orada qalmalı, dekabrın 7-də evə qayıtmalı idi.



Həmişə Turala deyirdim ki, bəlkə orada işləməyəsən? Çünki mən özüm də Neft Daşlarını, estakadaları görmüşəm. Orada işləmək çox ağırdır. Tural iş yoldaşlarından ayrılmaq istəmirdi. Təklif etdim ki, oğlum bəlkə Çilov adasında işləyəsən. Tural razılaşmadı. Dedi ki, mən iş yoldaşlarımdan ayrı düşmək istəmirəm.



Atasının sözlərinə görə, Tural hərbi xidmətdən qayıdandan sonra təhsilini davam etdirmək istəyirdi.

“Dekabrın 3-də Tural platforma rəisi Allahverdi müəllimə ərizə ilə müraciət etmişdi ki, onun dərəcəsini artırsınlar. Platformanın rəisi dərəcə almaq üçün razılıq vermişdi. Ərizəni təsdiq edib, idarəyə göndərmişdilər. Heyif ki, qismət olmadı”



-Turalla sonuncu dəfə nə vaxt əlaqə saxladınız?

-Dekabrın 4-də, təxminən axşam saat 5 radələrində Tural mənə zəng vurdu. Tural işdə olan zaman həmişə axşam saat 8-dən sonra bizimlə əlaqə saxlayırdı. Bu dəfə tez zəng vurmuşdu. Soruşdum ki, nəcəb belə tez yığmısan? Cavab verdi ki, bu gün hava şəraiti pisdir, ona görə işləmirik. Dedi ki, biz öz otaqlarımızdayıq, evlə əlaqə saxlamaq üçün hamımıza icazə veriblər. Bir az zarafatlaşdıq. Tural qətiyyən təhlükə barədə mənə heç nə demədi. Dedi ki, ata narahat olmayın, hər şey yaxşıdır. Daha sonra bildirdi ki, bir az dənizdə dalğa var. Zarafatla dedim ki, oğul ölkəyə neft-qaz verə bilirsiniz? Dedi ki, ata, darıxma hər şey yaxşdır, neftimiz də, qazımız da var.



-Turalın gələcək planları nə idi?

-O, ali təhsil alamağa hazırlaşırdı. Rusiyada qiyabi təhsil almaq istəyirdi. Həmişə deyirdi ki, mən işləməli və ailəmə kömək etməliyəm. Həm işləmək, eyni zamanda da təhsil almaq istəyirdi. Böyük planları vardı. Ev almaq istəyirdi. Çünki, bizim öz evimiz yoxdur. Qardaşımın evində qalırıq. Mən də ona zarafatla deyirdim ki, bəlkə evlənmək istəyirsən? Deyirdi ki, yox ata, istəyirəm yaxşı evimiz olsun.

Tural aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raqub Orucovun əsgəri olub.

-Tural Ağdamda hərbi ximətdə olub. O, hərbi xidmətini yaxşı davam etdirdiyinə görə əfsanəvi komandir Raquf Orucov tərəfindən təltif edilib. Babası cəbhə bölgəsində xidmət etdiyinə görə çox nigarançlıq keçirirdi. Tural babasına söz vermişdi ki, o, hərbi xidmətdən fəxri fərmanla qayıdacaq. Sözünü tutdu.

Atası Turaldan danışdıqca göz yaşına hakim ola bilmirdi. Özünü inandırmağa çalışırdı ki, oğlu bir gün qayıdacaq...



-Onun yoxluğunu qəbul edə bilmirik. Elə hesab edirəm ki, Tural neftçi yoldaşları ilə birlikdə haradasa işləyir, uzun müddətli ezamiyyətə gedib. Gözümüz qapıdadır ki, bu dəqiqə qapı döyüləcək və Tural içəri girəcək. Nə qədər ağır olsa da, hadisənin başqa cür olduğuna inana bilmirik.



Turalın analığı Təranə Babayeva söhbətimizə qoşularaq, israrla onun ölmədiyini deyir:

-Biz onun yoxluğunu, ölüm xəbərini qəbul etmirik. Ölmək sözü Turala yaraşmır. Hadisə baş verəndə bizim adımızdan müxtəlif məlumatlar yaymışdılar. Buna görə mətbuatdan incimişdik. Elə bil, yaramızın üstünə duz səpirdilər. Yazırdılar ki, Turalı dünyaya mən gətirməmişəm. Amma mən elə bilirdim ki, onun doğma anası mənəm. Tural 3 bacısını boynu bükük qoyub.



-Təranə xanım, Tural xaraktercə necə insan idi?

-Elə bir insan dünyaya heç vaxt gəlməyəcək. O, atasına, bacılarına və mənə qarşı həmişə diqqətlə yanaşırdı. Turalı özümə arxa bilirdim. O, çox çətinliklər görmüşdü. Buna görə də hərəkətini, davranışını bilirdi. Hadisə olan gün Tural ev telefonuna zəng etdi. Hamımızla danışdı. Dedim ki, Tural nə yaxşı bu telefona zəng etmisən? Dedi ki, narahat olmayın, ayın 7-də qayıdacağam.



-Turalın ana həsrəti çəkdiyi deyilirdi...

Fətəli Babayev: Bütün övladlar öz analarını istəyirlər. Hər bir ana üçün övlad əzizdir. Buna baxmayaraq, Tural 10 yaşından bəri yoldaşımın himayəsi, tərbiyyəsi ilə böyüyüb. Həyat yoldaşım onu doğma övladı kimi istəyib.



-Dostlarının dediyinə görə, Tural anasının yanında dəfn olunmasını istəyirmiş...

Fətəli Babayev: Tural bu barədə mənə heç nə deməyib. İnanmıram ki, Tural belə düşünüsün. Çünki, onun təhsil almaq, iş qurmaq kimi böyük planları vardı. Mənə söz vermişdi ki, mən neft sənayesində yüksək kariyera quracaq. Demişdi ki, ata, sən adi mühnədis işləyirsən, mən isə neft sahəsində böyük kariyera quracağam, sən hər şeyi özün görəcəksən.

Tural zəhmətkeş uşaq olub. Məktəbdə oxuyanda restoranlarda işləyirdi. Qazandığı pulu gətirib, mənə verirdi. Deyirdim ki, bu sənin öz zəhmətinin məhsuludur, pulunu cibinə qoy. Tural heç vaxt əziyyətdən qorxmayıb.



-Təranə Babayeva: Hadisə olandan 3-4 ay sonra bağçada mənə başsağlığı verdilər. Dedilər ki, Allah rəhmət eləsin, oğlun ölüb. Bu sözə görə, günlərlə özümə gələ bilmədim. Metroya minə bilmirəm. Elə bilirəm ki, bu dəqiqə Tural qarşıma çıxacaq.

Fətəli Babayev: Elə bilirdik, bütün çətinliklərimiz geridə qalacaq. Turalın işləməyi ailəyə böyük dayaq idi. Bunun adını təbii fəlakət qoyurlar. Bəlkə də kiminsə səhlənkarlığı ucbatından olub.



Təranə Babayeva: Son vaxtlar Turalı tez-tez yuxuda görürəm. Mən bu evə gələndə, Tural körpə idi. Onunla yaşadığımız bütün günlər gözümün önündən getmir. Turalın nənə-babasının üzünə baxa bilmirəm. Xəcalət çəkirəm.

Onun işdən evə qayıtmağı indiki kimi gözümün önündədir. Qapını açan kimi yeməyin qoxusunu buruna çəkib deyirdi ki, ev yeməyinin yerini heç nə verə bilməz.



Fətəli Babayev: Babası bu hadisədən sonra onun dərdinə dözə bilmədi, dünyasını dəyişdi. Ömrünün son günlərinə kimi Turalın şəkilini sinəsi üzərində saxladı. Bütün qardaşlarım, bacılarım həmişə bizim yanımızda oldular. Bizə dəstək oldular. Onlara dərindən təşəkkür edirik...

























Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Günəşli   Neftçi  





Xəbər lenti