Mitinq quduzluğu

  22 Sentyabr 2017    Oxunub : 4657
Mitinq quduzluğu

Mehman Muradlı

Quduzluq infeksiyadır və onun virusunun əsas rezervuarı ət yeyən heyvanlar - it və pişiklərdir. Yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüklərinə infeksiyalaşmış ağız suyunun düşməsi ilə baş verir. İnsandan bir qayda olaraq virus ötürülmür. Virus inkubasiya dövrünün sonuncu 7-10-cu günündən başlayaraq, bütün xəstəlik dövrü ifraz olunur.

İnsan bir çox yırtıcı heyvanlardan fərqli olaraq, virusa daha həssasdır. Xəstəliyə yoluxma hallarına ən çox kənd əhalisi arasında və xüsusən də uşaqlarda, mövsumi olaraq yaz-payız aylarında çox rast gəlinir.

Quduzluğun yeni forması da var. Bu forma klassik fomadan seçilir. Əsas fərqi isə odur ki, əgər klassik formada vaksinlə müalicəsi mümkündürsə, yeni formasında bu, mümkünsüzdür. Heyf ki, biz, Lui Paster kimi yeni foma quduzluğa qarşı vaksin hazırlaya bilmirik.

Yeni forma quduzluğun xarakteristikası nədir? Bu sual oxucunu daha çox maraqlanıdrıdığı üçün, ətraflı cavab verməyə çalışacağam.

Əgər klassik formada xəbərdarlıq, oyanma və iflic dövrünə bölünürsə, müasir forması xəbərdarlıq və iflic dövrünə bölünür. Burada gördüyünüz kimi, müasir formada oyanma dövrü keçmir. Quduzluğun diaqnostikasında anamnez mühüm rol oynayır (quduzlu heyvanla kontakt, dişlənilmə halı). Müasir quduzluğun diaqnostikasını isə anamnez deyil, parazit ifadələrlə müəyyən etmək olur.

Müasir formanın tarixçəsi 30 il əvvələ gedib çıxır. Xəbərdarlıq dövrü “oturmayan ermənidir” ifadəsi ilə baş qaldırıb. Hazırda bu ifadə daha da irəliləyərək, “mitinqə gəlməyən peysərdir”, “mitinqə gələnlər qeyrətli, şərəfli və namuslulardır, gəlməyənlər isə bildiz də, nə demək istədiyimi” şəklini alıb. Yaxud, 1988-ci ilin isterikasından çıxa bilməyən quduzluq xəstəliyi daşıyıcıları “Erməni Bakıya gəlir, siz mitinqə gəlmirsiniz” kimi parazit ifadələrdən istifadə edirlər.

Əfsuslar olsun ki, bu müasir formada quduzluq xəstəliyin müalicəsi yoxdur. Klassik formada quduzlugun profilaktikası infeksiya mənbəyi ilə mübarizədən və insanın xəstəliyinin qarşısını almaqdan ibarətdir. Heyvanlar arasında quduzluğun ləğv edilməsi daha radikal tədbir sayılır. Bu məqsədlə sanitariya-baytarlıq tədbirlər kompleksi itlərin saxlanılma rejiminin gözlənilməsi, şübhəli küçə it və pişiklərinin məhv edilməsi, ev və xidməti itlərin profilaktik vaksinasiyadan keçirilməsi, heyvanlarda quduzluğun vaxtında laboratoriya diaqnostikasının qoyulması və sanitariya-baytarlıq təbliğatının aparılmasından ibarətdir.

İnsanlarda quduzluğun qarşısı antirabik vaksinlərin köməyi ilə alınır. Quduz olan və ya şübhəli heyvan dişlədikdə virusun infeksiyalaşdırıcı dozasını azaltmaq məqsədilə əvvəlcə yara işlənilməlidir (dişlənən yerin sabunlu su ilə yuyulması və dezinfeksiyaedici məhlullarla təmizlənməsi). Bu, inkubasiya dövrünü uzatmağa və vaksinasiyanın müvəffəqiyyətini artırmağa səbəb olur.

Yaranın çərtilməsi və ya ona tikiş qoyulması məsləhət görülmür. Çünki bu, əlavə olaraq sinir zədələnmələrinə və inkubasiya dövrünün qısalmasına səbəb ola bilər. Görünən odur ki, müasir quduzluqda yaranı çərtiblər və yaxud ona tikiş vurublar. Bu səbədəndir ki, müasir quduzluq müalicə olunmur.

Müasir quduzluğu səciyyələndirən əsas cəhət ondan ibarətdir ki, qudurmuş tərəfindən dişlənən quduranın qulu olur. Sosial şəbəkələrdə dişlənən dişləyənin fotosunu özünün profil şəkli edir. Bu isə müalicəni daha da çətinləşdirir.

P.S. Çəmənzəminli müasir quduzluq xəstələri üçün deyərdi ki, paxıllıqdan qudurmuş itə dönüb, yan-yörəni dalayırsan.

Teqlər: #Mitinq   #Milli-Şura