TANAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb

TANAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb
  24 Sentyabr 2017    Oxunub:1808
Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisinə başlanılıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, TANAP-ın Dardanel boğazından keçəcək 36 düymlük 19 kilometr uzunluğundakı dəniz hissəsinin tikintisinə start verilib. Boruları dənizin dibinə endirmək üçün xüsusi təchiz olunmuş gəmi artıq işlərə başlayıb.

TANAP-ın baş direktoru Saltuk Düzyol demişdi ki, avqustun əvvəlinə qoşa boru kəmərinin tikintisi layihə üzrə qrafikə uyğun davam edir. Asiya və Avropa qitələrində sahilboyu yerləşən tikinti meydançalarının və ofislərin inşası artıq başa çatıb. Həmçinin quruda boru kəməri üzrə marşrut xətti müəyyən olunub. Bundan başqa, Asiya və Avropa qitələrində sahilboyu xəndəklər qazılıb, dənizin 8-25 metr dərinliyində kanalın qazılması artıq yekunlaşıb.

Xatırladaq ki, TANAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir. TANAP üzrə avqustun əvvəlinə Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 1364 kilometr, Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün isə 440 uzunluğunda xəndək qazılıb. TANAP-ın tikintisi çərçivəsində ümumilikdə 1804 kilometr uzunluğunda xəndək qazılıb. Faza-0 üzrə 1346 kilometr, Faza-1 çərçivəsində isə 347 boru marşrut xətti boyunca düzülüb. Bundan başqa, Faza-0 çərçivəsində 1342 kilometr, Faza-1 üzrə isə 283 uzunluğunda borunun qaynağı tamamlanıb. Ümumilikdə TANAP-ın əsas xətti üzrə 1694 kilometr boru marşrut boyunca düzülüb, 1626 kilometr boru qaynaqlanıb.

TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. Faza-1 üzrə nəzərdə tutulan işlərin isə 59,6 faizi tamamlanıb. Ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub.

Kəmərin tikintisində hazırda 9 min 500-dən çox işçi sahələrdə çalışır. Əlavə işlər və podratçılar da daxil olmaqla boru kəmərinin inşasına 10 min 357 nəfər cəlb olunub. TANAP-ın quru hissəsinin inşası çərçivəsində 4 ölçmə və 3 kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 19 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihənin ümumi dəyərinin isə 9,2 milyard dollar olacağı hesablanır. Layihənin ümumi büdcəsi üzrə indiyədək 3,2 milyard dollara qənaət edilib.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.


Teqlər: TANAP  





Xəbər lenti