Ömrünün 30 ilini yerin altında keçirən azərbaycanlı - FOTOLAR+VİDEO

Ömrünün 30 ilini yerin altında keçirən azərbaycanlı - FOTOLAR+VİDEO
  16 Oktyabr 2017    Oxunub:16364
Hümmət Məmmədov 30 il metroda işləyib. O, gənc yaşlarında yeraltı dünyaya maraq göstərib, zəhməti ilə böyük uğurlara imza atıb.

Veteran inşaatçı Şəkinin Çayqaraqoyunlu kəndindəndir. O, Bakıya gələndə 20 yaşı var idi. İki uşaq atası kimi üzərində böyük məsuliyyət daşıyırdı.


Hazırda 90 yaşı haqlayan Hümmət dayı haradan bilərdi ki, taleyi də metro xətləri ilə bağlı olacaq. Metro tikintisi ilə bağlı ən kiçik təsəvvürü belə olmayan 20 yaşlı gənc tunel qazmaçıları hazırlayan 11 nömrəli fabrik-zavod məktəbinə göndərilib. Oranı bitirən kimi “İçərişəhər” stansiyasına yaxın ərazidə yerləşən şaxtanın qazıntısında iştirak edib. Hümmət dayının bəxti onda gətirmişdi ki, V.Muromski kimi peşəkarla çalışırdı. Peşəsinə həddən ziyadə bağlı olan Muromski 20 yaşlı Hümməti böyük həvəslə öyrədirdi. İşdə ən kiçik bilgiləri belə ondan əsirgəmirdi.

Yeraltı dünyanın çətinliyi, əziyyətləri onu qorxutmurdu. Əksinə, daha da möhkəmlənir, qoluna güc gəlirdi. Nə xəstəlikdən, nə də qazıntı zamanı yaşanacaq təhlükədən çəkinirdi. Hər gün qazmaçılığın bir sirrini öyrənməyə çalışırdı.



Hümmət dayı müəyyən müdətdən sonra “Xətai” stansiyasına doğru tunelin qazıntısında iştirak edib. O, həmin günləri anarkən göz yaşlarını saxlaya bilmir. Bu stansiyanın “Xətai” deyil, xəta stansiyası olduğunu deyir.

Hömsöhbətimiz bildirir ki, yayın cırhacırında yerin üstündə 40 dərəcə isti olanda, onlar yerin altında 10 dərəcə şaxtada işləməli olublar.Çünki stansiyanın maili gedişinin tikintisi zamanı sulu torpaq qatı qazma divarını dağıtmışdı və təbii fəlakət baş verə bilərdi. Bunun qarşısını isə yalnız dondurmaq yolu ilə almaq mümkün olardı.

Təbii ki, şaxta, su qatı sonradan onun səhhətinə də təsir göstərib. O, vaxtdan Hümmət dayının ayaqlarında ağrılar başlayıb. İşə olan sevgisi onu bu yoldan döndərə bilməyib. O, səhhətində problemlər olsa da, işçilərinə “siz çəkilin qırağa, çətin işləri mən edəcəyəm. Birdən sizə bir şey olar, arvadınız ömrümün axırına kimi mənə qarğış tökər” – deyirmiş.



Müsahibimiz fəaliyyəti dövründə böyük uğurlara imza atıb. 1952-ci ildə briqadir təyin olub. Onun briqadası 1957-ci ildə planı iki dəfədən çox yerinə yetirib, dəfələrlə mükafatlandırılıb. Buna görə Hümmət dayının dəstəsi "kommunist əməyi briqadası" adlandırılıb. Ümumilikdə isə, hamı onu “metronun ürəyi ” adlandırırdı.



“Bu baba elə belə baba deyil. Mən haralarda olmuşam, bir bilsəniz. Mənim Briqadam “28 May” stansiyasından “Xətai” stansiyasına doğru tunelin qazılmasında, bu stansiyanın dönmə kamerasının tikintisində, Vağzal meydanı ilə Respublika stadionunu və indiki “Sahil” bağını birləşdirən, “Nərimanov” stansiyasından depoya uzanan tunellərin tikintisində iştirak edib. Lenin ordeni ilə təltif edilmişik. “Oraq və çəkic”» qızıl medalı təqdim edilməklə metro inşaatçıları arasında ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adını almışam. Prezident təqaüdçüsüyəm. Bütün bunları halal zəhmətimlə qazanmışam”.



Hümmət dayının nəvəsi Natiq deyir ki, babası ilə təkcə peşəkar metro işçisi olmasına görə deyil, həm də Qarabağ müharibəsi zamanı göstərdiyi qətiyyətə görə fəxr edir.



“Babam dedi ki, müharibəyə mütləq getməlisən. İki nəvəmdən biri mütləq müharibədə iştirak etməlidir. Lazım olsa, özüm də gedərəm. Onda 63 yaşı var idi. Öz əli ilə məni müharibəyə, döyüşə yolladı”.

90 yaşlı Hümmət dayının qızı Almaz xanım dövlət qurumlarına müraciət edərək atasına heç olmasa birotaqlı ev verilməsini xahiş edib.





















Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti