“Bəxt üzüyü”nün Sarası: “İstəməzdim Zaur Təhminə ilə evlənsin” – MÜSAHİBƏ (VİDEO)

“Bəxt üzüyü”nün Sarası: “İstəməzdim Zaur Təhminə ilə evlənsin” – MÜSAHİBƏ (VİDEO)
  23 Oktyabr 2017    Oxunub:21177
“Tələbələrimin arasında məni sevənlər də var, zəhləsi gedənlər də...”

Müsahibimiz əməkdar artist Gülşad Baxşıyevadır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru olan aktrisa bir-birindən fərqli rollarda çıxış edib.
O, S. Rəhman adına Şəki Dövlət Dram Teatrınının qurucularından biridir. Aktrisa bu teatrda çalışdığı müddətdə 28 rol ifa edib. Gülşad xanım tamaşaçıların yaddaşında daha çox "Bəxt üzüyü" filmindəki Sara obrazı ilə qalıb.

Rejissor Hüseynağa Atakişiyevlə evli olub. İki oğul övladı var.



-Gülşad xanım, hazırda ancaq pedaqoq kimi fəaliyyət göstərirsiniz. Eşitdiyimə görə, tələbələriniz sizdən çox çəkinirlər.

-Mənim bir məqsədim var, bu da öyrətməkdir. İstər kino, istərsə də teatr sahəsində çalışanda, mənim dediklərim tələbələrə lazım olur. İllər keçir, bir də görürsən hansısa tələbə gəlib deyir ki, mən filan işdə işləyirəm, dərsdə dediklərinizi xahiş edirəm bir də deyin. Mən ona yenidən heç nə demirəm. Deməli, o, dərsdə mənə qulaq asmayıb.

Tələbə pedaqoq münasibətinə gəlincə, bizdə münasibət digər universitetlərdən fərqli olmalıdır. Hətta valideynin demədiyi şeyi tələbəyə deyirəm. Bəlkə də valideyn yüz dəfə deyib, amma o, eşitməyib, pedaqoq deyəndə isə eşidir.

Tələbələrim arasında məni sevənlər də var, zəhləsi gedənlər də. Məni yaxından tanıyanda özlərinə bir ana kimi qəbul edirlər, tanımayanların isə zəhlələri gedir.



-Siz danışdıqca məndə belə bir təəssürat yaranır ki, Gülşad xanımda iki cizgi və ya iki obraz var: sərt və həssas qadın

- Bəli. Məndə orta mövqe yoxdur, nə etdimsə bunu tapa bilmədim. Tapılan isə “ağ” və “qara” oldu.

-Bu cizgilər sizə kimdən keçib. Atanızdan, yoxsa ananızdan?

-Məndə anama oxşar heç nə yoxdur. Atamdan hansısa cizgilər var. Hərdən araşdırmalar aparanda görürəm ki, ana tərəfin şəcərəsində mənim xasiyyətdə yetərincə insan var. Onlar tanınmış və hörmətli insanlardır. Onlarda da orta mövqe yoxdur. Mənim kimi sözü üzə deyən adamlardılar. Ümumiyyətlə, mən özünü çox qınayan və özümlə hesabat aparan adamam.

-Hesabatın nəticəsi necə olur?

-Əvəllər bunu dərk etmirdim, ancaq indi anlayıram ki, məndə “nələrsə” alınmayıb, “nəsə” olmayıbsa, dediyimiz o ortanı tapa bilməməyimin nəticəsi ola bilər. Öz-özümə deyirəm ki, bəlkə orta məxrəcə gələsən. Ancaq sonuca baxıb görürəm ki, elə bil bu məndən asılı olan bir şey deyil. Alınmır.

-Həmişə deyirlər ki, ən bərk sümüyün içində belə yumşaq ilik olur. Bu baxımdan məncə, ən sərt xarakterin də yumşaq tərəfi var. Sizin yumşaqlığınız nə zaman üzə çıxır, hansı insanlara qarşı mülayim olursunuz?

- Bu yaxınlarda şeir müsabiqələrindən birində münsiflər heyətinin üzvü idi. Yanımda oturan hörmətli Qulu müəllim dedi ki, Gülşad xanım, sizi qorxulu müəllimə kimi təqdim edirlər. Dedim, mən nəyə görə qorxuluyam, sadəcə iş tələb edirəm. Tələbəni məcbur edirəm ki, üzərində işləsin. Ona görə qorxuluyam. Ancaq bu qorxunun, bərkin içində yumşaq bir ilik var. Çox həssas adamam.



-Hansı məqamda həssaslığınız üzə çıxır?

-Tutaq ki, birinin həyatında pis hadisə olub, halı xarabdır. Baxıb, keçə bilmirəm. Mütləq gəlib yardım əlimi uzadacağam, müdaxilə edəcəyəm. Kiməsə 5 dəfə pul lazımdırsa, o dəqiqə çıxarıb verərəm. Qoy ona yaxşı olsun, çətin məqamdır. Təəssüf, kimə yaxşılıq əlimi uzatmışamsa, o insanların hamısı mənə qarşı çıxıblar. Elə bil, mənə yaxşılıq düşmür.

-Heç peşman olursunuzmu?

-Hardasa hə. Amma görürəm ki, peşmanlıq hissi məni öldürə bilər, deyirəm : “Gülşad, sən yaxşılığı dəryaya atdın, balıq bilməsə də, xalıq bilər ”.

- Qəlbən həssas insan olduğunuzu dediniz. Payız sizi bir az da kövrəkləşdirmir ki? Ümumiyyətlə, hansı fəsil ruhunuza uyğun gəlir?

-Bir filmdə deyirlər ki, pis fəsil yoxdur. Amma payız və yaz fəsillərini çox sevirəm. Çətinliklər olmasa, qışı da sevirəm. Özüm də qış ayında doğulmuşam.

Saatlarla dayanıb lopa- lopa qarın düşməsinə baxa bilərəm. Qarın hərəsi bir naxışla, cürbəcür formada olur. Rəssam sanki göydən göndərir ki, bu, mənim naxışımdır.

-Hansı obrazlarda özünüzdən, həyatınızdan və ya xarakterinizdən bir parçanı oynamısınız?

-Aktyor rolu özününküləşdirə bilməz. Əksinə, o dəyişib rola uyğunlaşmalıdır. Əgər rola uyğunlaşmasa bütün obrazlarında o adamı görəcəyik. Bu dəqiqə türkiyəli aktyor Halit Erginç içəri girsə, mən nə edəcəyimi bilmərəm. Onun oyun tərzi, dəyişmə kefiyyətlərini çox sevirəm. Bizdə də elə aktyorlar var.

-Məsələn, hansı aktyorlarımızın adını çəkə bilərsiniz?

-Məsələn, Coşqun İsgəndərov və Rafael Dadaşov. Çoxu onları qadın obrazları canlandırdıqlarına görə tənqid edir. Məni onların qadın rolları oynamağı deyil, rola görə necə dəyişmələri maraqlandırır. Bir anın içində nəşəxor obrazını bəyin bibisi obrazı ilə əvəz edirlər.Hətta gözlərinin quruluşu belə dəyişir. Rola uyğunlaşmaq budur.

Bu yaxınlarda Almaz tamaşasına baxdım. Orada Nurəddin Mehdixanlının danışığı , xarakteri, görkəmi tamam dəyişmişdi.



-Həmin tamaşda bir neçə günə qədər aktyor Ayşad Məmmədov da rol alırdı. İndi teatrdan uzaqlaşıb. Onunla yenidən “Bəxt üzüyü” filminə çəkilsəydiniz, bu dəfə cəmiyyətimizə hansı mesaji verərdiniz?

-Deyə bilmərəm. Beynimdə Ayşadla hansısa bir rol oynamağım barədə fikirlər yoxdur. Mərhum aktyor Muxtar İbadovla sağlığında oynamaq istərdim, Məmməd Səfa ilə hansısa bir rolda çəkilə bilərəm.

-Çoxlu sayda obrazlar yaratmısınız. Ancaq onların arasında “Ana” obrazı xüsusi ilə seçilir.

- “Ana” obrazları daha çox televiziya və bədii filmlərdə olub. Şəki teatrında elə rollar oynamışam ki, bəlkə də bu dəqiqə özünə güvənən aktrisanın yaradıclıq siyahısında bunlar yoxdur.

Həmin tamaşaların bir qismi ilə 1984-cü ildə Moskvaya getmişdik. Qastroldan sonra Rusiyanın dövlət nümayəndəsi Şvitkoy bizim teatr haqqında böyük məruzə etdi və belə bir cümlə işlətdi:
“Dostlar, sizin parlaq aktrisanız var. Bu, Şəki teatrının heyranedici ulduzu …”.

Nə qədər çalışsa da, adımı oxuya bilmədi. Buna görə də rollarımın adını çəkdi: “Bu, Zenokratadır, bu, Predslavadır”.

-“Təhminə və Zaur” televiziya filmində Zivər obrazını yaratmısınız. Maraqlıdır, Zaura həyatda Təhminə ilə evlənməyə icazə verərdinizmi?

-Yox verməzdim. İstəməzdim Zaur Təhminə ilə evlənsin.



-Niyə ?

-İcazə verməzdim. Ana kimi sözümü deyərdim. Evlənərdisə, özü bilərdi.

-Siz, həmçinin “Cinayət və cəza”da Katerina İvanovnanı oynamısınız. Cinayət törədənləri necə “cəzalandırırsınız”?

-Əvəllər mənim xəyallarımda cəzaların növləri olurdu. İndi onları Allahın ümidinə buraxıram.

-Görünür, sizin ürəyinizin qapısını açmaq o qədər də asan məsələ deyil. Çox çəpərlər, sərhədlər var.

-Yox çəpər, sərhəd yoxdur. Qapı hamıya bağlı deyil. Gülşad da yetərincə müşahidə qabliyyətinə malikdir. Hissiyatım var. Mənim biotoplarım bəzən hansısa insanı qəbul etmir. Bəzən də edir. Əslinə qalanda gərək heç kəsi yaxına buraxmayasan. İstədiklərini alıb, sonra fikirləşirlər ki, bunu ağrıtmaq üçün daha nə edək?!

- Rejissorların sizdə görmədiyi tərəf qalıbmı?

-Çox qalıb. Yalnız mübariz, dəynətli ana rollarını oynamışam. Azərbaycanda hələ də qadının üzərində qurulmuş bir film çəkilməyib.

-Necə bir qadın obrazını canlandırmaq istəyərdiniz?

-“Mamaşa Kuraj və onun uşaqları” əsərindəki qadını canlandırmaq istərdim. Övladlarını həyatın hər zərbəsindən qoruyan ana obrazı…

-Məsələ yenə gəlib “Ana” obrazına çıxdı . Bəs qadın? Axı ana ilk növbədə qadındır.

-Kişi rolu oynayım?(gülür) Yaxşı “Ana” olmasın, qadın obrazı olsun. Amma çılğın, xarakterik bir obraz. Sakit, məsum rol istəmirəm.



-Demək, xarakterik obrazı canlandırmağı arzulayırsınız. Bəs sizin xarakterinizdə bu illər ərzində hansı dəyişikliklər baş verib?

-Çox şey olduğu kimi qalıb. Kiçik dəyişikliklər olub. Bəzi məqamlarda çılğın olmuşamsa, özümü saxlaya bilməmişəmsə, indi bir az redaktələr edirəm. Əvəllər istəyirdim ki ,hamı məni istəsin, iç dünyamı görsün. Bunu əldə etməkdən ötrü hər yerdə özümü təsdiq etmək istəyirdim. İndi bu istək yoxdur.

-Gəlin, o zaman çılğın olduğunuz, Şəki teatrında çılışdığınız o vaxtlara qayıdaq. Orada aura, mənzərə necə idi?

-Təsəvvür edin, səhnədə heç nə yox idi. Bizi ora bağlayan yalnız sevgi idi. Yadıma xatirələr düşdü... Oğlanlar 80, qızlar isə 82 manat maaş alırdı. Maaşa bir həftə qalmışdı. Hamı danışırdı ki, nə yeyəcəyik, necə edəcəyik? Kimdən borc alaq? Yekə bir qazan, ət ,kələm, yağ alıb, yataqxananın mətbəxində borş hazırladım. Sonra da dəhlizə çıxıb qazanın qapağını kəfkirə vurub “kim acdır gəlib yesin” dedim. Biri banka, biri nimçə gətirdi. .. Maaş gələndən sonra isə onlara qablar aldım.

O illərin hamısı xatirədir. Fikirləşirdik ki, biz burada necə oyanacağıq. Kulis yox, , hər yer zibilin içində idi. Ancaq zamanla hər şeyi zəhmətimizlə yoluna qoyduq.

İndi təəssüf ki, o ab-hava yoxdur. Hamımız cavan idik. Dünyada bütün inqilabları cavanlar edir. Biz də inqilab edib, teatr yaratdıq.



Təssəvvür edin, hamiləyəm, uşağın doğulmağına təxminən 15 gün qalıb. Səhnədə “Kleya”nı oynayıram. Cahangiz Novruzov da tərəf müqabilimdir. Səhnədə “Ksanf mən bir də bu evə qayıtmayacağam” deyib dəzgahın üzərində üzü yuxarı qaçmalıyam. Ancaq qaça bilirəm, hamiləyəm axı. O, isə “Kleya mən sənsiz yaşaya bilmərəm” deyəndən sonra arxamca gəlməlidir. Deməli, mən nitqimi bitirdikdən sonra üzü yuxarı çıxmağa çalışıram. Cahangir isə elə qaçırdı ki, dəzgah tərpənirdi. Mən də turbadan tutub dayanmışam. Dəzgah yellənir, o, gəlib mənə çatır. Yavaşca Cahangirə acıqlandım ki, “axmaq, yavaş qaç da. Axı yıxıla bilərəm. Gör, sənə neynləyəcəm”. Cahangir də məni arxadan qucaqlayıb, əlini qarnımın üstünə qoyub dedi “qorxma Gülşad, uşaq doğulsa, onu özüm tutacam”. (gülür)Təbii ki, bunları pıçıltı ilə deyirdik. Həmin gün yadıma düşəndə xeyli gülürəm.



Yaxşı xatirələr də var, pislər də. Pisləri yada salmıram. Bunu oğlumdan öyrənmişəm. Bir dəfə evdə televizorun qarşısında oturub keçmişi, pis şeyləri xatırlayıb ağlayırdım. Oğlum dedi niyə ağlayırsan? Dedim, pis xatirələr gözümün qabağına gəlib. Dedi, pisi niyə fikirləşirsən, yaxşını fikirləş. 14 yaşında uşağın sözü mənə elə təsir etdi ki, pisləri bir kənara qoydum. Pis günləri fikirləşdikcə quyunun dibinə gedirəm. “Nəyə görə” sualları məni yeyir.

-Həyat yoldaşınızla bağlı xatirələrinizdə yazmışdınız ki, onunla yollarınız ayrılandan sonra uzun müddət niyələrə cavab axtarmısnız. Tapdınız?

-Bəli, tapdım. Sonucda dedim: "tapdım, həyat" Bax, həyat belədir...

Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Gülşad-Baxşıyeva   Aktrisa  





Xəbər lenti