“Azərbaycanda korrupsiyaya qarşı möhkəm siyasi iradə var” - Kamran Əliyev (FOTOLAR+VİDEO)

“Azərbaycanda korrupsiyaya qarşı möhkəm siyasi iradə var” - Kamran Əliyev (FOTOLAR+VİDEO)
  25 Oktyabr 2017    Oxunub:10071
Bakıda Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü ilə bu qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda 8-ci görüşü işə başlayıb.
AzVision.az-ın məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən tədbirə Şərqi Avropa və Mərkəzi Asiya regionundakı 20-dən artıq ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlarının rəhbər şəxsləri, bilavasitə korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibini həyata keçirən müstəntiq və prokurorlar, antikorrupsiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər, OECD-nin rəsmiləri, eləcə də ölkəmizin hüquq mühafizə orqanlarının nümayəndələri daxil olmaqla 70-dən artıq iştirakçı qatılıb.





Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm iradə var:

"Azərbaycan bu sahədə dünyada mövcud olan bütün konvensiyalara qoşulmuş və hətta konvensiyaların bütün müddəalarını qanunvericilikdə implementasiya edib. Bu gün Azərbaycanda müasir standartlara cavab verən səmərəli antikorrupsiya qanunvericiliyi mövcuddur. Həmçinin biz bu sahədə fəaliyyət göstərən bütün beynəlxalq qurumlarla əməkdaşlıq edirik.



Ölkəmizlə OECD-nin Antikorrupsiya Şəbəkəsi arasında qarşılıqlı əlaqələrə toxunan Kamran Əliyev Azərbaycan Respublikasının Şəbəkə ilə 2003-cü ildən İstanbul Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq etdiyini, indiyədək respublikamızın üç monitorinq mərhələsini uğurla tamamladığını, IV monitorinq raunduna keçən ilk ölkələrdən biri olduğunu vurğulayıb. Baş prokurorun müavini cari ilin sentyabrında Parisdə keçirilən görüşlər zamanı IV monitorinq raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı inkişaf hesabatının uğurla qəbul edildiyini xatırladıb, baş idarənin əməkdaşlarının ekspert qismində İstanbul Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində bir neçə ölkənin monitorinq prosesinə cəlb edilmələrinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıb.



Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov isə çıxışında ölkədəki korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən danışıb. Tədbir çıxışlarla davam edir.

Oktyabrın 27-dək davam edəcək görüşdə ekspertlər tərəfindən təqdimatların keçirilməsi, korrupsiya ilə mübarizənin müxtəlif aspektlərinə dair aparılmış tədqiqatların, təcrübədə qarşıya çıxan problemlərin və onların həlli yollarının, habelə baş idarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələlərinə dair bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Eləcə də tədbir iştirakçılarının korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayan və bu sahədə səmərəli mexanizmlərin nümunəvi modeli kimi çıxış edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanışlığı da planlaşdırılır.







Elvin Abdulqədirov
Foto^ Elvin Abdulla

AzVision.az


Teqlər: Korrupsiya   Kamran-Əliyev  





Xəbər lenti