“Xutor” da “Sovetski” kimi tarixə qovuşacaq - FOTOLAR+VİDEO

“Xutor” da “Sovetski” kimi tarixə qovuşacaq - FOTOLAR+VİDEO
  27 Oktyabr 2017    Oxunub:42375
Paytaxtda istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam etdirilir. Pirallahı və Xəzər rayonları istisna olmaqla, Bakının bütün rayon icra hakimiyyətlərinə söküntü ilə səlahiyyət verilib.
Baş nazirin müavini Abid Şəriov bildirib ki, pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb. Belə binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb. Qeyd olunub ki, layihənin növbəti mərhələsi “Xutor”da başlayacaq.

Məsələ ilə bağlı yaxın vaxtlarda tarixə qovuşacaq “Xutor” adlanan əraziyə baş çəkərək mövcud vəziyyətlə maraqlandıq.



Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, illərdir şəraitsizlikdən əziyyət çəkən insanlar evlərinin söküləcəyi günü həsrətlə gözləyirlər.



Xutor sakini Şəfiqə İsgəndərova artıq 60 ildir ki, burada yaşayır. Deyir ki, burada evlər bir-birinə bitişik olduğundan daim qorxu, narahatlıq içində yaşayırlar.

“Burada yanğın olsa, bütün evlər yanacq. Evlərimiz o qədər iç-içə, sıxdır ki, FHN-nin işçiləri də bizi qurtara bilməz. Üstəlik, evlərimizi yağış başmasın deyə qapılarımızın önünə daşdan bənd düzəltmişik. Yanğın söndürən maşınlar buradan keçə bilməz. Əlimiz ürəyimizdə qalıb ki, kimsənin evi yanmasın. 60 ildir burada yaşayıram. Hər il eşidirəm ki, evlərimiz söküləcək. O günü həsrətlə gözləyirəm. Təsəvvür edin, bir həyətdə 6 ailə yaşayır. Bu da 24 nəfər deməkdir. Belə sıxlıqda yaşamaq olmur, can dərdi nəfəs alıb-veririk”.



“Xutor”un digər sakini Ağaxanım Abbasova isə deyib ki, onlar ən böyük problemi qış aylarında yaşayırlar.

“Qar, yağış yağdısa buralardan keçmək olmur. Evlərimizi su basır. “Sovetski”nin əhalisi kimi biz də köçüb, normal həyat yaşamaq istəyirik”.



“Xutor” sakinlərinin sözlərinə görə, bir neçə il öncə rəsmi qurumların nümayəndələri söküntü ilə bağlı əraziyə baş çəksə də, sonradan bir xəbər çıxmayıb.

“Gəlib evimizi ölçdülər. Dedilər ki, evlərinz söküləcək. Ordan sonra bir xəbər olmad. Maraqlıdır ki, evlərimiz nə vaxt sökəcəklər, nə qədər kompensasiya veriləcək. Bilmirik ki, şəraitsiz evlərimizi təmir edək, yoxsa köçəcəyimiz günü gözləyək. Həsrətlə həmin günü gəlişini gözləyirik. Eybi yoxdur, biz o günləri görməsək də olar. Heç olmasa nəvələrimiz, övladlarımız normal mənzillərdə yaşasınlar”.































Şahanə Rəhimli
Foto:Elvin Abdulla
Video:Əhməd Xəlilov



Teqlər: Xutor  





Xəbər lenti