Azərbaycanda hər il 100 min nəfərdən 300-ü insult keçirir - (VİDEO)

Azərbaycanda hər il 100 min nəfərdən 300-ü insult keçirir - (VİDEO)
  30 Oktyabr 2017    Oxunub:6867
Səhiyyə Nazirliyinin statistikasına əsasən, il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insultla xəstələnmə qeydə alınır.

AzVision.az xəbər verir ki, bunu Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib.
O, qeyd edib ki, bunların 30 faizi ilk ay ərzində dünyasını dəyişir, 30 faiz əlil olur, digər şəxslərin isə yardıma ehtiyacı olur.



"Qalan xəstələr əmək fəaliyyətini bərpa edə bilir. Ötən illə müqayisədə insultla xəstələnmə göstəricisində artım var. Çünki ürək əməliyyatları edən insanlar arasında insulta rast gəlinmə faizi çox olur. Eyni zamanda, əhali yaşlaşdıqca, insanların ömrü uzandıqca, insult riski çoxalır. Proqnozlara görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azalacaq. Amma eyni zamanda, əhalinin yaşlanması ilə bu risk 11 faiz artacaq".

R.Əliyev bildirib ki, insultla xəstələnmə, əlillik və ölümün baş verməsinə səbəb olan xəstəliklər arasında dünyada 3-cü yerdədir: "İnkişaf etməkdə olan ölkələrə nisbətən, inkişaf etmiş ölkələrdə insulta daha çox rast gəlinir. Bunun səbəbi inkişaf etmiş ölkələrdə xəstəliyin qarşısının tez alınmasıdır. Bu il insultla bağlı Xəstəliklər üzrə Beynəlxalq Təsnifata dəyişiklik edilib. Qan dövranı sistemi xəstəlikləri qrupuna daxil olan insult 2018-ci ildən sinir sistemi xəstəlikləri qrupuna daxil olacaq. Bu, insulta olan diqqəti artıracaq və bu sahədə profilaktik tədbirlərin gücləndirilməsinə səbəb olacaq".

O, qeyd edib ki, müxtəlif yaş qruplarında insultun risk faktorları müxtəlifdir: "Cavanlarda insultun risk faktorlarına anadangəlmə ürək qüsurları, bədxassəli, irsi arterial hipertensiya, təzyiqin cavan yaşda yüksək olması, qan xəstəlikləri, narkotiklərdən istifadə aiddir. Yaşlılarda isə şəkərli diabet, arterial hipertensiya və s. insulta səbəb olur. Gənclər arasında insultla xəstələnmə göstəricisi aşağıdır".

Müsahibin sözlərinə görə, Rusiyada aparılan sorğuya əsasən, gənclər arasında insultla xəstələnmə göstəricisi hər 100 min nəfər arasında 30 nəfər təşkil edir: "İnsult daha çox kişilər arasında rast gəlinir. Qadınlarda rast gəlinən insultun isə özünəməxsus xüsusiyyətləri var. Hamiləlik, abort, zahılıq dövrü, kontraseptivlərdən, narkotiklərdən istifadə, zərərli vərdişlər, o cümlədən siqaretdən istifadə qadınlarda insult riskini artırır. İnsult keçirən qadın və kişilərdən hansının daha çox yaşaya biləcəyi onların risk amillərinin çox, yaxud az olmasından asılıdır. Kişilərdə risk amillərinin çox olması, zərərli vərdişlər, gərgin iş insultdan sonra onların reabilitasiyasına təsir göstərir. Beyin infaktı keçirən xəstələrdə beyin qansızması, yəni insult olan xəstələrə nisbətən yaşama riski yüksəkdir. Amma beyin infaktı keçirən xəstə ilə müqayisədə qansızma keçirən və qansızmadan sonra sağ qalan xəstədə əlillik az olur".

Aytən Zəhra
AzVision.az


Teqlər: İnsult   Xəstəlik  





Xəbər lenti