Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi - VİDEO (YENİLƏNİB)

  30 Oktyabr 2017    Oxunub : 12370
Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi - VİDEO (YENİLƏNİB)

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

AzVision.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Prezident İlham Əliyev açılış mərasimində çıxış etdi. Sonra Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov çıxış etdilər.

Türkiyənin Baş naziri Binəli Yıldırımın təbrik məktubu oxundu. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı videoçarx nümayiş olundu. Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar. Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı.

Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürdülər və birgə foto çəkdirdilər.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər.



AzVision.az

Teqlər: Bakı-Tbilisi-Qars