“Azərbaycanı yüz faiz yox, min faiz dəstəkləyirik” – İndoneziya səfiri (MÜSAHİBƏ+VİDEO)

  17 Noyabr 2017    Oxunub : 15214
“Azərbaycanı yüz faiz yox, min faiz dəstəkləyirik” – İndoneziya səfiri (MÜSAHİBƏ+VİDEO)

“Dolma, düşbərə və kababı xoşlayıram”

İndoneziya Respublikasının Azərbaycandakı səfiri Husnan Bey Fananienin AzVision.az-a müsahibəsini təqdim edirik:

-Cənab səfir, İndoneziya – Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz?

- 1990-cı ildən İndoneziya ilə Azərbaycan arasında əlaqələr qurulub. İndoneziya ölkənizin müstəqilliyini tanıyan ilk ölkələrdəndir. İndoneziya BMT-də daxil olmaqla bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir. Azərbaycan da bu baxımından daim İndoneziyanı dəstəkləyir. Əlaqələrimizin yüksək səviyyədə olmasını ölkələr arasında baş tutan dövlət rəsmilərinin səfərləri də göstərir.



- Azərbaycan son illər qeyri-neft sektoruna diqqət artırır. Bununla bağlı İndoneziya Azərbaycana nə təklif edə bilər?

- İndoneziya bir çox sahələrdə Azərbaycana sərmayə qoyuluşunu da təklif edir. İndoneziya Cənub-Şərqi Asiyanın ən böyük ölkəsidir, bu, öz növbəsində böyük bazar anlamına gəlir. İndoneziya Azərbaycan dövləti və iş adamları üçün böyük bazar ola bilər. İndoneziyanın ümumilikdə 275 milyon əhalisi var. Ölkəmizin daxil olduğu Cənub -Şərqi Asiya regionunun 112 ölkəsində 600 milyondan çox insan yaşayır və bu bazar Avropa bazarlarından qat-qat böyükdür. İndoneziya əhalinin sayına görə Avropa ölkələrinin ümumi sayıdan böyükdür. Ölkəmiz “G-20”yə daxildir və hazırda 16-cı pillədə qərarlaşıb. Azərbaycan bu bazardan istifadə edərək qeyr-neft və qeyri-qaz sektoruna töhfə verə bilər. Bundan əlavə, bu yaxınlarda Bakı – Tbilisi - Qars dəmiryolu istismara verildi. Bu, o anlama gəlir ki, Azərbaycanın digər ölkələrlə münasibətləri kifayət qədər güclü, əlaqələri genişdir. Yeni layihə Avropa və Asiya arasında da əlaqələrin yaranması və genişlənməsinə də öz töhfəsini verəcək.

- Cakarta – Bakı arasında birbaşa reysin açılmasına dair müzakirələr aparılırmı?

- İndoneziya və Azərbaycan arasında birbaşa reyslərin açılması böyük önəm kəsb edir. Bunun üçün biz il ərzində ölkələr arasında səyahət edən turistlərin sayının nə qədər olduğunu müəyyənləşdirməliyik. Səfir olaraq mən Cakarta - Bakı, Bakı - Cakarta birbaşa reysinin açılmasına çalışıram. Lakin hazırda paytaxtlarımız arasında birbaşa reyslərin həyata keçirilməsi effektiv olmaz.

- Buna səbəb nədir?

- Çünki İndoneziyalıların böyük əksəriyyəti Azərbaycan, azərbaycanlıların isə İndoneziya haqqında geniş məlumata malik deyillər. Buna görə də mənim hazırkı vəzifələrimdən biri ondan ibarətdir ki, Azərbaycan xalqına İndoneziya haqqında geniş məlumat təqdim edim, İndoneziyanı burada təşviq edim və onlara bildirim ki, İndoneziya onların qardaşıdır, qardaş bir ölkədir. Eyni zamanda mən İndoneziyada da Azərbaycanı təbliğ etməyə çalışıram, ölkələrimizin qardaş olduğunu daima vurğulayıram. Hər il 7 milyon indoneziyalı Səudiyyə Ərəbistanınına Ümrə ziyarətinə gedir. Ümrə ziyarətini bitirdikdən sonra onlar digər ölkələrə - Avropa, Rusiya, Türkiyə, Misirə və digər ərəb ölkələrinə səfər edirlər. Bəs nə üçün onlar Azərbaycana gəlmirlər? Həmin ziyarətçilərdən 500 -1000 min nəfəri Azərbaycana gəlsə, bu, böyük rəqəm edəcək. Turistlərin Azərbaycana cəlb olunması üçün İndoneziyada Azərbaycanın daha da geniş şəkildə təbliğ edilməsi önəmlidir. İndoneziya əhalisinin böyük əksəriyyəti müsəlmandır. İndoneziyada Azərbaycan haqqında çox az məlumatlıdırlar. Uşaq vaxtı anam mənə “Leyli-Məcnun” haqqında hekayə danışırdı. Bu əsər İndoneziyada hamı tərəfindən tanınır. Lakin mən yaxınlarda bu hekayənin məhz dahi Azərbaycan yazıçısı Nizami Gəncəviyə məxsus olduğunu öyrəndim.



Belə fikirlər var ki, İndoneziyaya İslam Azərbaycandan gəlib. Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycanın görkəmli nümayəndələrindən biri də Mövlanə İbrahim maliki olub. Bizim ölkəmizdə Mövlanə İbrahimi çox yaxşı tanıyırlar. İndoneziyalılar onun qafqazlı, Azərbaycan torpaqlarından olduğunu bilirlər. O, Səmərqənddə dini təhsil aldıqdan sonra İndoenziyaya gələrək burada İslam dinini yaymağa başlayıb. İndoneziyada onu Şeyx Mövlanə Malik İbrahim əs Səmərqəndi və yaxud da Sunam Qirsik deyə tanıyırlar. Onun gəlişi ilə İndoneziyada məhz 13-14-cü əsrlərdə İslam dini formalaşmağa başlayıb.

Azərbaycan tarixi baxımından çox əhəmiyyətli ölkədir. Azərbaycan Nuhun yurdudur. Xəzər Nuh daşqınlarının qalıqlarıdır. Eyni zamanda Azərbaycanın Sabir, Fələki, Bakuvi, Şirvani kimi görkəmli şəxsiyyətləri olub. Şirvanşahlar, osmanlılar və farslar da bir müddət bu bölgədə olublar. Bu baxımdan Azərbaycanın tarixi çox zəngindir. Əgər Azərbaycan təbliğatı lazımı səviyyədə, daha aktiv şəkildə aparılsaydı, İndoneziyadan gələn turistlərin sayı daha da artardı. Lakin şükürlər olsun ki, İndoneziyadan ölkənizə gələn turistlərin sayında müəyyən artım qeydə alınıb. Belə ki, əgər 2014-cü ildə 400 indoneziyalı Azərbaycana gəlmişdisə, 2016-2017-ci illərdə bu rəqəm təqribən 1600-ə çatmışdır. Bu baxımdan Cakarta və Bakı arasında birbaşa reylərin açılmasının böyük əhəmiyyəti var. Turistlərin sayının artması da buna dəstək olmalıdır.



- İndoneziyanın Qarabağla bağlı mövqeyi nədən ibarətdir?

- 1945-ci ildə İndoneziya Respublikası müstəqillik əldə etdikdən sonra onun Konstitusiyası qəbul olunub. Konstitusiyada xüsusi bir maddə var. Bu maddədə qeyd olunur ki, azadlıq hər bir xalqın haqqıdır. Bu bəndə əsasən deyə bilərəm ki, işğalçılıq bütün dünyada ləğv olunmalıdır, çünki bu ədalətlilik prinsipinə uyğun gəlmir. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə İndoneziya Azərbaycanı yüz faiz yox, min faiz dəstəkləyir. Bu, Azərbaycan xalqının haqqıdır və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir.

- Cənab səfir, Bakıya gələn zaman ilk təəssüratlarınız necə idi?
- Ölkənizə səfir təyin olunanda Azərbaycanın harada yerləşdiyi, ölkəniz haqda geniş məlumata malik deyildim. Bura gəldikdən sonra Azərbaycanın çox gözəl ölkə olduğunu, xalqının mehriban olduğunun şahidi oldum. Bəyləriniz çox yaraşıqlı, xanımlarınız olduqca gözəldir. Azərbaycan zəngin və qədim tarixə malikdir. Azərbaycanı çox sevirəm. İnanıram ki, Azərbaycan dünyanın ən önəmli ölkələrindən birinə çevriləcək. İndoneziya və Azərbaycan arasında sıx əlaqələr var və ümid edirəm ki, bu əlaqələr daha da güclənəcək. Azərbaycan Türkiyə arasında əlaqələr necə möhkəmdirsə, İndoneziya və Azərbaycan arasında da əlaqələrin belə yüksək səviyyədə olacağına ümid edirəm. Türkiyə - Azərbaycan dostluğuna dair belə bir şüar var: “Bir millət iki dövlət”, mən İndoneziya ilə birlikdə bu şüarın “üç millət – İndoneziya – Azərbaycan – Türkiyə, bir dövlət”-ə çevriləcəyinə ümid edirəm.



- Azərbaycanın milli musiqisi və mətbəxi xoşunuza gəlirmi?

- Azərbaycan musqisi çox romantikdir.Musiqiniz, həmçinin çox gur, həm də qüvvətli səslənir. Bu səbəbdən Azərbaycan musiqisini çox sevirəm. Azərbaycan himni həzin, eyni zamanda çox qüvvətli səslənir. Yaxın gələcəkdə Azərbaycan musiqi ilə İndoneziya musiqinin vəhdətini yaratmağa və onu ifa etməyə çalışıram. Azərbaycan mətbəxinin özünəməxsus dadı var. Türk mətbəxinə bənzəyir, amma türk mətbəxi deyil, ərəb mətbəxinə bənzəyir, lakin ərəb mətbəxi də deyil. Azərbaycanın yeməklərindən dolma, düşbərə, manqalsalatı, kababını bəyənirəm.

- Yaxın zamanlarda ölkələr arasında rəsmi səfərlər gözlənilirmi?

- Bu yaxınlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziyaya səfəri gözlənilir. Belə ki, cənab nazirin İndoneziyada Bali Demokratiya Forumunda iştirak edcəyi planlaşdırılır. Forum çərçivəsidə ikitərəfli əlaqələr də müzakirə olunacaq. Çox güman ki, Azərbaycan prezidenti İlham Əliyevin İndoneziyaya səfəri də müzakirə olunacaq. Ümid edirəm ki, Azərbaycan prezidentinin səfəri gələn ilin əvvəli, ya da ortalarında baş tutacaq.

Eldar Tanrıverdiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
Səsləndirdi: Oğuz Altay
AzVision.az

Teqlər: İndoneziya   Azərbaycan   Səfir